Türkiyə-Rusiya məsələsində jurnalistlərimiz necə davranmalıdır? — AMAŞOV CAVABLANDIRIR
Türkiyənin hava sərhəddini pozduğuna görə Rusiyaya məxsus "SU 24" tipli təyyarəni vurması Azərbaycan mətbuatını da iki cəbhəyə ayırıb. Jurnalistlərin bir qismi hesab edir ki, Türkiyə haqlıdır və Rusiya təyyarəsini vurmaqla doğru olanı edib. Başqa bir kəsim isə bu qənaətdədir ki, "SU 24"-ün vurulması regionda sabitliyə mənfi təsir göstərəcək. Şübhəsiz ki, bu mövqelər son günlər mətbuatımızda gedən yazılarda da əks olunmaqdadır. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə bizə qardaş dövlət olduğu kimi Rusiya da qonşu ölkədir. Bəs belə bir həssas məqamda Azərbaycan mətbuatı necə davranmalıdır? Ölkə.az bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun fikirlərini öyrənib. Şura sədri bildirib ki, belə məqamlarda daha çox ekspertlər rəy bildirməlidir: "Hazırda mediada müxtəlif yönlü məlumatlar yayılır. Kimi Türkiyəni dəstəkləyir, kimi qınayır. Mənə elə gəlir ki, bu məsələni araşdırmaq lazımdır. Türkiyə bizə qardaş ölkədir, Rusiya ilə qonşuyuq, böyük ölkədir. Belə məqamlarda baş verən olayları dəqiq öyrənmək lazımdır. Əgər doğrudan da Türkiyə tərəfinin dediyi həqiqətdirsə, Rusiya təyyarəsi Türkiyənin hava sərhədini dəfələrlə edilən xəbərdarlıqlara rəğmən pozubsa, deməli, Türkiyə haqlıdır. Əgər təyyarələr sərhəddən çox uzaq olubsa, bu baxımdan da yəqin ki, fikir müxtəlif ola bilər. Ölçüb biçməli və mütəxəssis olanlar, politoloqlar obyektiv fikir söyləməlidir. Türkiyənin öz qanunları, təhlükəsizlik konsepsiyası, müdafiə üçün qəbul etdiyi qaydalar var. Onlara əməl edərək davranmaq lazımdır".