Gecə benzin ilə bağlı mühüm QƏRAR
Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər edib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib. Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir. Qeyd edək ki, Nazirlər Kabineti ötən ilin Avqust ayında da belə qərarlar vermişdi. Həmin qərarlar avqustun 16-dan etibarən qüvvəyə minmiş və 60 gün müddətində qüvvədə olmuşdu. O vaxt iqtisadçılar bildirmişdilər ki, vergi və gömrük rüsumu güzəştləri qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq edilib. Aksiz və idxal rüsumunun ləğv olunması nəticəsində az oktanlı benzinlərin idxal xərci azalacaq. Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. Ekspertlərin fikrincə, bu güzəştlər müvəqqəti xarakter daşıyır: “Güman edilir ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək.