Bakıda ev almaq istəyənlərə müjdə: Mənzillər 40 faizədək ucuzlaşacaq
2015-ci il devalvasiyalarından sonra əhalinin real gəlirləri fonunda daşınmaz əmlaka tələb azalıb. Mövcud vəziyyət mənfi dinamikanın davam edəcəyini deməyə əsas verir. Belə ki, “Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi”ndə ildə 3 min yeni mənzilin tikiləcəyi göstərilib. İlkin mənzil bazarının təxminən 20 faizinin Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcəyi proqnozlaşdırılır. MİDA tərəfindən tikiləcək mənzillər istənilən halda başqa evlərdən ucuz təklif ediləcək. Bunun əsas səbəblərindən biri mənzillərin büdcəyə uyğun olması, ikincisi evin ölçülərinin nisbətən yığcamlığı və ən əsası mənzilin sahəsinin iç divarlardan hesablanmasıdır. Qiyməti nisbətən aşağı salan başqa amil evlərin dövlət ərazisində tikilməsi, həmçinin, bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq. Əlində pul bu evlərin satışa çıxarılacağını gözləyən çox sayda insanın olduğunu nəzərə alsaq, digər tikinti şirkətləri tərəfindən təklif edilən evlərə marağın azalacağı qaçılmazdır. Eyni zamanda “neft bumu” dövründə daşınmaz əmlaka edilən yatırımlar “yastıq altı”ndan satışa çıxarılmağa başlayıb. Ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Sadalanan amillər bazarda təklifin tələbi üstələyəcəyini və qarşıdakı aylarda mənzil bazarında ucuzlaşma olacağını deməyə əsas verir. Bunun üçün son bir ildə Bakıda başlanan tikinti bumuna diqqət yetirmək kifayət edir. Demək olar ki, bu gün paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Düzdür, inşaat bosları hər vəhclə sifarişlərlə bəzi iqtisadıçı ekspertlər tərəfindən cəmiyyətə mənzillərin daha da bahalaşacağı proqnozlarını ötürürlər. Saytımıza tikinti sektorunda böyük paya malik olan mənbələrdən maraqlı məlumatlar daxil olub. Aldığımız bilgilərə görə, yaxın 6 ay müddətində Bakıda yeni tikilən binlarda mənzillərin qiymətlərində 30-40 faizə qədər ucuzlaşma gözlənilir. Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Modern.az-a deyib ki, hazırda mənzil bazarında iki amil böyük önəm daşıyır: “Birinci amil söküntülərdir ki, nəticədə kirayə evlərə olan tələbatı artırıb. Bu isə əmlakın gəlir gətirmə qabiliyyətinə müsbət təsir edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, söküntülər davam edir. Əvvəllər ən çox satılanlar “xruşşovkalar”, Leninqrad layihəli mənzillər olurdu. Söküntülərin artması ümumilikdə mənzil bazarına mənfi təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, söküntü aparılması investisiya layihələri çərçivəsində həyata keçirilir. Həmin mənzillərin satışa çıxarılmasının bazara mənfi təsir edəcəyi proqnozlaşdırılır. Bir il əvvəl də verilən proqnozlarda əlavə mənzillərin satışa çıxarılmasından sonra qiymətin ucuzlaşacağını bildirmişdik. Bu asılıdır mənzillərin sayından və bazara çıxarılacağı vaxtdan. Ümumiyyətlə, söküntülər başlayan vaxt bunun mənzil bazarında ucuzlaşmaya səbəb olacağı fikirlərini söyləmişdik. Sonda necə olacaq, bunu zaman göstərəcək”. R.Əliyev qeyd edib ki, maya dəyərinin baha olması tikinti şirkətlərinə ucuz qiymətə mənzil satmağa imkan verməyəcək: “Belə olan təqdirdə bir çox investorların əlavə layihələrdən imtina etməsi gözlənilir. Hazırda bazarda bahalaşmaya və ucuzlaşmaya səbəb olacaq amillər üst-üstə düşür. Bunun nəticəsini isə yaxın bir ildə görəcəyik”.