İranla bağlı ŞOK HESABAT - 9 nüvə bombası...

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) iyun ayında dövlətlərlə paylaşdığı məxfi hesabatında İranın bəyan edilməmiş materiallardan istifadə edərək üç məkanda gizli nüvə proqramı həyata keçirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi AEBA-nın üzv dövlətlərə təqdim etdiyi geniş və məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408,6 kiloqrama çatıb. Bu, AEBA standartlarına əsasən, daha da zənginləşdirilərsə, doqquz nüvə silahı istehsalı üçün kifayət edəcək qədər material deməkdir.

Hesabat ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozduğunu rəsmi şəkildə bəyan etmək üçün əsas verir.

Diplomatların verdiyi məlumata görə, adıçəkilən dörd dövlət hesabatın nəticələrinə əsasən, İdarə Heyətinin iyunun 9-da başlanacaq növbəti iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini təqdim etməyi planlaşdırır. 

Belə bir qətnamənin qəbul edilməsi İranı qəzəbləndirə və Tehranla Vaşinqton arasında aparılan nüvə danışıqlarını daha da çətinləşdirə bilər.

Tehran isə bəyan edir ki, nüvə texnologiyasına yalnız dinc məqsədlərlə yiyələnmək istəyir və Qərb dövlətlərinin İranın nüvə silahı hazırlamaq niyyətində olması ilə bağlı ittihamlarını daim rədd edir.

Agentlik isə illər əvvəl iki nüvə obyektində aşkar olunan uran izləri ilə bağlı hələ də izahat gözləyir. Bu dörd obyektdən üçündə gizli nüvə təcrübələrinin aparıldığı müəyyən olunub.






Fikirlər