ABŞ avtoritarizmə doğru sürətlə addımlayır: Tramp-sistem qarşıdurması

Trampın addımları ancaq qıraqdan xaotik görsənə bilər, əslində isə elə deyil, onun strategiya və taktikası peşəkarcasına hazırlanmış plandır və Trampın elədiklərinə daha yaxından baxsaq, bunu aydın görəcəyik.

Bu planın rahatlıqla həyata keçməsinin sirri ondadır ki, Trampın əli-qolunu heç nə bağlamır, Senat və Nümayəndələr Palatası onun nəzarətindədir, güc strukturları isə çox qısa zaman ərzində “zərərsizləşdirdi”: FTB, MKİ və Ədliyyə sistemində kütləvi ixtisarlar həyata keçirilir və s. Reytinqinə gəlincə, o, pik nöqtədədir.

 Bir neçə gün qabaq ABŞ-ın Baş Prokuroru Pem Bondi həqiqətən şok bəyanat verdi. Xanım Bondi dedi: “Biz bilirik ki, Ədliyyə sistemində Trampa nifrət edən bir çox insanlar var, biz onların hamısını tapacağıq”. Təsəvvür edirsiniz? Bu sözləri, dünya demokratiyasının beşiyi sayılan ABŞ-ın Baş Prokuroru deyir.

 Bundan əlavə daha bir ibrətamiz hadisə baş verib. 9 martda fransalı alimə ABŞ-a gələrkən miqrasiya işçiləri tərəfindən ölkəyə buraxılmadı və geri göndərildi.

Səbəb isə, alimin noutbuk və telefonunda aşkar olunan şəxsi(!!!) yazışmalarda dostlarına Trampı tənqid etməsiydi. Təsəvvür edirsiniz? Sizcə miqrasiya xidməti alimin buraxılmamasını nə ilə əsaslandırıb? Sən demə Trampı tənqid etmək “terrora meyilli olmağın” əlamətidir. Ağlasığmaz və absurd hadisədir, amma ABŞ-ın avtoritatizmə doğru addımlamasının bariz nümunəsidir.

 İndiki mərhələdə Trampı əngəlləyən və problemlər yaradan yeganə qurum-məhkəmədir və bu fakt Trampı son dərəcədə narahat edir.

 Məhkəmələr dayanmadan Trampın qərarlarını bloklayırlar. Bir neçə gün qabaq Tramp məhkəmədən çox ağır zərbə aldı. Məsələ ondadır ki, miqrantların kütləvi deportasiyası, 1-ci və 2-ci dünya müharibələri dövründə geniş işlənən qanun əsasında həyata keçirilir. Bu qanun, dünya müharibələri dövründə ABŞ ərazisində düşmən(Yaponiya, Almaniya, Avstriya-Macarıstan imperiyası, İtaliya) ölkələrin vətəndaşların deportasiyası üçün istifadə edilirdi. Hal-hazırda isə məhkəmə hesab edib ki(və buna müvafiq qərar çıxarıb), sözü gedən qanunun indiki şəraitdə istifadəsi qəbuledilməzdir.

 Bu qərar Trampı özündən çıxardı və o, hakimlərə qarşı hədələr və təhqirlər yağdırmağa başladı.

 Hədə və təhqirlərin içərisində, həmin hakimləri impiçment etməyə çağırışı da var idi.

 Federal hakimlər ancaq impiçment təqdirdə vəzifədən kənarlaşdırıla bilərlər, hakimlərin impiçmenti isə prezidentin impiçmenti ilə eyni qaydalara əsasən həyata keçirilir. Hakimlərin siyasi motivlərlə impiçmentinə gəldikdə isə, bu mümkün deyil.

Hətta əgər respublikaçılar Nümayəndələr Palatasında hər hansı hakimə qarşı siyasi motivli saxta ittihamlar irəli sürsələr belə, Senatda bu ittihamlarla hakimin günahkar hesab edilməsi və vəzifədən kənarlaşdırılması mümkün deyil – çünki bunun üçün 67 səs tələb olunur və respublikaçıların bu qədər səsi yoxdur(53 səs var cəmi).

 Trampın məhkəmə sistemilə yaşanan gərginliyə ABŞ Ali Məhkəməsinin sədri Con Roberts rəsmi çıxışında fikir bildirdi:

“İki əsrdən çoxdur ki, impiçmentin, məhkəmə qərarı ilə bağlı fikir ayrılıqlarına uyğun cavab olmadığı müəyyən edilmişdir. Bu məqsəd üçün adi apellyasiya prosesi mövcuddur.”

 Trampın məhkəmələrlə savaşında kulminasiya nöqtəsinə hələ çatmamışıq, amma sürətlə ona yaxınlaşırıq. Kulminasiya nöqtəsi, Trampın məhkəmələrin qərarlarını icra etməkdən imtinası olacaq, heç şübhəsiz ki bu da baş verəcək.

 Tramp hələ bu riskə getmir, amma zəmini indidən hazırlayır. Misal üçün bir neçə həftə qabaq məhkəmənin ona qarşı qərar verməsindən sonra Tramp sosial şəbəkədə yazdı:”Öz ölkəsini xilas edən qanun poza bilməz”.






Fikirlər