ÖLKƏMİZ BU SAMMİTDƏN BÖYÜK UĞURLAR ƏLDƏ EDƏ BİLƏR

Zaur İbrahimli: "Azərbaycan indiyədək balanslaşdırılmış siyasət yürüdüb, Moskva ilə Ermənistan və Belarus qədər yaxınlaşmayıb"
 
"Bütün bunlar İlham Əliyevin Vaşinqton səfərində Qərblə münasibətlərin yeni formatını razılaşdıra biləcəyinə inamı gücləndirib"
Məlum olduğu kimi, Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit 31 mart - 1 aprel tarixlərində ABŞ paytaxtı Vaşinqtondakı Sərgi Mərkəzində keçiriləcək. Sammitdə nüvə silahlarının azaldılması, yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadə, nüvə materiallarının təhlükəsizliyinin təmin edilməsi, nüvə silahının yayılmasına və nüvə terrorizminə qarşı addımlar atılması ilə bağlı müzakirələr davam etdiriləcək.
Ağ Evin tədbirlə bağlı məlumatında qeyd olunur ki, "ABŞ beynəlxalq standartlara söykənən hərtərəfli nüvə təhlükəsizliyi arxitekturasının möhkəmləndirilməsi işində qəti mövqe tutur".
Qeyd edək ki, Nüvə təhlükəsizliyi üzrə ilk Beynəlxalq Sammit 2010-cu ildə Vaşinqtonda keçirilib. Daha sonra sammit 2012-ci ildə Seulda, 2014-cü ildə isə Haaqa şəhərində baş tutub.
Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitdə ABŞ nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı, İŞİD-lə mübarizəni də gündəliyə çıxarmaq niyyətindədir. 22 martda Brüsseldə baş veren terror aktları ilə bağlı müraciətində ABŞ prezidenti bildirib ki, dünya liderlərinin Vaşinqtonda bir araya gəlməsindən istifadə edərək İŞİD-ə qarşı mübarizədə səylərin birləşdirilməsinə nail olmaq niyyətindədir. O bir daha bəyan edib ki, "İŞİD bütün sivil dünya üçün təhlükədir".
Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitdə Avropa İttifaqı ölkələri, Çin, Türkiyə, Azərbaycan, Ukrayna, Ermənistan və digər dövlətlərin liderləri iştirak edəcək.
Qeyd edək ki, 2014-cü ildə keçirlən sammitə 58 ölkənin dövlət və hökumət başçısı qatılmışdı.
Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub. Azərbaycan Prezidentini amerikalı həmkarı dəvət edib. Hələ ki, Prezident İlham Əliyevin səfər proqramı ilə bağlı məlumat verilməyib. Güman edilir ki, Prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək.
Prezidentin bu mötəbər tədbirdə iştirakı nə kimi əhəmiyyət daşıyır və bu səfərin Azərbaycanın qlobal təhlükəsizliyin təminatında hansı rolu olacaq?
Politoloq Zaur İbrahimli qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar ABŞ-Azərbaycan münasibətlərində yenidən yaxınlaşma meyllərinin müşahidə olunması fonunda Prezident İlham Əliyevin Vaşinqton səfəri böyük maraq doğurur: "Təhlilçilərin fikrincə, bu səfərin nəticələrindən asılı olaraq, Bakı ilə Qərb ölkələri arasında əlaqələrdə yeni səhifə açıla bilər. Hələlik Azərbaycan Prezidentinin Vaşinqtonda ABŞ rəsmiləri ilə hər hansı müzakirələr aparacağı barədə məlumat verilmir. Ancaq açıqlanmasa da, bağlı qapılar arxasında olsa belə, Azərbaycan-ABŞ-Avropa ölkələri münasibətlərinin müzakirə olunacağı ilə bağlı ekspertlərdə əminlik var. Xüsusən, Vaşinqton səfərindən əvvəl beynəlxalq təşkilatların "siyasi məhbus" kimi qəbul etdiyi şəxslərin bir çoxunun əfv edilməsi, daha bir neçəsinin də həbsdən çıxarılması üçün hüquqi hazırlıqların görülməsi Bakının məxsusi siqnalı kimi dəyərləndirilir.
Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik "Cənub Qaz Dəhlizi" layihəsinin mərkəz ölkəsidir.
Eyni zamanda Azərbaycan hazırda aktuallaşan beynəlxalq nəqliyyat dəhlizlərinin (Şimal-Cənub, Şərq-Qərb) əsas həlqələrindən biri kimi çıxış edir.
Cənubi Qafqazda mövcud status-kvonun saxlanmasında, Gürcüstana müvafiq iqtisadi, siyasi dəstək verilməsində də Azərbaycanın rolu çox mühümdür.
Eyni zamanda Azərbaycanın Türkiyə ilə xüsusi münasibətləri və Ankara üçün Şərqə yol açması, bütün məsələlərdə həmrəylik nümayiş etdirməsi, İranla beynəlxalq nəqliyyat dəhlizləri və digər məsələlərdə əməkdaşlıq etməsi Bakının mövqeyinin diqqətdə saxlanmasını zəruri edir.
Azərbaycan indiyədək balanslaşdırılmış siyasət yürüdüb, Moskva ilə Ermənistan və Belarus qədər yaxınlaşmayıb. Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamasa da, Avrasiya İttifaqına da daxil olmayıb.
Hazırda Azərbaycanın Rusiya ilə münasibətləri elə formada və çərçivədə qurulub ki, həm müəyyən manevr imkanları əldə edə bilsin, həm də Moskvanın əlavə təzyiqlərinə məruz qalmasın.
Görünən budur ki, hələlik Rusiya ilə mövcud əməkdaşlıq formatı Qərblə işgüzar əlaqələrin qurulmasına mane olmur. Azərbaycan diplomatiyası, Qərblə hər nə qədər anlaşılmazlıq, problemlər müşahidə olunsa belə, əməkdaşlıq imkanlarını saxlaya bilib.
Eyni zamanda son günlər baş verən hadisələr, Vaşinqtondan səslənən açıqlamalar göstərir ki, Bakı Qərblə əməkdaşlıq formatını razılaşdıra bilib. Rəsmi Bakı dünyadakı, regiondakı reallıqlar kontekstində açıq təzyiqlərin ikitərəfli və çoxtərəfli münasibətlərdə əsas arqument ola bilməyəcəyinə Vaşinqtonu inandırmağı bacarıb.
Bütün bunlar isə Prezident İlham Əliyevin Vaşinqton səfərində Qərblə münasibətlərin yeni formatını razılaşdıra biləcəyinə inamı gücləndirib".
Məhəmmədəli QƏRİBLİ 






Fikirlər