Eltisinin ölümünə səbəb olan həkim iş başında: Müştəri qəbul edir
Bakıda ev şəraitində eltisinə qanunsuz bədənşəkilləndirmə əməliyyatı həyata keçirərək ölümünə səbəb olmaqda təqsirləndirilən "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova məhkəmə hökmü ilə cəzalandırılıb. Məhkəmənin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olan Ülviyyə İlyasova "WhatsApp" statusunda işdə olduğunu bildirərək paylaşım edib: "Bu çətin günlərdə yanımda olan hər kəsə sonsuz təşəkkürlər. 1 il 40 gün çəkən bu haqsızlıq sonunda öz yerini tapdı. Canlarım mənim, narahat olan hər kəs, yaxşı ki, varsınız. Allah gözəl qəlbinizə görə versin. Sizi sevirəm. Həyatda hər şey qarşılıqlıdır. Hər gün işdəyəm, buyurub gələ bilərsiniz". Xatırladaq ki, Ülviyyə İlyasova aprelin 15-də üzərində liposaksiya əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib. Qeyd edək ki, xəbər yayımlandıqdan sonra Ülviyyə İlyasova əvvəlki reklam xarakterli paylaşımını silərək, yeni bir statusla əvəz edib və bu yolla ictimaiyyəti çaşdırmağa çalışıb./Manset.az