İşğalçı bloka qarşı çoxdan gözlənilən yeni güc mərkəzi - Ankara - Bakı ittifaqı (Bizim şərh)

 

 

Rusiyanın Suriyaya qoşun yeritməsi Ankara – Moskva münasibətlərini də xeyli dərəcədə gərginləşdirdi. Suriya məsələsində Rusiya və İranın müttəfiqliyi bölgədə yeni vəziyyət yaradır. 
Moskva və Tehran bölgədə Ankaranın mövqeyinin zəiflədilməsi istiqamətində səylərini birləşdirirlər. Belə gedişat Bakının da mövqelərinə qarşıdır. Odur ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə ilə mövqelərinin uzlaşdırılması zərurəti yaranmaqdadır. Bölgədə savaş alovlanır və Rusiya Ankaranı da qanlı savaşa sövq edir. Bu amilin özü də Türkiyə və Azərbaycan cəmiyyətlərini daha sıx inteqrasiyaya vadar edir. Odur ki, ölkə siyasətçiləri və ictimai xadimləri cəmiyyəti bu inteqrasiyaya hazırlamalıdırlar. Xatırladaq ki, iki strateji müttəfiqin daha sıx inteqrasiyası zaman-zaman müzakirə edilib. Proseslərin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyanın gerçəkləşməsində daha çox maraqlıdır. Azərbaycanda Türkiyəyə olan bu sevgi türk millətinin və islam dünyasının ən demokratik və ən qüdrətli dövlətinə olan münasibətin bariz nümunəsidir. 
Rusiya və digər ölkələrin təzyiqlərini üzərində hiss edən Azərbaycanın güclü Türkiyə ilə daha sıx münasibətlərə malik olmasını arzulaması anlaşılandır. Bu amillər Türkiyə-Azərbaycn arasında inteqrasiyanın gücləndirilməsi ideyasının yenidən gündəmə gətirir. Burada söhbət Azərbaycanın müstəqilliyindən imtina etməsi deyil, Ankara ilə daha sıx əməkdaşlıqdan gedir. Ağır geosiyasi durumda Türkiyə ilə siyasi və hərbi əməkdaşlıq Azərbaycanın bir dövlət olaraq müstəqilliyinin yeganə qarantı kimi görünür. Azərbaycana olan xarici təhdidlər ölkənin ona dost olan bir ölkəyə arxalanmasını vacib edir. Bu isə siyasi, iqtisadi, hərbi  və digər sferalarda daha yaxın əməkdaşlıqdan keçə bilər. 
Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır. Rusiya, ABŞ və İran türk ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən də türk ölkələri arasında anlaşılmazlıqlar mövcuddur. Bu məsələdə Türkmənistan Rusiyanın təzyiqləri ilə türk birliyinin yaranmasına daha çox mane olur. Türkmənistanla Azərbaycan arasında “Kəpəz” yatağı ilə bağlı gərginliyin yaşanması, Özbəkistanın özünü Rusiyanın forpostu kimi aparması ciddi problemlər yaradır. Bu baxımdan, türk ölkələri arasında yaradılacaq birliyinə gedən yol da Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir. Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilərdi. 
Bir daha vurğulamaq lazım gəlir ki, daha sıx inteqrasiya heç də Türkiyə ilə bir bayraq altında birləşmək anlamına gəlmir. Sadəcə olaraq, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır. 
Son proseslər də sübuta yetirdi ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə ilə əməkdaşlıq lazımi səviyyədə deyil. Bu məsələyə yenidən baxılması zamanın tələbidir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. İlk növbədə iki ölkə arasında mövcud olan problemlərin aradan qaldırılması barədə fikirləşmək lazım gəlir.  Bu məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan ölkələr doldura bilərlər. İstənilən halda, Azərbaycan insanının sevgi ilə yanaşdığı yeganə ölkə Türkiyədir. Rusiyanın Krımı işğalından və Suriyaya qoşun yeritməsindən sonra ölkəmizin müstəqilliyinin ciddi təhlükə altına düşməsi haqda gərgin müzakirələr gedir. 
Bu məqamdan istifadə edən bəzi qüvvələr Azərbaycanın yenidən Rusiyaya birləşdirməsi ideyasını ortaya atıb. Hətta bəziləri bu ərəfədə Putinə müraciət də etmək barədə düşünürlər. Azərbaycan Qərbin, Rusiyanın və İranın təhdidləri ilə üzləşib. Bərabər hüquqlu əməkdaş kimi Bakı  yalnız Ankara ilə münasibətlərdən arxayındır. Bütün bu sadalananlar iki ölkə arasında münasibətləri daha dərin əməkdaşlığa vadar edir. Hər iki ölkənin mənafeyi daha sıx inteqrasiyanı labüd edir.
Avropa.info-nun ekspert qrupu

 






Fikirlər