Suriyada rus ordusu yoxdur! – İsrail eksperti
Rusiya Suriya müharibəsinin nəticəsinə müdaxilə edə bilməz. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında İsrail eksperti Avraam Şmuleviç söyləyib. Onun sözlərinə görə, Rusiyanın bölgədəki sonuncu fəalliyyətləri yalnız təbliğat xarakteri daşıyır: “Rusiyanın hazırda Suriyada olan hərbçiləri yalnız hərbi əməliyyatların bir neçə faizini reallaşdıra bilər. Bu gün Suriyada 30 Rusiya təyyarəsi və təxminən o qədər də vertolyot var. Bu isə müharibənin gedişinə təsir edə bilməz. 30 təyyarə heç nədir. Təkcə amerikalılar Suriya böhranı zamanı burada 7 min hərbi uçuş həyata keçiriblər. Əsəd qüvvələri öz ərazilərinin 80%-nə nəzarəti itirib. Rusiya məhz hökumətə qarşı olan qüvvələrə cavab verməlidir. Rusiya Baş Qərargahının qiymətləndirilməsinə görə, İŞİD-in sıralarında 70 min adam döyüşür. Bundan əlavə, Nüsrə Cəbhəsi, Azad Suriya Ordusu və digər təşkilatlarla birgə Rusiya 200-300 min döyüşçüyə qarşı döyüşməlidir. Ona görə də 1500 rus əsgəri heç nədir. Məhz bunun üçün biz deyə bilərik ki, Suriyada Rusiya ordusu yoxdur. Ona görə də Rusiya mətbuatının İŞİD-in qaçması ilə bağlı informasiyalarının arxasında sadəcə təbliğat dayanır”.