18 nəfərdən uşağının xəstəliyi adı ilə pul alıb - HAKİMİ SAYMAYAN SƏFİXANOVA KİMDİR?
Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Lakin məhkəməyə gəlmir. "AzerTaym.az" Musavat.com-a istinadla xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır. O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir. Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, 2-ci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb. Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur. Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb. Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur. Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq 8 məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarına məhəl qoymur. Hakim isə onun məhkəməyə gətirilməsinə nail olmaq istəmir və hətta məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir. Maraqlıdır ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur? Məhkəmə yenidən təxirə salınıb və zərərçəkmiş şəxslər əliboş evə qayıtmalı olub. Zərərçəkmiş şəxslər maddi zərərlə yanaşı, məhkəməyə mənəvi zərərlə bağlı iddialarını da təqdim ediblər.