“KÖHNƏ BAKI İLƏ VİDALAŞIRIQ” – Zahid Oruc (FOTO, VİDEO)
“Şərqdə ev bütün zamanlarda müqəddəs sayılıb. Hər bir millətin nüvəsini təşkil edən ailənin həyatı, inkişafı və gələcək nəsillərə mirasın ötürülməsi yaşadığı ocaqla bağlı olub. Dövlətin vətəndaşlar qarşısında konstitusion vəzifəsi iqtisadi-sosial rifahın ən mühüm göstəricisi olan mənzillə təminatla bağlıdır. Ali Qanunumuzun 43-cü maddəsində deyilir:” dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür”. Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzində (STM) “Bakı Şəhərinin mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda STM sədri, millət vəkili Zahid Oruc çıxışında deyib. STM rəhbərinin çıxışının tam mətnini təqdim edirik: “Belə bir mövzuda hökumət-parlament-biznes strukturları-vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə geniş formatda görüşə ideya və təşkilati dəstəyinə görə Kiçik və Orta Biznesin İnişafı Agentliyinə, Mediasiya Şurasına, Azərbaycan Tikinti iştirakçıları Assosiasiyasına və Qiymətləndiricilər Palatasına xüsusi təşəkkür edirik. Son 100 ildə 3 fərqli formasiyanın ideoloji-siyasi şərtləri xalqımızın həyat şəraitinə, o cümlədən, yeni şəhər və qəsəbələrin salınmasına, sayı 4244-ə çatan kəndlərimizin fərqli planlar, layihələr, fərdi qərarlar, dəyişən hüquqi-iqtisadi-sosial şərtlər və aparılan dövlət siyasətinin nəticəsində formalaşmasına səbəb olub. Sovetlər Birliyindən sonra ərazilərimizin 5-də birinin işğal altına düşməsi məskunlaşma siyasətinə də güclü təzyiqlərini göstərib, lakin dövlətimiz tikinti və quruculuq siyasətini daim strateji hədəflərindən birinə çevirib. “2022─2026-cı il Milli Fəaliyyət Planı”nda tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur. Digər tərəfdən, sənədin 4-cü prioritet istiqaməti-dövlət xidmətlərinin monitorinqi və ictimai rəyin öyrənilməsi Sosial Tədqiqatlar Mərkəzinin üzərinə düşür. Ulu öndər Heydər Əliyevin 1970-ci illərdən uzaqgörən məqsədlərindən biri əhalinin mənzillə təminatı, ölkə üzrə hər 5 ildə mənzil sayını iki dəfə artırmağa nail olmaq, kooperativ tikililər hərəkatını genişləndirmək təşkil edib. Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayonlar kimi iri yaşayış massivləri elə həmin siyasətin nəticəsi idi. Heydər Əliyev yeni tikilən binalarda milli memarlıq üslubunu tətbiq etməyi, müasir Avropa arxitekturası ilə yanaşı, mədəni irsimizi və qədim Şərq ənənələrini qorumağı tələb edirdi. Paytaxtımızı vahid ansamblda, harmoniyada, bir-birini tamalayan memarlıq ənənələri və funsionallığı ilə gələcək nəsillərə irs kimi ötürülməsi onun idealı idi. Tanınmış memarlar Altay Mirbağırov, Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, Konstantin Sençixin o dövrdə çoxsaylı arxitektorluq nümunələri ilə respublikamızda və onun hüdudlarından kənarda bir çox tarixi binaların müəllifləri olmuşdular. Heydər Əliyev müstəqillik illərində deyirdi- “Mən şəhərin hər daşını, hər küçəsini, binasını özüm üçün doğma hesab edirəm”. Quruculuq kursunu davam etdirən prezident İlham Əliyevin liderliyi dövründə ölkəmizin və paytaxtımızın siması yüksək zövqlə tikilən, təzədən qurulan yüzlərlə yeni yaşayış kompleksləri, o cümlədən arxitektor binalarla zənginləşdi. Təkcə birini xatırlatmaq kifayətdir- ölkə başçısı “Ağ şəhər” və Dövlət Mənzil Tikintisi layihələrini on minlərlə iş yerinin açılması, tikinti sektorunun canlanması və Bakının gözəlliyinin artması kimi qiymətləndirirdi. Lakin dövlət rəhbəri, təkcə şəhər mərkəzinin deyil, bütün rayonların da uğurla və planlı qurulmasının vacibliyini dilə gətirirdi. 90-cı illərdə Ermənistanın işğalı 100 minlərlə məcburi köçkünün yerləşdirilməsini tələb edirdi. Sovetlərin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, mənzillə təminat sahəsində də böhran hökm sürürdü. O dövrün statistik göstəriciləri ölkəmizdə ən az mənzil və yaşayış fondunun məhz 1990-93-cü illərdə yaradıldığını sübut edir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra, 1995-1996-cı illərdə dönüş baş verdi, nəhayət, tikinti sektorunun inkişafında yüksələn dinamika müşahidə olundu. Belə ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi 487 min m2 olduğu halda, ilk neft gəlirlərinin daxil olduğu 2005-ci ildə 1.6 milyon m2, 2019-cu ildə ən yüksək, yəni 9.5 milyon m2, 2022-ci ildə isə 2.8 milyon m2 təşkil edib. Sovet dövründə istifadəyə verilən yaşayış sahələrinin coğrafi bölgüsündə kəndlər əhəmiyyətli yer tuturdusa, müstəqillik illərində tendensiya dəyişdi. 1993-cü ildə istifadəyə verilən yaşayış sahələrinin 45.5%-i şəhərlərdə, 54.5%-i kənd yerində olduğu halda, 2020-ci ildə 90.3%-i şəhər yerində, 9.7%-i kənd ərazilərində olub. Ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son 20 il ərzində 1.6 dəfə artıb. 2003-cü 125 milyon m2 təşkil edən bütün mənzil fondu, 2023-cü ildə 200.7 milyon m2-ə bərabər olub. "Bunun 6%-i dövlət, 94%-i isə qeyri-dövlət mülkiyyətinə aiddir. Mənzil fondunun 93%-i və ya 187,0 mln. kv. metri əhalinin şəxsi mülkiyyətindədir. Hər il dövlət büdcəsindən təkcə zərərin ödənilməsi və təmir işləri üçün təqribən 25-28 mln. manat ayrılır. Son 10 ildə orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17.6 m2-dən 20.8 m2-ə çatıb. Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, son 10 ildə təkrar qeydiyyat göstəricilərinin sayı 4.5 dəfə artarkən, ilkin qeydiyyat göstəriciləri də 2.9 dəfə artıb. Əhalinin hər 10.000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Qazaxıstanda 62 və Belarusda 49 olduğu halda Azərbaycanda müvafiq göstərici 2023-cü ildə 20.8 mənzil təşkil edib. Rəqəmlər arasında fərqin səbəblərindən biri də yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır. 2024-cü ildə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2023-cü illə müqayisədə 3,7 faiz artaraq 117 min nəfər təşkil edib. Xatırladaq ki, 1995-ci ildə sözügedən rəqəm cəmi 58 min, yəni o dövrün ÜDM-nin 1.5 faiizni təşkil edirdi. Daşınmaz əmlakın qeydiyyatı problemi prezident İlham Əliyevin daimi diqqət mərkəzində olub. 2011-ci Bakı şəhər icra hakimiyyətində keçirilən müşavirə və verilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reestri haqda yeni qanun qəbul edildi və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi. İqtisadiyyat nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil rəsmiləşdi. Nəhayət, tikinti obyektləri ilə bağlı Prezidentin 2023-cü ilin may ayının 1-dən qüvvəyə minən son sərəncamla qanunsuz tikililər erasını arxada qoymaq, yeni səhifədən başlamaq hədəfi qarşıya qoyulub. Lakin tikinti sferasında yeni tələblər və çağırışlar, problemlər də çoxdur. Cədvəl-DSK-nin “Azərbaycanda tikinti-2018-2019” səh-250 statistik məcmuənin göstəriciləri əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının mənzil sayı min mənzil. Bakı şəhərinin 2040-cı ilədək olan inkişaf planında paytaxtda köhnəlmiş yaşayış fondunun-yəni 70 %-dən çoxunun ümumi sahəsi 2020-ci illə müqayisədə 2027-ci ilə qədər 37,8 % azaldılaraq 12 milyon 138,4 min kvadrat metrə, 2040-cı ilə qədər 2,3 dəfə azaldılaraq 8 milyon 338,4 min kvadrat metrə çatdırılacaq. Göründüyü kimi, qarşıdakı 10-12 il ərzində şəhərin əsas infrastrukturunun yeniləcəyi gözlənilir və faktiki olaraq, biz köhnə Bakı ilə vidalaşırıq. Lakin əsas hədəf yeni Bakı quruculuğunu Baş plan əsasında, tikinti və şəhərsalma normalarına uyğun, sakinlərinin rahatlığı və iqtisadi-sosial rifahın təmin olunması şəraitində aparılmasıdır. 2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 % artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 artırılaraq 66 milyon kvadrat metr təşkil edəcək. Lakin təəssüflər olsun ki, açıq mənbələrdə köhnəlmiş əmlakların hansı hissəsinin mənzil, yaxud yaşayış fonduna aid olduğuna dair müfəssəl məlumatlar açıq mənbələrdə göstərilməyib. Eksperlərin rəyinə görə, mənzil fondunun sürətlə böyüməsi əhalinin məskunluğunu da gücləndirir. Ərazidə iqtisadi şərtlər daşınmaz əmlaka sərmayə qoyuluşunun artmasını və mənzil tikintisinin vüsət almasını şərtləndirir. Məsələn, kirayə mənzillərə tələbatın böyük olduğu iri şəhərlərdə vətəndaşlar sərəncamlarındakı sərbəst kapitalı mənzil sektoruna investisiya edirlər. Lakin Bakıya əhali axını, onun mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur. 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140% artdığı halda, ölkə üzrə 24 %, bir sıra bölgələr üzrə 20% intervalında dəyişib. Əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə bölgələr arasında fərq 4 dəfədən çoxdur. 2018-2023-cü illərdə illərdə ölkə üzrə mənzillərin sayı 122 min ədəd və ya 11 % artıb. Bu artımların 73 mini (60%-i) Bakı, Sumqayıt və Abşeronun payına düşür. Ölkəmizin daşınmaz əmlak bazarı dinamikdir, iqtisadi artımı və mənzilə artan daimi tələbi əks etdirir. Şəhərlərin müasir görünüşünü, əhalinin rahatlığını, iqtisadi və sosial tələbatını formalaşdıran, tikinti standartlarını təyin edən ən böyük şirkətlər seçilir. Azərbaycanın TOP-10 reytinqini tərtib etmək üçün son illərdə tikilən yaşayış və kommersiya daşınmaz əmlakı, onun coğrafi əhatə dairəsi və investisiya cəlbedicilyi, keyfiyyət və reputasiyasını nəzərə alaraq, hər tikinti müəssisəsinin çəkisini müəyyənləşdirmək mümkündür. Tikinti biznesinin reputasiyasını yüksək tutan və müştərilərinə məmnuniyyət yaradan onlarla milli şirkət mövcuddur.Lakin qanunsuz əməliyyatlarla vətəndaşların haqlı mənafeyinə ziyan vuran qurumlar da az deyil. Son 10 ildə 20-dən artıq tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi deyilənləri təsdiqləyir. Reytinqlər dünyaya çıxış üçün çox önəmlidir. Əlbəttə, ölkəmizdən kənarda bir sıra keçmiş sovet və qonşu ölkələrə, o cümlədən, qardaş ölkənin daşınmaz əmlak sektoruna investisiya yatıran milli şirkətlərimiz də az deyil. Hökumətin hesablamasına görə, əhali artımını və paytaxta axınını nəzərə alaraq, qarşıdakı 17 ildə şəhərdə 142 min yeni mənzilə ehtiyac olacaq. Bunun 50 mini 2027-ci ilədək, 92 min isə 2040-cı ilədək tələb olunacaq. Plana görə - istifadə edilməmiş tikinti sahələrinin çoxluğu və sıxlığın aşağı olduğu ərazilərdə əhalinin təbii artımı nəticəsində yaranacaq tələbatın mövcud yaşayış məntəqələrinin “hüdudları” daxilində ödənilməsi üçün kifayət qədər yerlər mövcuddur. Hökumət 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsini indiki 20,8 m2 -dən 25 m2 -ə qədər artırmağı nəzərdə tutur. Daşınmaz əmlakın dövlət kadastrı və hüquqların qeydiyyatı, ünvan reyestrinin aparılması sahəsində rəqəmlərə diqqət yetirdikdə 2023-cü ildə 477 minə yaxın daşınmaz əmlak qeydə alındığı halda 2024-cü ildə ondan 100 minə yaxın az, konkret deyilsə 378,5 min daşınmaz əmlak rəsmiləşdirildiiyni görərik. Göstəricinin 64 mini, yəni 17%-i ilkin, 314 mini-83%-i isə təkrar qeydiyyatdır. Göründüyü kimi, tikinti sektorunda ötən ilki azalma rəsmiləşən əmlaklarda da əksini tapıb. Ölkəmizdə tikinti sferası qeyri-neft sektorunun ən aparıcı sahəsi olmaqla yanaşı, ən çox məşğulluq, dövriyyə və dövlət büdcəsinə ödəmələr də məhz bu sektorun payına düşür. Son 5 ildə tikinti sektoru sahibkarlıq subyektlərinin daha çox mərkəzləşdiyi-təmərküzləşdiyi ikinci sahə olaraq, mövqeyini qoruyur. 18 milyard manatlıq investisiyanın qoyulduğu nəhəng bir sahənin çəkisini göstərir. Hökumət əlverişli mənzil tikintisi proqramlarını dəstəkləyir. Müasir informasiya sistemlərinin və texnologiyalarının tətbiqi tikinti proseslərinin səmərəliliyini, keyfiyyəti və təhlükəsizliyi artırmağa imkan verir. Tikinti iqtisadiyyatında, idxal olunan materiallar və texnologiyalarından asılılıq, habelə tikinti və şəhərsalma sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zərurəti, o cümlədən, köhəlmiş və yaşayış üçün yararsız bina və massivlərin yenilənməsi zamanı silsilə problemlər tikinti sektoruna mənfi təsir edir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində bina evlərində məskunlaşan 384 ev təsərrüfatı arasında 2023-cü ilin fevralında keçirilən sorğuya görə insanların 58%-i istismar müddəti 30 ildən çox olan binalarda məskunlaşıb. Bakı-Abşeron ərazisində yerləşən "sənədsiz" fərdi yaşayış evlərində yaşayan 1170 ev təsərrüfatı arasında 2025-ci ilin aprel ayında keçirilən digər sorğunun nəticələrinə əsasən, dövlət reestrindən keçməyən evlərin 54.2%-nin sahəsi 100 m2-dən az, 30.8%-i 100-150 m2 arasında, 15.0%-i 150 m2-dən çoxdur. Sənədsiz evlərin 81.0%-i bir mərtəbəli, 18.7%-i iki mərtəbəli, 0.4%-i üç mərtəbəlidir. Sakinlərin 18.3%-i yaşadığı evin bazar dəyərinin 50 min manata qədər, 42.7%-i 50-100 min manat, 18.3%-i 100-150 min manat, 20.7%-i 150 min manatdan yuxarı olduğunu bildirib. Əmlakların 3.0%-i magistral boru kəmərlərinin, 8.5%-i yüksəkgərginlikli elektrik xətlərinin, 1.5%-i magistral yolun, 5.1%-i dəmir yolunun, 4.0%-i neft-qaz yataqlarının, 3.6%-i su hövzəsinin, 2.7%-i palçıq vulkanı ərazisinin, 0.8%-i sürüşmə zonasının, 0.8%-i aktiv mədən zonasının mühafizə zonasına düşür. Sözügedən obyektlərin mühafizə zonasına düşməyən evlər 73.7% təşkil edir. Göründüyü kimi, mənzil-tikinti kooperativləri və vətəndaşlar arasında meydana çıxan müxtəlif problemlər hazırki informasiya kanallarının gündəminə çevrilərkən, həm hökumət, həm yerli hakimiyyət orqanları və məhkəmə sistemi üçün yeni tələblər-çağırışlar yaradır, bəzən siyasiləşdirilir, ictimai fikirdə rezonans doğurur. Onları ümumiləşdirsək, bir neçə istiqamətdə təxirəsalınmaz tədbirlərə ehtiyac olduğunu vurğulaya bilərik: Ümidvarıq ki, Hökumət və qanunvericilik orqanı, biznes strukturları, vətəndaş cəmiyyəti, o cümlədən sahəvi qurumlar problemlərin həlli üçün daimi dialoq və çözüm yolları tapacaqlar. Əlbəttə, tikinti sektorunda tənzimləmə və nəzarət çox önəmlidir. Çünki insanların təhlükəsizliyi konstitusion vəzifədir. Lakin tikinti sferasına nəzarət edən qurumların sayının 14 olduğunu nəzərə alaraq, mövcud vəziyyətin özü barəsində də hökumətlə biznes strukturları arasında dialoqa ehtiyac duyulur. Tikinti siyasətinin vahid mərkəzdən, bir qurum vasitəsilə yönləndirilməsi ideyası dəfələrlə müxtəlif platformalarda qaldırılır. Unutmayaq ki, Qarabağda və Şərqi Zəngəzurda Böyük Quruculuq hərəkatı bütün ölkəmizdə tikinti sənayesinin inkişafında mühüm rol oynayır. Azad torpaqlarda irimiqyaslı layihələr, 19 milyard manatlıq büdcə vəsaiti hesabına aparılan nəhəng yol tikintisi, enerji və kommunal infrastuktur, hava limanları, yaşayış və inzibati binalar Yeni Vətən quruculuğunun böyük miqyasını göstərir. Vətən müharibəsində Qələbəmiz Əsrin Tikintisinə- Yeni Vətən, Yeni Dövlət və Yeni Millətin inşasına yol açıb. Yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurduna və müqəddəs ocaqlara dönüşü misilsiz hadisədir. Elimizdə dillər əzbəri olan, “eviniz mübarək olsun”, kəlamını hər birimiz milli şüara çevirdikdə, Zəfərimiz əbədi olacaqdır”
2001
2022
Azərbaycan
0,6
2,8
Ermənistan
0,2
0,5
Belarus
3,0
4,2
Qazaxıstan
1,5
15,7
Qırğızıstan
0,4
1,5
Moldova
0,3
0,4
Rusiya
31,7
102,7
Tacikistan
0,3
1,7
Özbəkistan
7,1
14,6