Kremlin Ankaraya qarşı yeni əsəb savaşı

 

bitmap-img6


Rusiyanın Türkiyəyə qarşı informasiya müharibəsini genişləndirmək cəhdlərinin təhlükəli pərdəarxası; Moskvanın yaxın hədəfində iki qardaş ölkənin arasını vurmaq planı da var...

 

 
Türkiyənin Rusiyaya məxsus “Su-24" təyyarəsini vurması nəinki bölgədə, bütövlükdə dünyada yeni və həssas bir situasiya yaradıb. 
Siyasilərin, təhlilçilərin əsas diqqəti indi bu olaydan sonra Kremlin özünü necə aparacağı, Rusiya-Türkiyə, Rusiya-NATO (Qərb) münasibətlərinin hansı məcrada inkişaf tapacağı və nəhayət, bölgədəki və dünyadakı kövrək sabitliyi nə gözləməsi ətrafındadır.
Rusiya hələ ki özünü çox aqressiv aparır. Anlaşılandır, çünki onun dirçəlməkdə olan imperiya qüruru NATO üzvü, tarixi rəqib Türkiyə tərəfdən zərbə yeyib. Bu üzdən yeni rus çarı Vladimir Putinin hansısa yolla öz pərtliyini kompensasiya etməyə çalışması tamamilə anlaşılandır. 
Təbii ki, Türkiyəyə qarşı müharibə elan eləmək və ya hansısa sərt hərbi tədbirə əl atmaq şimal qonşumuz tərəfdən ağılsızlıq və hətta siyasi intihar olardı. Nədən ki, vurğulandığı kimi, regionda və dünyada vəziyyət olduqca mürəkkəbdir, balaca bir qığılcım qlobal fəlakətə gətirə bilər ki, bunun da altını hərbi analitiklərə görə ən birinci Rusiya çəkər. 
İkinci yandan, Türkiyə sıradan bir dövlət, Ukrayna deyil ki, eyni ssenarini ona qarşı da tətbiq eləmək mümkün olsun - hərçənd heç Rusiya Ukraynada da hərbi müdaxilə ilə istəyinə tam nail olmayıb və geri çəkilmək zorunda qalıb. 
Üçüncüsü isə beynəlxalq sanksiyalar altında sıxılan Rusiyaya indiki əlverişsiz iqtisadi durumda özünə yeni qaynar cəbhə açmaq əsla gərək deyil. Yeri gəlmişkən, iqtisadi sanksiyalardan əziyyət çəkən və büdcəsi kasadlaşan  Rusiyanın Türkiyəni iqtisadi sanksiyalarla hədələməsinin  özü bu mənada absurd görünür.          
  
Sözsüz ki, Rusiyanın siyasi-hərbi isteblişmenti də bu və digər kontur-amillərin fərqindədir. Kreml başçısının son açıqlamalarından bunu sezməmək mümkünsüzdür. Məsələn, Vladimir Putinin hələ də Türkiyədən üzrxahlıq gözləməsini açıq dilə gətirməsi buna sübutdur. Hiss olunur ki, Moskva sakitləşmək və ilk öncə özünə zərəri olacaq iqtisadi embarqo hədələrindən geri çəkilmək üçün Türkiyənin yardımı ilə məqbul bir yol axtarır.
***
Ancaq rəsmi üzrxahlıq olmayacaq. Ən azı ona görə ki, belə bir addım Türkiyənin özünü Rusiya önündə kiçiltməsi, aşağılaması demək olardı. Əslində “Su-24" təyyarəsi elə Türkiyənin öz qürurunu qoruması, Moskvanın ona neçə vaxtdır aşağılayıcı münasibətini durdurmaq naminə vurulub.     
Üzrün olmayacağını prezident Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24" telekanalına müsahibəsində aydın şəkildə bildirib. Üstəgəl, o, xəbərdarlıq edib ki, hava məkanı yenə pozulsa, Ankara eyni addımı atacaq. Bu harasıdır, Ərdoğan ardınca əlavə edib ki, əgər Türkiyə təyyarəsi Suriya ərazisində Rusiyanın ora göndərdiyi S- 400 sistemi tərəfindən vurularsa, bu, Ankaraya qarşı təcavüz hesab ediləcək və adekvat cavabı olacaq.     
Hərçənd Türkiyə lideri müsahibəsində belə bir xəfif jest də edib ki, “təyyarənin Rusiyaya məxsusluğu öncədən bilinsəydi, Ankara fərqli də davrana bilərdi”. Bu jest situasiyanı müəyyən qədər yumşaltsa da belə görünür, Rusiya rəhbərliyi üçün, daxildə reytinqi kəllə-çarxa çıxan Putin üçün yetərli olmayıb. Hər halda, Kremlin aqressiv tonu əsasən qalmaqdadır. 
***
Belə bir ton indi daha çox Rusiyanın qardaş ölkə əleyhinə apardığı təbliğat müharibəsində özünü qabarıq  göstərməkdədir. Təhlükəli məqam həm də ondan ibarətdir ki, şimal qonşumuz informasiya savaşına Azərbaycanı da öz tərəfindən (!) qatmağa, iki qardaş ölkə arasında nifaq və etimadsızlıq toxumu səpməyə çalışır. 
Misal üçün, dünən Rusiyanın aparıcı telekanallarından və Kremlin güclü təbliğat ruporlarından olan NTV-də Türkiyə əleyhinə yayımlanan növbəti verilişdə belə bir fikir keçdi ki, guya Ankara təkcə Moskva ilə deyil, digər qonşularla - Yunanıstan, Bolqarıstan, İranla da (Suriya bəllidir) gərgin münasibətdədir və hətta ona ən yaxın olan Azərbaycan son insidentə görə İstanbuldakı konsulunu (Həsən Zeynalov - red.) geri çağırıb. 
Halbuki bildiyimiz qədər, İstanbul konsulu ilə yanaşı, daha bir neçə ölkədəki Azərbaycan səfirləri rotasiya qaydasında geri çağırılıb. Ancaq gəl ki, məsələnin bu tərəfinə NTV əsla toxunmadı. Bu faktın özü Moskvanın yaratmaq istədiyi virtual anti-Türkiyə koalisiyasında Bakını da görmək istədiyinin təzahürü sayıla bilər.  
Söz düşmüşkən, “Su-24" məsələsində Rusiyanın mövqeyini ən güclü şəkildə müdafiə edən ölkələr, gözlənildiyi kimi, İran (prezident Həsən Ruhaninin açıqlamasını yada salın), Yunanıstan, Ermənistan və Türkiyəni sevməyən başqa daha bir neçə ölkədir.         
***
İstənilən halda “Su-24" insidenti Azərbaycan üçün də kifayət qədər yeni və həssas bir situasiya yaradıb. Söhbət hətta xarici siyasətdə strateji seçimi tezləşdirmək imperativindən gedir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təcili Bakı səfəri, heç şübhəsiz, öncəliklə təzə situasiyanın doğurduğu bu imperativlə bağlı olub. 
Təyyarə insidenti əlbəttə ki, Türkiyə və Rusiyanı öz dost-müttəfiqlərinin səfinə təzədən baxmaq və onu səf-nəzər eləmək zorunda qoyub. Məsələ bundadır. Odur ki, gözləyək görək, Türkiyə XİN başçısının ardınca Rusiyanın hansı rəsmisi (emissarı) paytaxtımıza  təşrif buyuracaq. (musavat.com)






Fikirlər