Regionun iki supergücü barışır – şok gəlişmə; Son təyyarə insidenti bölgədə müharibə riskini artırmaqla yanaşı, tərəfləri təcili və müdrik addımlar atmaq zorunda qoyub; savaş ən çox kimə sərf edir?; Prezident Ərdoğanın qarşıdakı Bakı səfərinin daha bir pərdəarxası; Qarabağ məsələsi də yeni keyfiyyət mərhələsinə adlaya bilər, əgər...
Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava məkanını yenidən pozması, gözlənildiyi kimi, iki ölkə münasibətləri ilə yanaşı, regiondakı gərgin və təhlükəli duruma da əlavə gərginlik qatıb. Faktın NATO və Pentaqon tərəfindən də fiksə edilməsinə rəğmən, rəsmi Moskvanın üzrxahlıqdan yayınması bir sıra ekspertlərə görə, situasiyanı daha da tündləşdirib və hətta böyük savaş ehtimalının ciddi olduğunu, “Putinin müharibə bəhanəsi axtardığını” düşünən rusiyalı təhlilçilər var.
Bu arada vəziyyətin dramatikliyini nəzərə alan NATO-nun “Patriot” raket sistemlərini Türkiyəyə qaytarmaq, ABŞ-ın isə Gürcüstan-Ermənistan sərhədini möhkəmlətmək qərarı verməsi də siyasi müşahidəçilərin diqqətindən yayınmayıb və onlarda müharibə ilə bağlı əminliyi gücləndirib.
Lakin digər qisim analitiklərə görə, situasiya zahirən gərgin və dramatik görünsə də, əslində müharibə riski güclü deyil, çünki tərəflər bunun onların hər ikisi üçün yumsaq yazsaq, ziyanlı olacağının, hər halda, fərqindədir. Ayrı sözlə, situasiyanı daha da qəlizləşdirmək yox, ondan çıxmaq, hər iki tərəf üçün məqbul barış formatı tapmaq üçün qapalı kanallarla səylər göstərildiyi də gələn informasiyalar sırasındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son təyyarə insidentindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olması haqda açıqlamasını da onlar məhz bu qəbildən qənaətlər üçün qiymətli faktor hesab edirlər.
***
Bu xüsusda əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də təmaslarda və vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir.
O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. “Təbii ki, bunu Qərb və Alyans istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə ”üçüncü qüvvə" yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək" - əlavə edib mötəbər mənbə.
Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir. Bu barədə kifayət qədər yazıldığından, üstündə çox dayanmayacağıq...
***
Maraqlıdır ki, Türkiyədəki əməkdaşımız Kənan Rövşənoğlunun bir neçə gün öncə Ankarada müsahibə götürdüyü “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay da belə bir fikir söyləmişdi ki, yaxın günlərdə barış ola bilər.
Sitat: “Növbəti dəfə sərhəd pozuculuğu baş verərsə, Türkiyə Rusiyanın daha bir təyyarəsini vura bilər. Bu səbəbdən tərəflər böhran daha da qanlı toqquşmaya çatmamış diplomatik danışıqlara başladılmalıdır. Türkiyənin Rusiya ilə qarşıdurmaya girməsi Qərb ölkələrinin marağına uyğundur. ABŞ-dakı seçkilərə qədər ABŞ və İran bloku Rusiya ilə Türkiyəni savaşın sərhədinə gətirə bilər. Bunu önləmək üçün iki ölkə qısa zamanda bir araya gəlməlidir. Əgər gələ bilmirlərsə, ən azı diplomatlar səviyyəsində danışıqlar başlamalıdır. Əks halda, bu qarşıdurmada Rusiya və Türkiyə böyük fəlakətlə üz-üzə qala bilər. Rusiya və Türkiyə bir an öncədə bu gərginliyi bir kənara buraxıb, ən ciddi səviyyədə danışıqlara başlamalıdır. Son olay əslində danışıqların başlanmasına səbəb olmalıdır”.
***
Nəhayət, diqqətçəkici başqa bir məqam son baş verənlərin fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə (fevralın 18-də) Bakıya səfərə hazırlaşmasıdır. Yayılan xəbərə görə, Bakıda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilməlidir.
Sözsüz ki, Moskva ilə münasibətlərin durumu və Dağlıq Qarabağ məsələsi də Bakıda diqqət mərkəzində olacaq. Bəzi mənbələrə görə, səfər çərçivəsində bu və digər aktual mövzulardan dolayı bir sıra “i”lərin üzərində nöqtə qoyula bilər.
Rusiya-Türkiyə münasibətlərinin normallaşması isə Azərbaycanın da köklü maraqlarına cavab verir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 24 noyabr insidentindən sonra vasitəçilik təşəbbüsü ilə çıxış eləmişdi. Yəni rəsmi Bakının da son proseslərdən dolayı işin içində olduğu deyilir.
***
Əlbəttə ki, bölgə və ətrafında gedən son həyəcanlı proseslər, Ankara-Moskva münasibətlərinin kəskin şəkil alması Azərbaycanın maraqlarına da ziddir. Ən azından bizim Dağlıq Qarabağ kimi çox qəliz problemimiz var və məntiq diktə edir ki, onun həllinə Moskva-Ankara müttəfiqliyi daha çox töhfə verə bilər, nəinki bu iki regional güc arasında ziddiyyətli münasibətlərin davam eləməsi.
Nəzərə alsaq ki, “erməni kartı” Kremlin əlində ən çox Bakıya qarşı yönəlib və şimal qonşumuz istənilən an münaqişə zonasında ermənin əli ilə təxribata əl ata bilər, o zamana qardaş ölkə ilə Rusiya arasında barışıq Qarabağ məsələsi ətrafında situasiya da keyfiyyətcə yeni və daha əlverişli mərhələyə də keçə bilər.
(Azərtaym.az)