“QƏRB 1990-cı illərdə Rusiyaya SÖZ VERDİ ki...” – Lavrov ARXİVİ AÇDI
“Qərb söz verdi ki, NATO Şərqə irəliləməyəcək, amma “soyuq müharibə”dən sonra əldə olunan “dəmir” razılaşmaları pozdu”. AzerTaym.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Serbiyanın BETA agentliyinə müsahibəsində bildirib. “Qərb bütün vədlərin əksinə, NATO-nun genişləndirilməsinin xeyrinə seçim etdi. 1990-cı illərdə ABŞ və Avropa ölkələrinin rəhbərləri tərəfindən söz verilirdi ki, ittifaq Şərqə irəliləməyəcək”, - o deyib. Nazir qeyd edib ki, bu razılaşmalar hansısa müqavilələr və hüquqi sənədlərdə əksini tapmamışdı. Amma Lavrovun sözlərinə görə, Amerika arxivlərindən bu yaxınlarda məxfilikdən çıxarılan rəsmi sənədlər birmənalı göstərir ki, belə təminatlar SSRİ və ABŞ, Moskva və Berlin, Moskva və Paris arasındakı dialoqlarda verilirdi. Lavrov bildirib ki, Ukrayna böhranı da məhz ABŞ və NATO-nun siyasətinin nəticəsidir. “Ukrayna böhranı Rusiya və Qərb arasındakı indiki münasibətlərin səbəbi olmadı, o ehtimal ki, Qərbin, hər şeydən əvvəl ABŞ və NATO ölkələrinin “soyuq müharibə” bitdikdən sonra həyata keçirdiyi siyasətin nəticəsi oldu. Ukraynada baş verənlər bizim üçün sürpriz olmadı. Bu, NATO-nun seçdiyi xəttin nəticəsi idi”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib. Onun sözlərinə görə, NATO-nun genişləndirilməsi Avropanın təhlükəsizliyinə zərər verir: “NATO-nun genişləndirilməsi səhvdir və razılıqların pozulmasıdır. Bu, Avropada sabitlik və təhlükəsizliyin təminatı üzrə səylərə zərər verir. Hazırda NATO-da hazırlanan planlar Balkan ölkələri də daxil olmaqla, heç kəsin təhlükəsizliyini artırmır”. Lavrov Çernaqoriyanın NATO-ya qəbulunu (2017-ci ilin iyununda Çernaqoriya NATO-nun rəsmən 29-cu üzvü olub –red.) tamamilə süni və lazımsız adlandırıb. O əlavə edib ki, Avropa İttifaqı ultimatumlar irəli sürərək öz təsirini genişləndirir. “Mən heyfsilənirəm ki, Avropa İttifaqı öz təsirini ultimatumlar hesabına genişləndirməyə çalışır. “Şərq əməkdaşlığı” proqramı da bu məntiqlə həyata keçirilir. Biz Brüssel və başqa Avropa paytaxtlarında dəfələrlə elan edilmiş konsepsiyaya qayıtmağı üstün tutardıq. Fransanın keçmiş prezidenti Şarl De Qoll vaxtilə Atlantikadan Urala qədər vahid Avropa konsepsiyasını irəli sürdu, amma indi Rusiya artıq Lissabondan Vladivostoka qədər vahid Avropadan danışır”, - nazir deyib.