Rusiya Ukraynada atəşkəsə razı deyil, lakin təcavüzkarlıqda yenə də Avropa və Ukrayna günahlandırılır.
Qaynarinfo xəbər verir ki, belə kinayəli bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov "Diplomatik klub”un iclasında çıxış edib.
"Berlin də, Paris də, Brüssel də, London da Ukraynada sülh istəmir”, – deyə Lavrov bildirib və dərhal sonra Ukrayna, ABŞ və Avropa tərəfindən irəli sürülmüş atəşkəs təklifini rədd edib. Lavrovun sözlərinə görə, atəşkəs onlara Ukraynanın hərbi əməliyyatlara hazırlaşması üçün lazımdır.
Lavrov həmçinin ötən il Moskvanın ortaya qoyduğu "mövqeyə” istinad edib. Həmin mövqe müvəqqəti atəşkəsin bağlanmamasını, bununla da Ukraynanın silahlarla "təchiz olunmasının” qarşısının alınmasını nəzərdə tuturdu.
Bununla yanaşı, atəşkəsdən birbaşa imtina etməsi Lavrovun Qərbi Rusiyayla qarşıdurmaya "sürüklənməkdə” ittiham etməsinə mane olmayıb. Rusiya XİN rəhbəri yalnız Donald Trampı tərifləyib. ABŞ-ın yeni prezidentinin daxili və xarici siyasətdə yaratdığı xaosu Lavrov "normallığa qayıdış” adlandırıb. O həmçinin sevinclə bildirib ki, Tramp dövründə Rusiya ilə yenidən danışmağa başlayıblar.
Bu arada Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Putinin Türkiyəyə gəlməsi və onunla birbaşa danışıqlar aparılması ilə bağlı təklifini TASS agentliyinə şərh edərkən bildirib ki, Rusiya rəhbərinin yaxın vaxtlarda İstanbula səfər etməsi planlaşdırılmır. Peskovun sözlərinə görə, Putin Türkiyəyə göndərilən nümayəndə heyətinə tapşırıqlar verib və danışıqlarda tutacaqları mövqeyi müəyyənləşdirib, indi isə onlardan hesabat gözləyir.
Fikirlər