Qeyd edək ki, Nazirlər Kabineti ötən ilin Avqust ayında da belə qərarlar vermişdi. Həmin qərarlar avqustun 16-dan etibarən qüvvəyə minmiş və 60 gün müddətində qüvvədə olmuşdu. O vaxt iqtisadçılar bildirmişdilər ki, vergi və gömrük rüsumu güzəştləri qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq edilib. Aksiz və idxal rüsumunun ləğv olunması nəticəsində az oktanlı benzinlərin idxal xərci azalacaq. Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək.
Ekspertlərin fikrincə, bu güzəştlər müvəqqəti xarakter daşıyır: “Güman edilir ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək.