NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSİ İSTİNTAQA CƏLB EDİLİB - “QHT İşi” üzrə

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub.

Bu barədə "gununsesi.info"-nu məlumatlandıran mənbənin sözlərinə görə, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.

Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.

Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.

ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.

Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.

O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.






Fikirlər