Türk milliyyətçiliyinin həzin durumu - TƏHLİL
1969-cu ildəki qurultayda adını Milliyyətçi Hərəkat Partiyası (MHP) qoyan bu siyasi təşkilat seçki sisteminin verdiyi fürsətdən istifadə edərək qazana bildiyi 2-3 mandatla Süleyman Dəmirəlin 1970-ci illərin ortalarında qurduğu Milliyyətçi Cəbhə hökumətlərinə ortaq ola bilmiş, Alparslan Türkeşə birinci və ikinci MC hökumətlərində baş nazirin müavini kreslosu verilmişdi (hökumətlərin o biri ortağı isə Nəcməttin Ərbakanın Milli Səlamət Partiyası olmuşdu).Fəqət hökumətdə olmasına baxmayaraq, MHP ölkənin polis orqanlarında təşkilatlanmağa üstünlük verərək bunu daha məqsədəuyğun saymış və bununla həm rejimin müdafiəçisi, həm də “Şimaldakı Sovetlər Birliyindən gələ biləcək kommunizm təhlükəsinin qarşısının alınması” rollarını öz üzərinə götürmüşdü. Partiyanın öz “şturvalını” dinə doğru yönləndirməsi də 1969-cu ildəki qurultayda qəbul edilən qərarlardan sonra olmuşdu; sovet əsarəti altında olan türklərin “namus-qeyrətini çəkən” ABŞ-ın təbliğatları nəticəsində bizlər, yəni SSRİ-də yaşayan Türk mənşəli xalqlar islamdan tamamilə uzaqlaşaraq MHP-nin gözündə “dinsiz” duruma düşmüşdük (teatr bənzətməsiylə desək, əsərin əvvəlində divara “din” tüfəngi asan ABŞ-ın o tüfəngi MHP-çilərin əllərində atəş aça-aça Türk milliyyətçiliyini bugünkü “müsəlmandan daha çox din müdafiəçisi” durumuna qədər gətirib-gələcəkdi).
1970-ci illərin Türkiyəsi “sağ-sol” vuruşmalarının acı tablolarını yaşatmaqdadır. Süleyman Dəmirəl ilə Bülənt Ecevitin siyasət səhnəsində yaratdıqları gərginlik pərdə arxasında “ülküçülərlə kommunistlər arasında” qanlı şəkildə davam edərək ölkəni 12 sentyabr 1980-ci il hərbi çevrilişinə doğru sürüklədi; “ülküçülərin” qeydsiz-şərtsiz liderinin Alparslan Türkeş olduğu məlum idi; vuruşmanın əks qütbündəki “kommunistlərin” yekcins təşkilatından və liderindən isə söhbət getmirdi- onlar çox parçalı idilər. Nəticədə 12 sentyabr hərbi çevrilişi hər ikisinin üzərindən asfalt basan maşın kimi keçdi. Bir müddətli həbsdə olmaq şərtiylə illərlə məhkəmələrdə özünü müdafiə etmək məcburiyyətində qalan Alparslan Türkeşə qoyulan siyasi qadağa 1987-ci ilin payızındakı referendumla ləğv edildi. Siyasi yasaqları ləğv edilən Dəmirəl, Ecevit və Ərbakanın öz təşkilatlarını gücləndirməyə imkan verməyən Özalın “basqın seçkiyə getməsinə” görə, sadəcə, Dəmirəlin Doğru Yol Partiyası 59 millət vəkiliylə Məclisə girə bildi; o birilər 1991-ci ilin oktyabrında keçiriləcək parlament seçkisini gözləmək məcburiyyətində qaldılar. 20 oktyabr 1991-ci ildə keçirilmiş seçki ərəfəsində xalqa “Böyük ittifaq” şəklində təqdim edilən bir koalisiya quruldu: Ərbakanın Rifah Partiyasının başını çəkdiyi koalisiyaya Alparslan Türkeşin Milliyyətçi Çalışma Partiyası (hərbi çevrilişdən sonra qapadılan MHP-ni açmaq mümkün olmamışdı) və Aykut Edibalinin Millət Partiyası daxil idi. Ərbakan 38, Türkeş 22, Edibali isə 3 millət vəkiliylə Məclisə girəndən sonra seçki koalisiyası dağıldı. Hər halda, o seçkidə Türk milliyyətçiləri din üzərindən siyasət yapmağın ən asan yol olmasının həzzinə vardılar ki, sonrakı dönəmdə din faktoru dünyada örnəyi olmayan şəkildə Türkiyənin “milliyyətçi” olduğunu iddia edən partiyasının ruhunu sarıb-sarmaladı. 1991-95 ci illər arasında Məclisdə olduğu müddətdə (1992-ci ilin iyulunda Mühsin Yazıcıoğlu 6 arkadaşıyla ayrılıb Böyük Birlik Partiyasını qurdu, Məclis fraksiyası əlindən gedən Türkeş, öz yetişdirməsi olan Yazıcıoğlunu “davaya xəyanətdə” günahlandırdı) Alparslan Türkeş əvvəlcə Dəmirələ, daha sonra isə Çillərə qarşı müxalif partiya lideri funksiyasını yerinə yetirməkdən çox, Ərdal İnönünün SHP-sindən Məclisə girən kürd mənşəli millət vəkilləriylə savaşdı. ”PKK terrorunu 1 ildə bitirərəm; dövlət lazımi dəstəyi versin, 6 aylıq təlimdən sonra 6 ayda terrorçuların axırına çıxacağam” - Türkeşin o dönəmə damğasını vuran sözlərindən idi.
24 mart 1995-ci ildə keçirilən seçkiyə böyük ümidlərlə gedən MHP 8.5% səslə Məclisdən kənarda qaldı, Ərbakanın Rifah Partiyası isə 22.7;-lə seçkisinin birincisi oldu. Partiyanın Məclisdən kənarda qalmasına etiraz edincə, idarəçilərdən bir neçəsi Türkeş tərəfindən o dəqiqə vəzifədən uzaqlaşdırıldı. 4 aprel 1997-ci ildə qəfildən vəfat edən Alparslan Türkeşin təntənəli dəfn mərasimində diqqəti cəlb edən nüanslardan biri- Türkeşin ikinci xanımı Sevalın mərasim boyunca bozqurd işarəti yaparaq dolaşması oldu; bu, xanım Türkeşin, MHP-nin gələcəyində ən çox özünün haqqı olduğuna bir işarəydi, necə ki, ambisiyaları sonrakı dönəmdə müxtəlif forma və metodlarla özünü göstərdi. 6 iyunda keçirilən fövqəladə qurultayda Devlet Bahçeli və Enis Öksüzlə birlikdə Tuğrul Türkeş də sədrliyə namizəd oldu. Demokratik şəraitdə keçən qurultayda Bahçelinin sədr seçilməsini qəbul etməyən Ülkü ocaqlarının başqanı Azmi Karamahmutoğlu salonu bir-birinə qataraq “Fərdi şəkildə aksiyanı başladıram”- şüarıyla salondan ayrılmayacağını elan etsə də, nəticə dəyişmədi. Tuğrul Türkeş tərəfdarlarının tələbiylə bir müddət sonra keçirilən qurultayda Devlet Bahçeli çıxış etməyi belə lüzum görməyərək kreslosunu qorudu. Daha sonra Aydınlıq Türkiyə Partiyasını (ATP- ni “Alparslan Türkeş Partiyası” kimi oxuyanlar da az deyildi) quran Tuğrul Türkeş, həm siyasi sahədə, həm də media üzərindən yürütdüyü fəaliyyətlərin nəticəsində Bahçelini devirə bilməyəcəyini anlayınca “yelkənlərini suya endirdi” və Bahçelinin dəvətiylə 2007-ci iyulunda keçirilən seçki ərəfəsində MHP-yə qatılaraq əvvəlcə Ankara millət vəkili, daha sonra sədrin müavini seçildi. Statusunu bu gün də davam etdirir...
Hökumətə sıçrama
28 fevral 1997-ci ildəki Milli Təhlükəsizlik Şurasında ordunun Ərbakan-Çillər koalisiyasına verdiyi ultimatum siyasi tarazlıqları alt-üst etdiyi kimi Konstitusiya Məhkəməsinin 1998-ci ilin fevralında Rifah Partiyasını qapatması siyasi böhranı daha da dərinləşdirdi. Məsut Yılmazın qurduğu hökumətə Ecevit baş nazir müavini kimi girmişdi, Çillərin Doğru Yol Partiyasından ayrılan Demokrat Türkiyə Partiyası da bir neçə nazir kreslosu alaraq hökumətə üzv olmuş, 8 illik fasiləsiz təhsil barədə qanunun bir an əvvəl çıxarılması şərtiylə Dəniz Baykal hökuməti dəstəkləmişdi. Baykalın tələbi yerinə yetirilsə də, 1998-ci ilin payızında mafiya lideri Ələddin Çakıcının Parisdə diplomatik pasportla yaxalanması və bəzi başqa hadisələr hökumət böhranını da özüylə gətirdi. Baş nazir Məsut Yılmazla görüşən Dəniz Baykal onun istefasını və 18 aprel 1999-cu il tarixinə parlament və bələdiyyə seçkiləri təyin edilməsinə dair qərarın yubanmadan qəbulunu istədi. Baykalın tələbləri qəbul edildi, ancaq ölkə hökumətsiz qalmışdı. Prezident Süleyman Dəmirəl, Türk siyasət tarixində o vaxta qədər (deyəsən indiyə qədər də) görünməmiş şəkildə hökuməti qurma vəzifəsini Məclisdə təmsil edilən hər hansı partiyanın liderinə yox, partiyası olmayan Muğla müstəqil millət vəkili Yalım Ərəzə verdi.T ansu Çillərin “Parlamentə sui-qəsd” adlandırdığı bu addım Yalım Ərəzin hökuməti qura bilməməsiylə ölkədəki siyasi böhranı daha da dərinləşdirincə, əlac Məclisin ən təcrübəli siyasətçisi Bülənt Ecevitin qapısını döyməyə qaldı; Tansu Çillərin təklifiylə Ecevit 4 aylıq seçki hökuməti quraraq ölkəni qadasız-bəlasız 18 aprelə çatdırmaq vəzifəsini öhdəsinə aldı. 21 ildən sonra yenidən baş nazir kreslosuna oturan Ecevitin yaşadığı ən önəmli hadisə, şübhəsiz ki, terror təşkilatının Suriyadan qaçaraq ölkə-ölkə dolaşan liderinin Keniyada yaxalanaraq Türkiyəyə gətirilməsi oldu. Aponun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Türkiyəyə verilməsi o biri partiyalarla müqayisədə Ecevitin Demokratik Sol Partiyasının və Bahçelinin Milliyyətçi Hərəkat Partiyasının reytinqini yüksəltdi.”Aponu asacağıq!”- şüarlarıyla seçki meydanlarına enən MHP, 18 apreldəki seçkidə Türk siyasət tarixi üçün əmsalı az görülən sıçramayla reytinqini 10% artıraraq Məclisin ikinci partiyası oldu. MHP bələdiyyə seçkisində də uğur qazanmışdı. Əvvəlki iki seçkidə olduğu kimi, seçicilər bu dəfə də koalisiyaya işarə etmişdilər. 5 partiyanın təmsil edildiyi Məclisdən etimad alan Ecevit-Bahçeli-Yılmaz koalisiyası 2 ilə yaxın müddətdə ahəngdar şəkildə çalışdı. 19 fevral 2001-də başlayan iqtisadi böhranın hökuməti sarsıtmaması mümkün deyildi. Böhranın hardan nəşət etdiyini yaxşı bilən baş nazir Ecevit, çarəni Dünya Bankının vitse-prezidenti Kamal Dərvişi Türkiyəyə dəvət edərək iqtisadiyyatın idarəçiliyini tamamilə Dərvişə verməkdə tapdı. Hökumətin MHP qanadından, nəqliyyat naziri Enis Öksüzlə "Türktelekom"un özəlləşdirilməsi məsələsinə görə yaşadığı atışmalardan başqa heç bir siyasi müqavimətlə qarşılaşmayan Dərviş, BVF və Dünya Bankı dəstəkli iqtisadi proqramı həyata keçirərək ölkə iqtisadiyyatını 1.5 ildən sonra yenidən ayağa qaldırdı. Bunun qarşılığında DSP-də Ecevitin xəstəliyi ilə başlayan xaosa Bahçelinin erkən seçki zümzümələri əlavə oldu. Yayın ortasında, erkən seçkiylə bağlı tarix – 3 noyabr- açıqlayan Bahçelini Ecevit də razı sala bilməyincə Məclis 31 iyulda qərar qəbul etmək məcburiyyətində qaldı: 3 noyabr 2002-ci ildə erkən seçki vardı. O günlərdə Məsut Yılmazın ANAP-ının Məclisə təqdim etdiyi Demokratikləşmə paketiylə Türk cəza qanununun MHP baxımından həyati əhəmiyyət kəsb edən maddəsi dəyişdirildi; ölüm cəzası yerini ömür boyu həbs cəzasına buraxaraq tarixə qarışdı. MHP 3.5 il əvvəlki seçki ərəfəsində Aponu asacağına dair tərəfdarlarına verdiyi sözü yerinə yetirə bilməmişdi.
3 noyabr 2002-ci ildəki seçki Məclisdəki 5 partiyanın hamısını kənara atdı.
Devlet Bahçelinin fövri qərarı sayəsində Türkiyədə AKP iqtidarı dönəmi başladı.
1995-99-cu illər arsında reytinqini 10% artıran milliyyətçi partiya bu dəfə 10% reytinq itirmişdi....
”Əziz millətimiz bizə müxalifət vəzifəsi verdi”
Seçkidə ağır məğlubiyyətə məruz qalan MHP-nin özünü toplaması üçün təxminən 3 il lazım oldu; MHP-nin və ülküçülərin itən səs-sorağı o dönəmdə Rüşən Çakır, Əli Bayramoğlu və b. yazarları “Bu ülküçülər haraya getdi?” başlığı altında “bozqurdlarla” sual-cavab şəklində silsilə yazılar yazmağa sövq etdi. Nəhayət, 2006-cı ilin ortalarından başlayaraq, MHP-nin səsi salon və meydanlardan gəlməyə başladı. 3 noyabr 2002-ci ildəki seçkidən sonra Məclisdən kənarda qalan bütün partiyaların liderləri istefa verdilər- təkcə Bahçelidən başqa. Bülətn Ecevitin Demokratik Sol Partiyası onsuz da seçkidən əvvəl parçalanıb cansız duruma düşmüş, əvvəlki seçkidən 22%-lə birinci çıxmış partiyanın reytinqi 3.5 ildən sonra 1%-ə enmişdi; ona görə Ecevitin istefası üçün təkid edən də olmadı. 2006-cı ilin payızından etibarən AKP hökumətinə təzyiqin dozasını artıran Devlet Bahçelinin baş nazir Ərdoğana qarşı ən çox işlətdiyi cümlə “Səni Türk ədliyyəsinə təslim edəcəyəm” idi. Ülküçülərin ayağa qalxması prosesi 2007-ci ildə keçirilməsi planlaşdırılan seçki yaxınlaşdıqca daha da sürətləndi və 22 iyulda 2007-dəki seçkidə MHP 71 millət vəkiliylə Məclisə qayıtdı. Seçki gecəsi Devlet Bahçelinin açıqlaması bu 6 kəlmədən ibarət idi :”Əziz millətimiz bizə müxalifət vəzifəsi verdi”.
Seçki həyəcanı bitər-bitməz təxirə salınan prezident seçkisi gündəmə gəldi. Abdullah Gül yenidən namizəd oldu, Gülün seçilməsi üçün salonda 367 millət vəkilinin olması konstitusiyanın şərtiydi. Ana müxalifət partiyası CHP, seçkidən əvvəl bəzi təməl şərtlərini AKP-yə qəbul etdirmək üçün salona girməməyi qərarlaşdırdı, MHP isə heç bir şərt irəli sürmədən Məclisə girərək Gülün problemsiz şəkildə prezident seçilməsinə öz töhfəsini verdi. O seçkidən 2 ay sonra Ankarada görüşdüyüm bir MHP Kars millət vəkilinə demişdim ki, niyə heç bir güzəşt əldə etmədən Gülün seçilməsinə qeydsiz-şərtsiz dəstək verdiniz?
-Biz Ce-Ha-Pə- dən səs ala bilmərik, A-Kə-Pə-dən səs qoparmaq istədiyimizə görə, indidən gələcəyə yatırım yapırıq.
Bu, illərdən bəri izlədiyim MHP-nin gündəlik siyasətə baxışıydı; seçici kütləsinin böyük qismi din üzərindən siyasət yapan partiyaya (AKP-yə və Gülənin sıralarına) getmiş, qalanlar da “kraldan çox kralçı”- AKP-dən çox islamçı- olmuşdular. 2008-ci ilin yanvarında AKP-nin Məclisə gətirdiyi və dövlət idarələrində hicabı sərbəst buraxan qanunu dəstəkləyəndən sonra agentliyimizə yazdığım təhlildə “Növbəti seçkidə MHP üçün indidən “Nyoritsa, nyorutsa, tsap,tsap,tsap”- mahnısını sifariş verirəm”- cümlə qeyd etidiymi xatırlayıram. Sonrakı dönəmdə də Bahçelinin həftədə bir dəfə Məclis kürsüsündən, Oktay Vuralın isə həftədə 2-3 dəfə Məclisin mətbuat konfransı otağından AKP-yə “salvolar sallamaqlarına” rəğmən, Türk milliyyətçilərini Məclisdə təmsil etmək iddiasında olan partiyanın fəaliyyəti siyasəti izləyənlər tərəfindən “AKP iqtidarının dəstəkçisi” sözləriylə simvollaşdırıldı. 12 iyun 2011-ci ildəki seçki ərəfəsində məhz AKP-Gülən ittifaqı kasetlərlə MHP-ni yenidən Məclisdən kənara atmaq üçün bütün gücünü qoysa da, MHP 10%-lik bariyeri CHP seçicilərinin nümayiş etdirdiyi dəstək sayəsində keçə bildi; xüsusilə, böyük şəhərlərdəki 5 CHP səsindən 1-i MHP-yə getmişdi. Yenidən müxalifətdə qalmağın haqq-hesabını çəkən olmadığına görə, Bahçeli də MHP baş qərargahındakı və Məclisdəki kreslolarında oturmağa davam etdi.
2011-2015-ci illər arasında 4 illik dönəm eyni ssenari əsasında tamamlandı; hər həftənin ikinci günü Devlet Bahçeli MHP-nin Məclisdəki fraksiyasının önündə hökuməti sərt ələşdirdi, Tayyip Ərdoğan bunları vecinə də almadı; Oqtay Vuralın tənqidləri də AKP-nin tükünü tərpətmədi...
"Biri Türkiyəni parçalamağı qarşısına məqsəd qoyub, o biri parçalatdırmamağı"
7 iyun seçkisinin ortaya çıxardığı tablo çox açıq idi; ölkədəki qütbləşməni və tək adam rejimini istəməyən seçicilər bunu həyata keçirməyin yolunu koalisiya iqtidarında görmüşdülər. Əhali konsesus istəyirdi, ilk dəfə seçkiyə müstəqil namizədlərlə yox, partiya şəklində girib 13% səs almış kürd siyasi hərəkatının qarşısına qoyulan seçici tələbi də bu idi. Ha zəlzələdən, ha vəlvələdən, kürd təmayüllü partiya 80 millət vəkiliylə Məclisdəydi. Ölkənin bütövlüyü naminə yeganə doğru yol onu siyasətin içinə daha çox çəkib üsuli-idarədə söz sahibi etmək idi; seçkinin ertəsi günkü yazımda iddia etmişdim, iddiamı yenə davam etdirirəm: MHP lideri Devlet Bahçeli seçki gecəsi HDP-yə qapını qapatmayıb müzakirə fürsəti tanısaydı, Türkiyənin önündə yeni üfüqlərin açılmasına bir “ağabəy” kimi liderlik edəcəkdi. Amma bunu etmədiyi kimi, Məclis spikeri seçkisində öz partiyasına “keçərsiz” səs verdirərək, siyasəti yeni bir erkən seçim macərasına sürükləmənin yolunu tutdu. Bu durum ən erkən seçkidə kürd milliyyətçiliyini daha da itiləyərək AKP-dəki kürd səslərinin hamısını ala bilmə potensialı yaradacağı kimi, MHP-nin yeni bir ziqzaqla qarşı-qarşıya qalmasının təməlini də atdı. 7 iyunda 80-80 olan tablo, Bahçelinin təkid etdiyi 15 noyabr axşamında 110-0 ola bilər.
“Sözcü”dən Bəkir Coşkunun ironik müqayisəsiylə yazıya nöqtə qoymağın vaxtı gəldi :”Ya da MHP-nin durumu. MHP ilə HDP-nin səsləri və kreslo sayı aşağı-yuxarı eynidir. Biri Türkiyəni parçalamağı qarşısına məqsəd qoyub, o biri parçalatdırmamağı. Amma seçki qutusundan eyni səslə çıxırlar. Bir tərslik yoxdurmu?”
Aydınlanmağı rədd edərək dinin ağuşuna hər gün daha çox atılan milliyyətçiliyin bundan sonrakı dönəmdə nəinki dünyanı, Türkiyəni də oxuması mümkün olmayacaqdır.
MHP-nin Kars və İğdırdakı acınacaqlı məğlubiyyətinin səbəblərinə mötərizə içərisində baxma haqqımı qoruyuram.