Əsas Səhifə > Dünya, Slayd > Türk milliyyətçiliyinin həzin durumu - TƏHLİL
Türk milliyyətçiliyinin həzin durumu - TƏHLİL7-07-2015, 18:27 |
![]() 1969-cu ildəki qurultayda adını Milliyyətçi Hərəkat Partiyası (MHP) qoyan bu siyasi təşkilat seçki sisteminin verdiyi fürsətdən istifadə edərək qazana bildiyi 2-3 mandatla Süleyman Dəmirəlin 1970-ci illərin ortalarında qurduğu Milliyyətçi Cəbhə hökumətlərinə ortaq ola bilmiş, Alparslan Türkeşə birinci və ikinci MC hökumətlərində baş nazirin müavini kreslosu verilmişdi (hökumətlərin o biri ortağı isə Nəcməttin Ərbakanın Milli Səlamət Partiyası olmuşdu).Fəqət hökumətdə olmasına baxmayaraq, MHP ölkənin polis orqanlarında təşkilatlanmağa üstünlük verərək bunu daha məqsədəuyğun saymış və bununla həm rejimin müdafiəçisi, həm də “Şimaldakı Sovetlər Birliyindən gələ biləcək kommunizm təhlükəsinin qarşısının alınması” rollarını öz üzərinə götürmüşdü. Partiyanın öz “şturvalını” dinə doğru yönləndirməsi də 1969-cu ildəki qurultayda qəbul edilən qərarlardan sonra olmuşdu; sovet əsarəti altında olan türklərin “namus-qeyrətini çəkən” ABŞ-ın təbliğatları nəticəsində bizlər, yəni SSRİ-də yaşayan Türk mənşəli xalqlar islamdan tamamilə uzaqlaşaraq MHP-nin gözündə “dinsiz” duruma düşmüşdük (teatr bənzətməsiylə desək, əsərin əvvəlində divara “din” tüfəngi asan ABŞ-ın o tüfəngi MHP-çilərin əllərində atəş aça-aça Türk milliyyətçiliyini bugünkü “müsəlmandan daha çox din müdafiəçisi” durumuna qədər gətirib-gələcəkdi). 1970-ci illərin Türkiyəsi “sağ-sol” vuruşmalarının acı tablolarını yaşatmaqdadır. Süleyman Dəmirəl ilə Bülənt Ecevitin siyasət səhnəsində yaratdıqları gərginlik pərdə arxasında “ülküçülərlə kommunistlər arasında” qanlı şəkildə davam edərək ölkəni 12 sentyabr 1980-ci il hərbi çevrilişinə doğru sürüklədi; “ülküçülərin” qeydsiz-şərtsiz liderinin Alparslan Türkeş olduğu məlum idi; vuruşmanın əks qütbündəki “kommunistlərin” yekcins təşkilatından və liderindən isə söhbət getmirdi- onlar çox parçalı idilər. Nəticədə 12 sentyabr hərbi çevrilişi hər ikisinin üzərindən asfalt basan maşın kimi keçdi. Bir müddətli həbsdə olmaq şərtiylə illərlə məhkəmələrdə özünü müdafiə etmək məcburiyyətində qalan Alparslan Türkeşə qoyulan siyasi qadağa 1987-ci ilin payızındakı referendumla ləğv edildi. Siyasi yasaqları ləğv edilən Dəmirəl, Ecevit və Ərbakanın öz təşkilatlarını gücləndirməyə imkan verməyən Özalın “basqın seçkiyə getməsinə” görə, sadəcə, Dəmirəlin Doğru Yol Partiyası 59 millət vəkiliylə Məclisə girə bildi; o birilər 1991-ci ilin oktyabrında keçiriləcək parlament seçkisini gözləmək məcburiyyətində qaldılar. 20 oktyabr 1991-ci ildə keçirilmiş seçki ərəfəsində xalqa “Böyük ittifaq” şəklində təqdim edilən bir koalisiya quruldu: Ərbakanın Rifah Partiyasının başını çəkdiyi koalisiyaya Alparslan Türkeşin Milliyyətçi Çalışma Partiyası (hərbi çevrilişdən sonra qapadılan MHP-ni açmaq mümkün olmamışdı) və Aykut Edibalinin Millət Partiyası daxil idi. Ərbakan 38, Türkeş 22, Edibali isə 3 millət vəkiliylə Məclisə girəndən sonra seçki koalisiyası dağıldı. Hər halda, o seçkidə Türk milliyyətçiləri din üzərindən siyasət yapmağın ən asan yol olmasının həzzinə vardılar ki, sonrakı dönəmdə din faktoru dünyada örnəyi olmayan şəkildə Türkiyənin “milliyyətçi” olduğunu iddia edən partiyasının ruhunu sarıb-sarmaladı. 1991-95 ci illər arasında Məclisdə olduğu müddətdə (1992-ci ilin iyulunda Mühsin Yazıcıoğlu 6 arkadaşıyla ayrılıb Böyük Birlik Partiyasını qurdu, Məclis fraksiyası əlindən gedən Türkeş, öz yetişdirməsi olan Yazıcıoğlunu “davaya xəyanətdə” günahlandırdı) Alparslan Türkeş əvvəlcə Dəmirələ, daha sonra isə Çillərə qarşı müxalif partiya lideri funksiyasını yerinə yetirməkdən çox, Ərdal İnönünün SHP-sindən Məclisə girən kürd mənşəli millət vəkilləriylə savaşdı. ”PKK terrorunu 1 ildə bitirərəm; dövlət lazımi dəstəyi versin, 6 aylıq təlimdən sonra 6 ayda terrorçuların axırına çıxacağam” - Türkeşin o dönəmə damğasını vuran sözlərindən idi. 24 mart 1995-ci ildə keçirilən seçkiyə böyük ümidlərlə gedən MHP 8.5% səslə Məclisdən kənarda qaldı, Ərbakanın Rifah Partiyası isə 22.7;-lə seçkisinin birincisi oldu. Partiyanın Məclisdən kənarda qalmasına etiraz edincə, idarəçilərdən bir neçəsi Türkeş tərəfindən o dəqiqə vəzifədən uzaqlaşdırıldı. 4 aprel 1997-ci ildə qəfildən vəfat edən Alparslan Türkeşin təntənəli dəfn mərasimində diqqəti cəlb edən nüanslardan biri- Türkeşin ikinci xanımı Sevalın mərasim boyunca bozqurd işarəti yaparaq dolaşması oldu; bu, xanım Türkeşin, MHP-nin gələcəyində ən çox özünün haqqı olduğuna bir işarəydi, necə ki, ambisiyaları sonrakı dönəmdə müxtəlif forma və metodlarla özünü göstərdi. 6 iyunda keçirilən fövqəladə qurultayda Devlet Bahçeli və Enis Öksüzlə birlikdə Tuğrul Türkeş də sədrliyə namizəd oldu. Demokratik şəraitdə keçən qurultayda Bahçelinin sədr seçilməsini qəbul etməyən Ülkü ocaqlarının başqanı Azmi Karamahmutoğlu salonu bir-birinə qataraq “Fərdi şəkildə aksiyanı başladıram”- şüarıyla salondan ayrılmayacağını elan etsə də, nəticə dəyişmədi. Tuğrul Türkeş tərəfdarlarının tələbiylə bir müddət sonra keçirilən qurultayda Devlet Bahçeli çıxış etməyi belə lüzum görməyərək kreslosunu qorudu. Daha sonra Aydınlıq Türkiyə Partiyasını (ATP- ni “Alparslan Türkeş Partiyası” kimi oxuyanlar da az deyildi) quran Tuğrul Türkeş, həm siyasi sahədə, həm də media üzərindən yürütdüyü fəaliyyətlərin nəticəsində Bahçelini devirə bilməyəcəyini anlayınca “yelkənlərini suya endirdi” və Bahçelinin dəvətiylə 2007-ci iyulunda keçirilən seçki ərəfəsində MHP-yə qatılaraq əvvəlcə Ankara millət vəkili, daha sonra sədrin müavini seçildi. Statusunu bu gün də davam etdirir... Hökumətə sıçrama ![]() 3 noyabr 2002-ci ildəki seçki Məclisdəki 5 partiyanın hamısını kənara atdı. Devlet Bahçelinin fövri qərarı sayəsində Türkiyədə AKP iqtidarı dönəmi başladı. 1995-99-cu illər arsında reytinqini 10% artıran milliyyətçi partiya bu dəfə 10% reytinq itirmişdi.... ”Əziz millətimiz bizə müxalifət vəzifəsi verdi” ![]() Seçki həyəcanı bitər-bitməz təxirə salınan prezident seçkisi gündəmə gəldi. Abdullah Gül yenidən namizəd oldu, Gülün seçilməsi üçün salonda 367 millət vəkilinin olması konstitusiyanın şərtiydi. Ana müxalifət partiyası CHP, seçkidən əvvəl bəzi təməl şərtlərini AKP-yə qəbul etdirmək üçün salona girməməyi qərarlaşdırdı, MHP isə heç bir şərt irəli sürmədən Məclisə girərək Gülün problemsiz şəkildə prezident seçilməsinə öz töhfəsini verdi. O seçkidən 2 ay sonra Ankarada görüşdüyüm bir MHP Kars millət vəkilinə demişdim ki, niyə heç bir güzəşt əldə etmədən Gülün seçilməsinə qeydsiz-şərtsiz dəstək verdiniz? -Biz Ce-Ha-Pə- dən səs ala bilmərik, A-Kə-Pə-dən səs qoparmaq istədiyimizə görə, indidən gələcəyə yatırım yapırıq. Bu, illərdən bəri izlədiyim MHP-nin gündəlik siyasətə baxışıydı; seçici kütləsinin böyük qismi din üzərindən siyasət yapan partiyaya (AKP-yə və Gülənin sıralarına) getmiş, qalanlar da “kraldan çox kralçı”- AKP-dən çox islamçı- olmuşdular. 2008-ci ilin yanvarında AKP-nin Məclisə gətirdiyi və dövlət idarələrində hicabı sərbəst buraxan qanunu dəstəkləyəndən sonra agentliyimizə yazdığım təhlildə “Növbəti seçkidə MHP üçün indidən “Nyoritsa, nyorutsa, tsap,tsap,tsap”- mahnısını sifariş verirəm”- cümlə qeyd etidiymi xatırlayıram. Sonrakı dönəmdə də Bahçelinin həftədə bir dəfə Məclis kürsüsündən, Oktay Vuralın isə həftədə 2-3 dəfə Məclisin mətbuat konfransı otağından AKP-yə “salvolar sallamaqlarına” rəğmən, Türk milliyyətçilərini Məclisdə təmsil etmək iddiasında olan partiyanın fəaliyyəti siyasəti izləyənlər tərəfindən “AKP iqtidarının dəstəkçisi” sözləriylə simvollaşdırıldı. 12 iyun 2011-ci ildəki seçki ərəfəsində məhz AKP-Gülən ittifaqı kasetlərlə MHP-ni yenidən Məclisdən kənara atmaq üçün bütün gücünü qoysa da, MHP 10%-lik bariyeri CHP seçicilərinin nümayiş etdirdiyi dəstək sayəsində keçə bildi; xüsusilə, böyük şəhərlərdəki 5 CHP səsindən 1-i MHP-yə getmişdi. Yenidən müxalifətdə qalmağın haqq-hesabını çəkən olmadığına görə, Bahçeli də MHP baş qərargahındakı və Məclisdəki kreslolarında oturmağa davam etdi. 2011-2015-ci illər arasında 4 illik dönəm eyni ssenari əsasında tamamlandı; hər həftənin ikinci günü Devlet Bahçeli MHP-nin Məclisdəki fraksiyasının önündə hökuməti sərt ələşdirdi, Tayyip Ərdoğan bunları vecinə də almadı; Oqtay Vuralın tənqidləri də AKP-nin tükünü tərpətmədi... "Biri Türkiyəni parçalamağı qarşısına məqsəd qoyub, o biri parçalatdırmamağı" ![]() “Sözcü”dən Bəkir Coşkunun ironik müqayisəsiylə yazıya nöqtə qoymağın vaxtı gəldi :”Ya da MHP-nin durumu. MHP ilə HDP-nin səsləri və kreslo sayı aşağı-yuxarı eynidir. Biri Türkiyəni parçalamağı qarşısına məqsəd qoyub, o biri parçalatdırmamağı. Amma seçki qutusundan eyni səslə çıxırlar. Bir tərslik yoxdurmu?” Aydınlanmağı rədd edərək dinin ağuşuna hər gün daha çox atılan milliyyətçiliyin bundan sonrakı dönəmdə nəinki dünyanı, Türkiyəni də oxuması mümkün olmayacaqdır. MHP-nin Kars və İğdırdakı acınacaqlı məğlubiyyətinin səbəblərinə mötərizə içərisində baxma haqqımı qoruyuram. Geri qayıt |