20.03.2014. - K.hƏSƏNOV-F.ƏLİYEV-İ.XƏLİLOV ÜÇBUCAĞI
Ötən saylarımızda Neftçilər prospektində yerləşən “Dondurma Kombinatı - S.Babayev” ASC ilə bağlı tədqiqatı onunla yekunlaşdırmışdıq ki, müəssisə ilə divar qonşusu olan Trikotaj fabrikini vaxtilə Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen İsgəndər Xəlilov özəlləşdirmiş, lakin sonradan kombinatın səhmləri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətinə keçmişdi. Dedik ki, sonda hər iki ərazi “Paşa Holdinq”ə çatdı. Hazırda orada şirkətin böyük bir tikintisi başa çatıb. O tikinti layihəsi iki ASC-nin ərazisində reallaşıb - bina “Trikotaj”ın ərazisindən başlayıb “Dondurma”da bitir...
“Trikotaj”ı Xəlilovun “Qlobal İnvest Company LTD”si aldı
Bu həmin o Trikotaj Fabrikidir ki, günlərin bir günü qəfildən ləğv edilmiş və majoritar səhmdar mülkün 350-yə yaxın minoritar şəriklərinə bir qəpik də verməmişdi. Əvvəllər müəssisəyə xalq arasında “corab fabriki” deyirdilər. Müəssisə “Birinci Özəlləşdirmə Proqramı” çərçivəsində çek hərracına çıxarılmışdı. Fabrik 1997-ci ilin oktyabr ayında yaradılıb və elə həmin vaxtlardan da özəlləşdirilməsinə start verilib. Ləğvetmə anına, yəni 18 may 2004-cü ilə “Trikotaj” ASC 100 faiz özəlləşdirilmiş cəmiyyət idi. Nəzarət səhm paketi 1080563 səhmlə İ.Xəlilova aid “Qlobal İnvest Company LTD”yə məxsus idi. Səhmlərinin 94,79 faizi majoritar səhmdarda, yerdə qalan 5 faiz civarında hissə isə kollektiv və az miqdarda kənar səhmdarlar arasında bölünmüşdü ki, onlarda da 60 minə yaxın səhm vardı. Müəssisədə daim istehsal olsa da, səhmdar cəmiyyəti son dövrdə zərərlə işləyib, bu səbəbdən hər ilin yekununda səhmdarlarına divident verilməyib.
Prestijli yerdə gəliri xərcindən az olan müəssisə
Cəmiyyətin 2003-cü il maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatda bildirilir ki, həmin il cəmiyyət üçün ağır keçib. Belə ki, dövlət sifarişi olmadığı üçün cəmiyyətin istehsalat sexləri işləməyib, məhsul istehsalı və satışı olmayıb. İllik hesabatda mühasibat balansında daşınmaz əmlakın icarəsindən cəmi 14245 manat vəsait daxil olub. Bundan dövlət büdcəsinə 2173 manat ƏDV hesablanıb, qalan vəsait əmək haqqının bir hissəsinin ödənilməsinə, elektrik enerjisi və sudan istifadəyə görə sərf edilib. Göstərilən əməliyyatlarla əlaqədar 12072 manat məbləğində məsrəflər illik hesabatda əks edilib. Beləliklə, daşınmaz əmlakın icarəsindən, göstərilən xidmətlərdən və material qiymətlərinin satışından mənfəət və zərər olmayıb. Həmin il hesablanmış 3893 manat əmlak vergisi balansda zərər kimi əks etdirilib. İl ərzində yaranmış, məhsul istehsalı və satışı olmadığından bağlanmamış qalan 109817 manat xərclər, azad olunan işçilərə hesablanan 68400 manat hesablaşma xərcləri və eləcə də 31680 manat əsas vəsaitlərin amortizasiyası balansda saxlanılıb. 2004-cü il yanvarın 1-nə səhmdar cəmiyyətinin balansında 303740 manat debitor və 529132 manat kreditor borclar əks edilib.
124 iştirakçıdan 115-i ləğvetmənin əleyhinə olub
Lakin, buna qədər müəssisə işləyib. Kollektiv üzvləri deyirdilər ki, fəaliyyətdəki problemlər, istehsalatdakı fasilələr son vaxtlar yaranıb. 18 may 2004-cü il tarixinə çağırılan “Trikotaj” ASC-nin səhmdarlarının ümumi yığıncağının gündəliyində cəmiyyətin ləğvi məsələsi qoyulmamışdı. Buna baxmayaraq, yığıncaqda “digər məsələlər” adı ilə cəmiyyətin ləğv edilməsinə dair qərar qəbul edildi. Və cəmiyyətin ləğvetmə komissiyası yaradıldı. 124 iştirakçıdan 115-i qərarın əleyhinə idi. Lakin, protokolda ləğvetmə haqqında qərar qəbul olunmuş kimi göstərilib. Halbuki, müəssisənin Nizamnaməsinin 6.6-cı maddəsinə əsasən cəmiyyətin ləğv edilməsi haqqında qərar yığıncaqda şəxsən və ya səlahiyyətli nümayəndələr vasitəsilə iştirak edən adi səhmlərin dörddə üçünün sahiblərinin razılığı ilə qəbul olunur. Burada 124 səhmdardan ən az 91-i nizamnaməyə görə razılığını verməli idi. Mülki Məcəllənin 102.1-ci maddəsinə görə “Səhmdar cəmiyyətinin nizamnaməsində cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir”. “Trikotaj” ASC-nin nizamnaməsində bu maddəyə uyğun olaraq ləğvetmənin baş tutması üçün səhmdarların dörddə üçünün razılığı şərt kimi göstərilib və yığıncağın qərarı ilə Nizamnamədə əks olunan “səhm sahiblərinin dörddə üçünün razılıq verməsi şərti” pozulub. Bu da ləğvetmə haqqında qərarın qanuna zidd olduğunu sübut edir. Eyni zamanda, ləğvetmə haqqında məsələnin də gündəliyə daxil edilməməsi o deməkdir ki, ləğvetmə haqqında qərar tamamilə qanundan kənardır. Beləliklə, bu halda ikiqat qanuna zidd vəziyyət yaranıb.
Müəssisə Fərhad Əliyevin nəzarətinə belə keçdi
Keçmiş Somali səfirliyinin özünə məxsus yerini Rafiq Əliyevə “Azpetrol”un ofisi üçün verəndən sonra İ.Xəlilov artıq bu əraziyə marağını tamamilə itirmişdi. Bu səbəbdən ləğvetmə prosesi gedə-gedə “Trikotaj”dakı səhmləri də cənab Xəlilov F.Əliyevin nəzarətində olan Londonda qeydiyyatdan keçmiş “Simina Enterprayzis Limited” şirkətinə satdı. Amma majoritar səhmdarın dəyişməsi cəmiyyətin ləğv edilməsi ilə bağlı siyasəti dəyişmədi. Ləğvetmə davam edirdi. Ləğvetmədən narazı bir qrup keçmiş kollektiv üzvləri olan səhmdarlar F.Əliyevin qəbuluna düşmüşdü. O, özünün “Trikotaj”a hansısa formada aidiyyatı olduğunu boynuna almırdı. Çünki, cənab Əliyevin adına heç bir səhm yox idi. Lakin, bir iqtisadi inkişaf naziri kimi yaranmış problemin həllində səhmdarlara yardım göstərəcəyini vəd etmişdi. Bir neçə müddətdən sonra nazirin qəbulunda olan şəxslərin bir qisminə həqiqətən də müəyyən vəsait verib yola salmışdılar. Sonradan “Trikotaj” ASC hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldı. Amma müəssisədən payını almayan səhmdarlar mübarizələrini davam etdirirdilər. Sonradan F.Əliyev həbs edildi və yerdə qalan səmdarlar da pul ala bilmədilər.
Xanımlardan birinci xanıma şikayət
Nazirin həbsindən sonra da minoritar səhmdarlar vəziyyətlə barışmırdılar. 100-dən artıq səhmdarın imzası ilə Prezidentə, onun xanımına, Baş prokurora saysız-hesabsız şikayətlər göndərilirdi. Cəmiyyətin xanım səhmdarları ölkənin birinci xanımı Mehriban Əliyevaya yazırdılar: “Üç ilə yaxındır bizim səhmdar cəmiyyəti ləğv edirlər. Lakin, ləğvetməyə start verən İsgəndər Xəlilov, estafeti ondan alan Fərhad Əliyev və hazırda ləğvetməyə rəhbərlik edən Kərəm Həsənov bizə düşən əmlak payımızı vermək istəmir. Cəmiyyətin əmlakını çox cüzi məbləğdə qiymətləndirib mənimsəyiblər. Məhkəmələrdə öz hüquqlarımızı qorumağa bizə imkan vermirlər. Cəmiyyətə aid torpağın özəlləşdirilməsinə baxmayaraq, bizə həmin torpaqdan pay ayırmaq istəmirlər. Hüquqlarımızı pozmaqda Kərəm Həsənov xüsusi canfəşanlıq göstərir. Müəssisəni ləğv edənlər bizi iş yerlərimizdən də məhrum ediblər. ASC-nin əmlakının qiyməti 60 milyon dollara bərabərdir. Belə olan halda hər səhmə 50 dollar vəsait hesablanmalıdır. Lakin, onlar hər səhm üçün 1.90 dollar təklif edirlər. Cəmiyyətin əmlakını isə mafioz qüvvələr zəbt edib, artıq sökməyə başlayıblar. 300-ə yaxın qadının hallalığını almadan, onların lənətləri altında orada tikilən hansı obyektin bəhrəsini görmək fikrindədirlər”.
Əmlak Komitəsinin canfəşanlığı
Cəmiyyətin kişi səhmdarları da paralel olaraq hüquqları uğrunda mübarizə aparıb. “Trikotaj” ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığını öyrənən səhmdarlar - Bəşir Bayramov və Ramiz Əliyev Nərimanov rayon Məhkəməsinə müraciət edib, 11 iyul 2005-ci il tarixində “Trikotaj” ASC-nin Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə qeydin ləğvini və bununla müəssisənin bir hüquqi şəxs kimi bərpasını xahiş ediblər. Nərimanov rayon Məhkəməsi işə baxaraq səhmdarların iddiasının rədd edilməsinə dair qətnamə çıxarıb. Qətnamədən narazı qalan iddiaçılar appelyasiya şikayəti veriblər. Apellyasiya şikayətlərinə baxılarkən qəfildən Əmlak Komitəsinin nümayəndəsi məhkəmə zalında peyda olub. O, Komitənin səhmdarların hüquqlarını müdafiə etdiyini, ləğvetmənin qanuna zidd olduğunu və cəmiyyətin hüquqi şəxslərin dövlət reyestrində bərpa olunmasını dəstəklədiyini bildirib. Nəticədə hakimlər “Trikotaj” ASC-ni hüquqi şəxslərin dövlət reyestrində bərpa ediblər.
Bu o vaxt olub ki, keçmiş iqtisadi inkişaf naziri F.Əliyev artıq həbsdə idi. Əmlak Komitəsinin sədri K.Həsənov da o vaxtlar 3 ay ortalıqda görünmədi. Onun da həbsdə olduğu bildirilirdi. Baxmayaraq ki, sonralar cənab Həsənovun həbs edilməsini dandılar, lakin şəxsən bu yazının müəllifi olaraq mənə Komitədəki mənbələrimdən bildirmişdilər ki, K.Həsənov 3 ay işə gəlməyib. Və onun həbsi barədə söhbətlər Komitənin də dəhlizlərində dolaşırmış.
Səhmlər Fərhad Əliyevin əlindən “çıxarıldı”
Əslində, Komitədən səhmdarların dəstəklənməsi və onların məhkəməni qazanmasına yardımın göstərilməsi elə-belə deyildi. Məqsəd, səhmləri F.Əliyevin nəzarətindən çıxartmaq, səhm nəzarət paketinin sahibini dəyişmək idi. Və bu dəfə səhmdarların öz hüquqları uğrunda mübarizədən Komitə yararlanmışdı. Cəmiyyət ləğv edildiyi halda onun səhmlərini alqı-satqı etmək mümkün deyildi. Bu səbəbdən Komitə səhmdarlara məhkəməni qazandıraraq cəmiyyətin bir hüquqi şəxs kimi bərpasına yardım göstərmişdi. Bundan sonra F.Əliyevə yaxın “Simina Enterprayzis” şirkətinin adından səhmlər çıxarıldı. Səhmləri cənab Əliyevə aid şirkətin adından çıxarmaqla daha bir problem də həll olunmuşdu. Həmin problem ondan ibarət idi ki, səhmdar cəmiyyətin torpaq sahəsi özəl deyildi, onu özəlləşdirmək zərurəti yaranmışdı. “Simina Enterprayzis” xarici şirkət olduğuna görə torpaq sahəsini onun adına özəlləşdirmək mümkün deyildi. Çünki, səhmdar xarici rezident olduğu halda torpaq mülkiyyətçisi ola bilməzdi. Cəmiyyət isə ləğv ediləndə onun mülkiyyəti səhmdarlar arasında bölünərək, sonuncuların mülkiyyətinə keçməli idi. “Trikotaj”ın misalında da əsas səhmdarın Londonda qeydiyyatdan keçməsi onun torpağın mülkiyyətçisinə çevrilməsini əngəlləyirdi. Lakin səhmlər “Simina Enterprayzis”in adından çıxdıqdan sonra artıq torpağın özəlləşdirilməsi üçün heç bir problem qalmamışdı. Bu səbəbdən 29 iyun 2006-cı il tarixində cəmiyyətin torpaq sahəsi özəlləşdirildi.
Torpağı kim özəlləşdirib?
Artıq səhmdar cəmiyyət hüquqi şəxslərin reyestrində bərpa olunduğuna görə məhkəmədə cavabdeh qismində çıxış edə bilərdi. Bu səbəbdən səhmdar Ramin Əlizadə məhkəməyə müraciət edib cəmiyyətin ləğv edilməsinə dair qərarın özünü ləğv etdirməyə cəhd göstərmişdi. Məhkəmə prosesinin gedişində hakim tərəfindən Əmlak Komitəsinə sorğular göndərilir, cəmiyyətin torpaq sahəsinin kimin tərəfindən özəlləşdirilməsinə dair məlumatların açıqlanması tələb edilirdi. Birinci sorğuya cavab olaraq Komitədən bildirilirdi ki, cəmiyyətin yerləşdiyi ərazidəki torpaq sahəsi 29 iyun 2006-cı il tarixdə satılıb. Lakin, torpaq sahəsinin kimə satıldığı açıqlanmamışdı. Cavabda sadəcə yazılmışdı ki, torpaq sahəsi cəmiyyətin mülkiyyətçilərinə satılıb...
h.hƏMİDOVA.