“Azərbaycan vətəndaşları 85 ölkəyə vizasız gedə bilir”
“Bu gün qürurla deyə bilərəm ki, Azərbaycanın xidməti və ümumvətəndaş pasportuna malik vətəndaşları artıq 85 ölkəyə vizasız səfər etmək hüququna malikdir”. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq siyasət və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün keçirilən plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Bu mühüm nailiyyət ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu və strateji əhəmiyyətini aydın şəkildə göstərir. Bununla belə, bu gün müzakirəyə çıxarılan sənəd xüsusi əhəmiyyət daşıyır. Çünki o, dünyanın ən aparıcı ölkələrindən biri olan, faktiki dünya liderlərindən biri və Azərbaycanın xüsusi dostu və tərəfdaşı olan Çinlə imzalanıb”, - deyə, komitə sədri bildirib.