Türkiyə Baş Qərargah rəisinin Bakıya gəlişi - İlk səfər üçün niyə Azərbaycan seçildi?



 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-də - bu gün Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Səfər oktyabrın 7-dək davam edəcək. Bu Hulusi Akarın Baş Qərargah rəisi kimi ölkə xaricinə ilk səfəridir və bu səfəri o, Azərbaycana edir. 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri səfərin məqsədi və önəmindən danışarkən bildirdi ki, Baş Qərargah rəisinin ilk xarici səfərinin Azərbaycan olması regiondakı Azərbaycan-Türkiyə birliyinə qarşı olan dövlətlərə, qlobal güclərə bir mesajdır: “Bu, bir mesajdır ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə strateji xarakter daşıyır və bu dövlətlərin maraqlarının əksəriyyəti eynidir. Bu, birinci verilən ən ciddi mesajdır. Başqa tərəfdən, təbii ki, bu səfərin hansı zamanda baş verdiyinə diqqət etmək lazımdır. 

Bu səfər o zamanda baş verir ki, Yaxın Şərqdə hərbi, geosiyasi vəziyyət Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra daha da gərginləşib. Rusiya Türkiyənin sərhədində olan Suriya ərazilərini bombalamağa başlayandan cəmi bir həftə sonra Türkiyə ordusunun Baş Qərargah rəisinin Azərbaycana gəlişi ortada müzakirə ediləcək çox ciddi məsələlərin olmasından xəbər verir. Yaxın Şərq savaşı çərçivəsində ABŞ və Rusiya məhz regional aktyorları öz ətrafında görmək istəyir. Bununla da daha güclü olduqları görüntüsünü yaratmaqla bərabər, həqiqi güc mərkəzini formalaşdırmaq istəyi ortada var. Artıq Rusiyadan Azərbaycana qarşı nəinki təkliflər, hətta tələblər irəli sürülür. O mənada ki, Azərbaycan da ümumi düşmən olan, hətta Azərbaycanın özünün də hədəfində olduğu İŞİD terroruna qarşı elan edilmiş müharibədə Rusiyanın təşkil etdiyi koalisiyada iştirak etməlidir. Hələlik bu, təklif xarakterli olsa da, verilən bəyanatların tonundan hiss olunur ki, artıq Azərbaycana təklif tələb formasına keçir. 

Məsələ burasındadır ki, bu məsələnin kökündə təkcə İŞİD-lə mübarizə məsələsi dayanmır, Rusiyanın geosiyasi maraqlarının təmin olunması durur. Çünki Rusiyanın başladığı hərbi əməliyyatlardan da bəlli oldu ki, əslində Moskva İŞİD-lə birmənalı mübarizə aparmaq və onu çökdürmək niyyətində deyil. Rusiya Suriyada mövcud olan türkmən güc mərkəzlərini və Əsəd rejiminə qarşı dünyanın qəbul etdiyi sivil müxalifəti vurmaqla məşğuldur. Bu da onu göstərir ki, Rusiyanın Türkiyəyə, türk dünyasına da qarşı məkrli planları mövcuddur. Rusiya Azərbaycanı da bu planlarını həyata keçirmək prosesinə cəlb etmək istəyir. Belə bir durumda Türkiyə silahlı qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana gəlişi çox əhəmiyyətli səfər kimi dəyərləndirilməlidir”.

Ekspert hesab edir ki, yuxarıda qeyd olunan məsələ Azərbaycan rəhbərliyi ilə müzakirə olunacaq. Yaranmış vəziyyətdə Ankara, yəqin ki, Türkiyə ilə Azərbaycanın koordinə olunan bir fəaliyyət proqramının ortaya çıxmasına çalışacaq: “Bu gün Azərbaycan Türkiyənin olduğu güc mərkəzinin yanında yer almalıdır. Rusiyanın təşkil etdiyi koalisiya əsasən İran, ”Hizbullah" təşkilatından və Bəşər Əsəd rejimindən ibarətdir. Türkiyə Azərbaycanın belə bir koalisiyada hər hansı şəkildə yer almasını haqlı olaraq istəmir. Hulusi Akar da, çox güman ki, həm də bu istəyi Azərbaycan rəhbərliyinin nəzərinə çatdırmaq üçün gəlir. 

Məncə, Azərbaycan hakimiyyətinin də yaranmış geosiyasi, geohərbi durumda Türkiyə ordusunun Baş Qərargah rəisi ilə məsləhətləşmələrə ehtiyacı yaranıb. Baş Qərargah rəisinin indiki zamanda Azərbaycana gəlişi hər iki tərəf üçün çox əhəmiyyətli hadisədir. Son vaxtlar Dağlıq Qarabağ cəbhəsində gərgin vəziyyətin yaranmasını da nəzərə alsaq, Hulusi Akarın Bakıya gəlişində Qarabağ cəbhəsində hərbi əməliyyatlar məsələsinin də müzakirə mövzularında olacağı istisna edilməməlidir. Bu baxımdan da Baş Qərargah rəisinin səfəri strateji önəm daşıyır". (Musavat.com) 






Fikirlər