Əsas Səhifə > İqtisadiyyat > Özəlləşdirmədə böyük yalan: ƏMLAK KOMİTƏSİ müəssisələrin əvvəl
Özəlləşdirmədə böyük yalan: ƏMLAK KOMİTƏSİ müəssisələrin əvvəl6-06-2016, 10:00 |
Vüqar İsmayılov: “ƏMDK torpaqlarımızı ucuz qiymətə üçüncü adamlara ötürür” Beş yüz müəssisədə səhmləri olan Vüqar İsmayılov Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) özəlləşdirmə prosesində apardığı siyasətdən narazıdır. AzToday.az internet qəzetinə danışan səhmdarın sözlərinə görə son illər kiçik səhmdarları sıradan çıxartmaq və malik olduqları əmlak payını əllərindən almaq üçün Komitədə yeni “planlar” işlənib-hazırlanıb. Xatırladaq ki, bir neçə il əvvəl özəlləşdirilən müəssisələrin ləğvi geniş vüsət almışdı, bəzi səhmdar cəmiyyətləri səhm-nəzarət paketi sahibinin arzusu və zoru ilə ləğv edildi, kiçik səhmdarlara müəssisədə malik olduqları səhmlər üzrə əmlak payı ödənməmiş qaldı. Sonradan bu işlərin məhkəmələrə daşındığını görüb daha asan yol seçiblər. İndi səhmdar cəmiyyətləri ləğv etməyə də ehtiyac qalmır, onların yerləşdikləri torpaqları hərracda satıb, müəssisələri “havada” buraxırlar. Cənab İsmayılovun sözlərinə görə, torpaq “oyunlar”ı ƏMDK-də qurulur və oradan da idarə olunur. Səhmdarın bu sahədə acı təcrübəsi var. “Bakı Təmirtikinti”-nin 1,5 ha torpağı 59 minə “Delta Plus” şirkətinə ötürülüb V.İsmayılov: “Səhmlərinin 10%-i məndə olan Binəqədidəki “Bakı Təmirtikinti” ASC-nin bir müddət əvvəl torpağını “Delta Plus LTD” şirkətinə satıblar. Orada 17 min ədəd səhmim vardı. Torpağı hərraca çıxarıb şirkətin adına rəsmiləşdiriblər. Biz bu qanunsuzluğa qarşı çıxdıq, hətta Ali Məhkəməyə qədər getdik, amma qərarlar onların xeyrinə oldu. Şirkətdən də dedilər ki, “torpaq artıq bizimdir, icarəyə veririk, siz istəmirsinizsə əmlakınızı götürüb aparın”. Əmlak tikililərdən ibarətdir, necə və hara aparaq? Torpağı satmadan əvvəl deyəndə ki, “yaxşı, belədirsə onda mənə düşən əmlak payımı ayırın”, eləmirlər. Çarəsiz qalıb səhmlərimi “su qiyməti”nə satdım. Bizə başqa variant qoymurlar, məcbur edib səhmlərimizi satdırırlar. Məhkəmələrdən bezmişik, odur ki, təklif etdikləri qiymətə də səhmlərimi satıram. Bacardığımızı satırıq, səhmlərini sata bilmədiyimiz müəssisələri onsuz da məhkəmə qaydasında ləğv etdirirlər. Torpaq başqasına ötürüləndən sonra həmin səhmlərin bir dəyəri qalmır, kağız parçasına çevrilir. Ən yaxşı halda nominal qiymətinə götürürlər, halbuki səhmlər hərraclarda güzəştli qiymətlərlə satılırdı və müəssisələrin dəyəri yüksək idi. Müəssisələrin səhmlərini 2006-cı ildən başlayaraq almışdım, 10 il ərzində ölkədə əmlakın qiyməti 2 min dəfə qalxıb, mən isə öz payımı köhnə qiymətə satmışam. Məhkəmə də ödənişin nominal qiymətlə edilməsi qərarı çıxarır, müəssisələrin dəyəri isə bunun qat-qat üstündədir. Bütün bu oyunlar Əmlak Komitəsində qurulur, birinci və sonuncu hadisə deyil və hamısında ssenari eynidir”. AzToday.az xatırladır ki, “Bakı Təmirtikinti” ASC-nin səhmlərinin 55%-i 2005-ci ildə hərracda, 30%-i isə 2012-ci ilin iyun ayında özəlləşdirilib. Sentyabr ayına çağırılan ümumi yığıncağının gündəliyində cari məsələlər dururdu. Sonradan ortaya çıxan protokolda qeyd olunduğuna görə guya “digər məsələ” adı ilə Əmlak Komitəsinin 2 saylı Ərazi İdarəsindən daxil olmuş məktub müzakirə edilib. Məktubda torpağın ya özəlləşdirməli, ya da icarəyə götürülməli olduğu qeyd edilirmiş. Səhmlərin 81%-nin sahibi olan Əhliman Əliyev pulunun olmadığını deyib torpağı özəlləşdirməkdən imtina edib. 1,5 ha torpaq sahəsi hərraca çıxarılanda səhmdarları xəbər tutublar ki, sən demə torpaqdan imtina barədə protokol yazıblar. Torpaq Əmlak Komitəsi tərəfindən 59 min manat dəyərləndirilib, hərraca çıxarılıb elə o qiymətə də “Delta Plus LTD” şirkətinə satılıb. Minoritar səhmdarlar Komitəni məhkəməyə verib, lakin məhkəmə iddialarını təmin etməyib, komitənin hərrac qərarını haqlı çıxardıb. Yüksək çinli məmur səhmləri sahiblərindən 35 qəpiyə tutub alıb Əslində proses bu qaydada baş verir: guya yığıncaqda səhmdarlar torpağın icarə və özəlləşdirilməsindən imtina edir, minoritar ortaqlarından qurtulmaq istəyən səhm-nəzarət paketi sahibləri də bu barədə saxta protokol hazırlayıb ƏMDK-yə təqdim edirlər və müəssisənin torpağı hərracda sənədlər üzərində üçüncü adamlara, əslində isə paket sahiblərinin ailə üzvləri və ya yaxın əqrabalarına “satılır”. Heç düzgün hərrac da keçirmirlər, torpaqlar təklif olunan start qiymətinə rəsmiləşdirilir. Və ən əsası isə bütün bunlar kiçik ortaqlardan gizli aparılır. Odur ki, hərraclarda alıcı da birdir, qiymət də. Halbuki elə bir yığıncaq olmayıb və minoritarlar torpaqdan imtina etməyiblər. Əksinə, belə məsələlər gündəmə atılanda minoritar səhmdarlar deyirlər ki, “paket sahibinin imkanı yoxdursa, biz “atışıb” torpağı hərracda özümüz alarıq” və bununla da müzakirələrə son qoyurlar. Amma qarşı tərəf öz əməllərini onlardan gizlin həyata keçrir. Səhmdar deyir ki, Əmlak Komitəsi burada fırıldaq edir, müəssisənin üstünü birinə, altını da başqasına satır. Sabahısı gün altdakının sahibi gəlib “üstdəki əmlakını boşalt, torpaq mənimdir”, deyir. Daşınmaz əmlakdır, maşın deyil ki, götürüb aparasınız. “Gəncədə “Yağ-Piy Zavodu”nda da eyni ssenarini tətbiq edərək torpağı səhmdarların əlindən çıxardıblar. Babək prospektində yüksək çinli məmura aid olduğu deyilən geniş əraziyə malik “Qazan Mexanika” ASC-də də oxşar proseslər baş verib, səhmdar xeyli mübarizə aparsa da axırda öz yanlarından ona bank hesabı açıb, hər səhmə 0,35 manatdan pul qoyublar. Bu səhmdar cəmiyyətlə bağlı hazırda Avropa Məhkəməsinə müraciət edib, qərarı gözləyirlər. Yəqin burada tərəflərdən biri komitə olduğuna görə iş beynəlxalq məhkəməyə qədər gedib çıxıb. “Kapital Bank” əmlakından imtina edib doqquz milyona icarəyə götürür
“Cənub Mehmanxanası”nın qırx milyonluq əmlakı min dəfə ucuz satılıb V.İsmayılovun “Cənub Mehmanxanası” ASC-də də səhmləri var, orada da oxşar hiylə eləmişdilər. Müəssisənin “Sahil” Metrostansiyası ilə üzbəüzdə Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 31 ünvandakı istifadəsində olan 1322,54 kv/m torpağını səhmdarlarından gizli 38 618 manata üçüncü adamlara satdılar. Səhmdarları torpağı 40 milyona dəyərləndirirdilər. Cənubun qəzet elanında müəssisənin adresi, torpaq sahəsi, torpağın satış qiymətinin üzərində ştrixlər vurulmuşdu ki, oxunmasın. Elanı “Mülkiyyət” qəzetinin elektron versiyasında ünvanla tapa bildik. Onsuz da obyektlərin adı qrafasında müəssisələrin adını yazmır, “qeyri-yaşayış sahəsi” kimi qeyd edirlər. O zaman hərracın keçirildiyi vaxtı da elanla dekabrın 3-dən dekabrın 9-na dəyişmişdilər. Bunu ortaya çıxartdıq, amma torpaq artıq başqalarının əlinə keçmişdi. Qanunsuz etdiklərindən növbənöv hiyləyə əl atmağa ehtiyac duyurlar, qanuni eləmiş olsalar xəlvəti satmazlar.
Torpaq özgənindirsə, Əhmədov orada hansı sifətdə tikinti aparır?
Geri qayıt |