Özəlləşdirmədə böyük yalan: ƏMLAK KOMİTƏSİ müəssisələrin əvvəl “üstü”nü, sonra da “altı”nı satır
Vüqar İsmayılov: “ƏMDK torpaqlarımızı ucuz qiymətə üçüncü adamlara ötürür” Beş yüz müəssisədə səhmləri olan Vüqar İsmayılov Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) özəlləşdirmə prosesində apardığı siyasətdən narazıdır. AzToday.az internet qəzetinə danışan səhmdarın sözlərinə görə son illər kiçik səhmdarları sıradan çıxartmaq və malik olduqları əmlak payını əllərindən almaq üçün Komitədə yeni “planlar” işlənib-hazırlanıb. Xatırladaq ki, bir neçə il əvvəl özəlləşdirilən müəssisələrin ləğvi geniş vüsət almışdı, bəzi səhmdar cəmiyyətləri səhm-nəzarət paketi sahibinin arzusu və zoru ilə ləğv edildi, kiçik səhmdarlara müəssisədə malik olduqları səhmlər üzrə əmlak payı ödənməmiş qaldı. Sonradan bu işlərin məhkəmələrə daşındığını görüb daha asan yol seçiblər. İndi səhmdar cəmiyyətləri ləğv etməyə də ehtiyac qalmır, onların yerləşdikləri torpaqları hərracda satıb, müəssisələri “havada” buraxırlar. Cənab İsmayılovun sözlərinə görə, torpaq “oyunlar”ı ƏMDK-də qurulur və oradan da idarə olunur. Səhmdarın bu sahədə acı təcrübəsi var. “Bakı Təmirtikinti”-nin 1,5 ha torpağı 59 minə “Delta Plus” şirkətinə ötürülüb V.İsmayılov: “Səhmlərinin 10%-i məndə olan Binəqədidəki “Bakı Təmirtikinti” ASC-nin bir müddət əvvəl torpağını “Delta Plus LTD” şirkətinə satıblar. Orada 17 min ədəd səhmim vardı. Torpağı hərraca çıxarıb şirkətin adına rəsmiləşdiriblər. Biz bu qanunsuzluğa qarşı çıxdıq, hətta Ali Məhkəməyə qədər getdik, amma qərarlar onların xeyrinə oldu. Şirkətdən də dedilər ki, “torpaq artıq bizimdir, icarəyə veririk, siz istəmirsinizsə əmlakınızı götürüb aparın”. Əmlak tikililərdən ibarətdir, necə və hara aparaq? Torpağı satmadan əvvəl deyəndə ki, “yaxşı, belədirsə onda mənə düşən əmlak payımı ayırın”, eləmirlər. Çarəsiz qalıb səhmlərimi “su qiyməti”nə satdım. Bizə başqa variant qoymurlar, məcbur edib səhmlərimizi satdırırlar. Məhkəmələrdən bezmişik, odur ki, təklif etdikləri qiymətə də səhmlərimi satıram. Bacardığımızı satırıq, səhmlərini sata bilmədiyimiz müəssisələri onsuz da məhkəmə qaydasında ləğv etdirirlər. Torpaq başqasına ötürüləndən sonra həmin səhmlərin bir dəyəri qalmır, kağız parçasına çevrilir. Ən yaxşı halda nominal qiymətinə götürürlər, halbuki səhmlər hərraclarda güzəştli qiymətlərlə satılırdı və müəssisələrin dəyəri yüksək idi. Müəssisələrin səhmlərini 2006-cı ildən başlayaraq almışdım, 10 il ərzində ölkədə əmlakın qiyməti 2 min dəfə qalxıb, mən isə öz payımı köhnə qiymətə satmışam. Məhkəmə də ödənişin nominal qiymətlə edilməsi qərarı çıxarır, müəssisələrin dəyəri isə bunun qat-qat üstündədir. Bütün bu oyunlar Əmlak Komitəsində qurulur, birinci və sonuncu hadisə deyil və hamısında ssenari eynidir”. AzToday.az xatırladır ki, “Bakı Təmirtikinti” ASC-nin səhmlərinin 55%-i 2005-ci ildə hərracda, 30%-i isə 2012-ci ilin iyun ayında özəlləşdirilib. Sentyabr ayına çağırılan ümumi yığıncağının gündəliyində cari məsələlər dururdu. Sonradan ortaya çıxan protokolda qeyd olunduğuna görə guya “digər məsələ” adı ilə Əmlak Komitəsinin 2 saylı Ərazi İdarəsindən daxil olmuş məktub müzakirə edilib. Məktubda torpağın ya özəlləşdirməli, ya da icarəyə götürülməli olduğu qeyd edilirmiş. Səhmlərin 81%-nin sahibi olan Əhliman Əliyev pulunun olmadığını deyib torpağı özəlləşdirməkdən imtina edib. 1,5 ha torpaq sahəsi hərraca çıxarılanda səhmdarları xəbər tutublar ki, sən demə torpaqdan imtina barədə protokol yazıblar. Torpaq Əmlak Komitəsi tərəfindən 59 min manat dəyərləndirilib, hərraca çıxarılıb elə o qiymətə də “Delta Plus LTD” şirkətinə satılıb. Minoritar səhmdarlar Komitəni məhkəməyə verib, lakin məhkəmə iddialarını təmin etməyib, komitənin hərrac qərarını haqlı çıxardıb. Yüksək çinli məmur səhmləri sahiblərindən 35 qəpiyə tutub alıb Əslində proses bu qaydada baş verir: guya yığıncaqda səhmdarlar torpağın icarə və özəlləşdirilməsindən imtina edir, minoritar ortaqlarından qurtulmaq istəyən səhm-nəzarət paketi sahibləri də bu barədə saxta protokol hazırlayıb ƏMDK-yə təqdim edirlər və müəssisənin torpağı hərracda sənədlər üzərində üçüncü adamlara, əslində isə paket sahiblərinin ailə üzvləri və ya yaxın əqrabalarına “satılır”. Heç düzgün hərrac da keçirmirlər, torpaqlar təklif olunan start qiymətinə rəsmiləşdirilir. Və ən əsası isə bütün bunlar kiçik ortaqlardan gizli aparılır. Odur ki, hərraclarda alıcı da birdir, qiymət də. Halbuki elə bir yığıncaq olmayıb və minoritarlar torpaqdan imtina etməyiblər. Əksinə, belə məsələlər gündəmə atılanda minoritar səhmdarlar deyirlər ki, “paket sahibinin imkanı yoxdursa, biz “atışıb” torpağı hərracda özümüz alarıq” və bununla da müzakirələrə son qoyurlar. Amma qarşı tərəf öz əməllərini onlardan gizlin həyata keçrir. Səhmdar deyir ki, Əmlak Komitəsi burada fırıldaq edir, müəssisənin üstünü birinə, altını da başqasına satır. Sabahısı gün altdakının sahibi gəlib “üstdəki əmlakını boşalt, torpaq mənimdir”, deyir. Daşınmaz əmlakdır, maşın deyil ki, götürüb aparasınız. “Gəncədə “Yağ-Piy Zavodu”nda da eyni ssenarini tətbiq edərək torpağı səhmdarların əlindən çıxardıblar. Babək prospektində yüksək çinli məmura aid olduğu deyilən geniş əraziyə malik “Qazan Mexanika” ASC-də də oxşar proseslər baş verib, səhmdar xeyli mübarizə aparsa da axırda öz yanlarından ona bank hesabı açıb, hər səhmə 0,35 manatdan pul qoyublar. Bu səhmdar cəmiyyətlə bağlı hazırda Avropa Məhkəməsinə müraciət edib, qərarı gözləyirlər. Yəqin burada tərəflərdən biri komitə olduğuna görə iş beynəlxalq məhkəməyə qədər gedib çıxıb. “Kapital Bank” əmlakından imtina edib doqquz milyona icarəyə götürür Qeyd edək ki, Maşın Bazarı kimi tanınan “Bakı Avtonəqliyyat-2” ASC səhmdarlarının başına da eyni oyunu gətiriblər. Səhm-nəzarət paketi “Bizim Marketlər” şəbəkəsinin ortağı Rasim Salmanova məxsus bu müəssisənin istifadəsində olan 4,5 ha torpaq sahəsi onların razılığı olmadan başqasına ötürülüb, hərracda iştirak etməyə cəhd göstərən minoritar səhmdarları isə əngəlləyib, min bir bəhanə ilə prosesdən uzaq saxlayıblar. Bütün bunlardan sonra tanınmış iş adamı səhmdarlarla əmlakını ayırmağa çalışdı və hətta ümumi yığıncaqda “ayırdı” da. Amma sonradan biz onun nəyi böldüyü sualını ortaya qoyanda, R.Salmanov anladı ki, “Maşın Bazarı”nda həqiqətən də köhnə tikililərdən başqa bölməli heç nə qalmayıb. Baxdı, bölməklə səhmdarları üzərinə qaldırır, onsuz da cəmiyyət sadəcə kağız üzərində mövcuddur, fiziki olaraq isə yoxdur, odur ki, prosesin üstündən keçdi. Heç nə olmamış kimi 2015-c ildə yenidən ümumi yığıncaq çağırdı. Adamlar mətbuatda yazılanları oxuyub “maariflənir”, öyrəndiklərini isə xoşməramlı olmayan məqsədlərinə istifadə edirlər. “Kapital Bank”ın da əmlakı bu şəkildə satılıb. Bankın əmlakından imtina edib, indi də baha qiymətə icarəyə götürüblər. Özlərinin dediklərinə görə icarə üçün illik 8-9 milyon manat xərcləyirlər. “Cəlilabad Avtonəqliyyat”, “Cəlilabad Şərab-1”, “Sumqayıt Avtomotoservis”, “Kürdəmir Təmir Tikinti”, “Kürdəmir İnşaat Sənaye”, “Ağdaş Təchizat”, “Azərkabel”, açıq səhmdar cəmiyyətlərində də istifadədə olan torpaqlardan oxşar qaydada imtina edilib. “Ağdaş Təchizat” ASC-nin 500 ha torpağından imtina edilməsi heç gündəlikdə olmayıb, onu sonradan gündəliyə salıblar. “Azərkabel”lə bağlı iş də məhkəməyə qədər gedib çıxıb, lakin torpaqdan imtinadan sonra onu majoritar səhmdar hərracda özü aldığına görə məhkəmə araşdırmasında bu, qanunsuz hesab olunub, müəssisənin torpağı geriyə – ASC-nin adına bərpa edilib. Ən son məlumata görə cəmiyyətin mülkiyyətində olan torpağı səhmdarlarının ümumi yığıncağının qərarı ilə həmin adama yenidən satmaq istəyirdilər. “Cənub Mehmanxanası”nın qırx milyonluq əmlakı min dəfə ucuz satılıb V.İsmayılovun “Cənub Mehmanxanası” ASC-də də səhmləri var, orada da oxşar hiylə eləmişdilər. Müəssisənin “Sahil” Metrostansiyası ilə üzbəüzdə Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 31 ünvandakı istifadəsində olan 1322,54 kv/m torpağını səhmdarlarından gizli 38 618 manata üçüncü adamlara satdılar. Səhmdarları torpağı 40 milyona dəyərləndirirdilər. Cənubun qəzet elanında müəssisənin adresi, torpaq sahəsi, torpağın satış qiymətinin üzərində ştrixlər vurulmuşdu ki, oxunmasın. Elanı “Mülkiyyət” qəzetinin elektron versiyasında ünvanla tapa bildik. Onsuz da obyektlərin adı qrafasında müəssisələrin adını yazmır, “qeyri-yaşayış sahəsi” kimi qeyd edirlər. O zaman hərracın keçirildiyi vaxtı da elanla dekabrın 3-dən dekabrın 9-na dəyişmişdilər. Bunu ortaya çıxartdıq, amma torpaq artıq başqalarının əlinə keçmişdi. Qanunsuz etdiklərindən növbənöv hiyləyə əl atmağa ehtiyac duyurlar, qanuni eləmiş olsalar xəlvəti satmazlar. Ən son hadisələr “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-də cərəyan edir. V.İsmayılov burada səhm-nəzarət paketi sahibi Əvəz Əhmədovdan sonra ikinci böyük pay sahibi sayılır, onun müəssisədə 40 min səhmi var, payının 2%-dən çox olduğunu deyir. V.İsmayılov: “Mənimlə bərabər Cümalıyev Rafiqin də bir o qədər səhmi var. İndiyə qədər məhkəməyə müraciət etməmişdim, çünki onların əmlak bölmək barədə qurduqları teatra inanmır, zarafat etdiklərini düşünürdüm, bu qədər qanunsuzluğa yol verəcəklərini proqnozlaşdırmamışdıq. Çünki, “Sabunçu İXB” ASC-nin ümumi yığıncağında minoritar səhmdarlar dedilər ki, biz torpağı alıb ASC-yə pay kimi bağışlayırıq. Bununla da torpaq mövzusuna son qoyulmuşdu. Sonradan eşidirik ki, torpaq hərraca çıxarılıb, başqasına satılıb. İclasdan az sonra söküblər. Halbuki iclasların heç birində torpaqdan imtina edilməyib. Vergilər Nazirliyi bölünməni qəbul etməyib, məhkəmə də nazirliyin qərarını doğru sayıb. Anlamadığım budur ki, bəs QKDK hansı əsasla müəssisənin nizamnamə kapitalını azaldaraq başqa adla qeydiyyata alıb, ƏMDK torpağı nə deyə özəlləşdirib? Bu müəssisənin paketi ya Naxçıvan daxili işlər nazirinin özünündür, ya da qardaşı Əvəz Əhmədovun. Sənəddə Əvəz Əhmədovun adı yazılır, amma sahibi kimi qardaşının adı hallanır. Prezident yeni müəssisələr açılması barədə sərəncamlar verir, iş yerləri yaradır, bunlar isə neft kəmərlərinə xidmət edən bir müəssisəni iflic vəziyyətə salıblar. Söküb yerində 17 hündürmərtəbə bina tikirlər. Naxçıvanın daxili işlər nazirinin qardaşı nə səhm alır, nə satın deyir, müəssisəni özbaşına dağıdıb, “biz işimizi Əmlak Komitəsi ilə görmüşük”, deyir”. Torpaq özgənindirsə, Əhmədov orada hansı sifətdə tikinti aparır? Burada sual yaranır ki, əgər torpaq sahəsi başqasına satılıbsa, necə olur ki, Ə.Əhmədovun “TEMA” adlı MTK-sı orada binalar tikir? Səhmdar da deyir ki, torpaq başqasına satılmayıb, Ə.Əhmədovun özünün yaxın bir adamının adına keçirilib, indi də rahat şəkildə orada tikinti işlərini aparacaq: “Komitəyə dəfələrlə müraciət etmişəm ki, payçısı olduğum cəmiyyətlərin torpağını gətirib mənə satsınlar, onların rəsmi satdıqları qiymətdən baha mən alıram, amma heç vaxt bunu eləmirlər. 1,5 ha torpağı ikiotaqlı bir mənzilin qiymətinə satıblar. Gedək görək Komitə o yeri bizə 200 min manata verərmi? Paket sahibi ilə Komitə arasında qalmışıq: Komitədən deyirlər ki, “majoritar səhmdarları yola versin”, bu tərəf isə deyir ki, “biz Əmlak Komitəsi ilə hesablaşmışıq”. Artıq üçüncü özəlləşmə proqramına start verilir, xarici investorların cəlbindən danışırlar, burada Azərbaycana inam məsələsi həll olunur. Bir müəssisədə 2% sahibi olan mən səhmdarın hüququ qorunmursa, xaricdən hansı investor gəlib burada sərmayə yatıracaq? Və bu “imicin” yaranmasının başında da Kərəm Həsənov durur…