RUSİYA Azərbaycan prezidentinin VAŞINQTON səfərini də əngəlləyə bilərmi?

 Rusiya Azərbaycan prezidentinin Vaşinqton səfərini də əngəlləyə bilərmi?

Ekspertin maraqlı açıqlamaları var... 

 

Azərbaycan prezidenti İlham Əliyevin martın sonunda Vaşinqtonda təşkil ediləcək nüvə təhlükəsizliyi sammitində iştirakı təsdiqlənib. ABŞ-ın Bakıdakı səfirliyindən  bildirilib ki, hazırda Bakı və Vaşinqton münasibətləri daha müsbət və qarşılıqlı faydalı etməyin üzərində işləyir. 
Bəzi ekspertlərin ehtimallarına görə, Azərbaycanın ABŞ-la münasibətlərinin istiləşməsi Rusiyanı narahat edir və bu səbəbdən Moskva üçün Azərbaycan prezidentinin Vaşinqtona səfəri heç də arzulanan deyil. Ona görə də Rusiya bu səfərin gerçəkləşməsinə mane olmaq istəyinə düşə bilər. 
Politoloq Natiq Miri isə hesab edir ki, yeni yaranmış geosiyasi situasiyada Azərbaycanla ABŞ arasında olan problemləri çözmək və münasibətləri yeni müsbət məcraya daşımaq üçün mütləq mənada hər iki tərəfdən konkret addımlar atılması zərurəti yaranıb: “Bu zərurəti şübhəsiz ki, rəsmi Bakı da dəqiq bilir. Ona görə hər iki ölkənin fevral ayında bu istəkdə olduğu sezildi. ABŞ Azərbaycanda siyasi və iqtisadi islahatların aparılmasını istəyir. Azərbaycan prezidenti də son aylarda iqtisadi islahatlar istiqamətində bir sıra addımlar atıb və proses gedir. Artıq bunun nəticəsidir ki, ABŞ bu günlərdə bəyan etdi ki, iqtisadi islahatların uğurlu həyata keçirilməsində Azərbaycanla birgə işləməyə hazırdır. Siyasi islahatlara da ciddi şəkildə start verilsə, ABŞ-la münasibətlər ciddi şəkildə düzələcək. Prezidentin ABŞ səfərinə qədər Azərbaycanda siyasi islahatlar istiqamətində müsbət tendensiyanın təməli atılmalıdır. Məsələn, bir çox siyasi məhbus sayılan məhbusların azad olunması müsbət tendensiya kimi qəbul edilə bilər. Təbii ki, Rusiya, eyni zamanda hətta İran Azərbaycanın ABŞ-la, bütövlükdə Qərb dünyası ilə strateji əlaqələr qurmasında, yüksək səviyyədə strateji müttəfiqlik səviyyəsinə qalxmasında maraqlı deyil. Rusiya daha çox Azərbaycanın öz nüvəsi ətrafında, Rusiyanın patronajlıq etdiyi orbitdə olmasını istəyir. Ona görə də zaman-zaman Azərbaycanın ABŞ-a sıx yaxınlaşmasına əngəllər yaradıb. Ancaq Rusiyanın prezident İlham Əliyevin Vaşinqtona səfərinin qarşısını almaq istəyinə düşəcəyinə inanmıram. Çünki bu gün Rusiyanın özünün ABŞ-la münasibətlərin yenidən müsbət məcraya düşməsinə böyük ehtiyacı yaranıb”.
 
Ekspertin fikrincə, belə bir vəziyyətdə Moskva isti münasibətlərdə olduğu Azərbaycan prezidentinin ABŞ-a səfərinə mane olmaq fikrinə düşməz: “Hətta mən deyərdim ki, İlham Əliyevin ABŞ-a getməsində maraqlı ola bilər. Rusiya lideri bu gün Türkiyə iqtidarı ilə birbaşa təmasa girmir. Suriyada atəşkəs razılaşması ilə bağlı Putin Türkiyədən başqa digər bütün region ölkələri ilə danışdı. İstisna deyil ki, Putin Türkiyə rəhbərliyinə çatdırılmalı olan hansısa fikirlərini İlham Əliyevlə fevralın 25-də telefon danışığında dilə gətirib. Ola bilsin ki, Azərbaycan prezidenti Putinlə danışıqdan sonra bəzi məqamları Türkiyə rəhbərliyi ilə müzakirə edib. Ona görə də fevralın 26-da Putinin İlham Əliyevə yenidən zəng etməsinə ehtiyac duyulub. Azərbaycan prezidentinin münasibətlərin tənzimlənməsində vasitəçi olmağa hazır olduğunu hələ bir müddət öncə bəyan etməsini xatırlayın. Demək istəyirəm ki, hazırda Azərbaycanın ABŞ və Türkiyə ilə normal münasibətlərdə olması müəyyən mənada Rusiyanın nəinki zərərinə, əksinə, xeyirinədir. Bu baxımdan düşünürəm ki, Moskva Azərbaycan prezidentinin Vaşinqtona səfərinə, münasibətlərin normallaşmasına əngəl yaratmayacaq”. 






Fikirlər