Prezidentlər bir araya gəlir: Qarabağ müzakirədə
Antalyada baş tutacaq G20 zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlər nəzərdə tutulur. Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspert noyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında gözlənilən görüşdən danışıb: “Çox güman ki, bu görüşdə geosiyasi vəziyyətdən başqa, müvafiq qaz kəmərlərinin Türkiyə ərazisindən keçməsi, xüsusilə də enerji resurslarının Avropaya daşınması kimi önəmli iqtisadi məsələlər müzakirə ediləcək. Həmçinin ikitərəfli hərbi, siyasi məsələlər də gündəmdə olacaq. Çox maraqlı haldır ki, sammit ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Türkiyə və ABŞ dövlət başçıları ilə ikitərəfli görüşləri gözlənilir. Ümumiyyətlə, bu görüşlərdə Türkiyə Azərbaycanın bir təmsilçisi kimi çıxış edə bilər. Bu gün Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də məsələnin həlli və Ermənistanla müvafiq addımların atılması istiqamətində çox güman ki, ciddi söhbətlər aparılacaq. Bu nöqteyi-nəzərdən Rusiya və Azərbaycan prezidentlərinin görüşü istisna deyil”.
Qeyd edək ki, Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək. Azərbaycanın isə G20-də müşahidəçi statusunda iştirak edəcək.(Azərtaym.az)