Millət vəkili “ölmüş” nənəsinin adına torpaq özəlləşdirib

Millət vəkili “ölmüş” nənəsinin adına torpaq özəlləşdirib“POSAT” bağ-tikinti kooperativinin üzvləri ilə millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə arasında torpaq mübahisəsi davam edir.

Kooperativin sədri Yadulla Kərimov mətbuata açıqlamasında bildirib ki, Bilgəhdə quruma məxsus 4 hektar və əlavə olaraq, qonşu 1,3 hektar (cəmi 5,3 hektar ) torpaq sahəsi Q. Salahzadənın bir neçə il əvvəl ölmüş nənəsi Camalova Kübra Mir Əbdül Hüseyn qızının adına həyətyanı torpaq sahəsi kimi özəlləşdirilib: “Rəhmətə getmiş qadının adına “Çıxarış”verilib”.

Q.Salahzadə isə ittihamlara cavab olaraq bildirib ki, “POSAT” bağ-tikinti kooperativi balansında olan torpaq sahəsini paylayıb: “Bu söhbətin üstündən 25 il keçib. Həmin yer 30 ildən çoxdur ki, nənəm rəhmətliyin yeridir. Orada ailə yaşayır. Həmin torpağı Zəfəran sovxozu o vaxt verib nənəmə”. Millət vəkili əlavə edib ki, Ali Məhkəmə narazıların Dövlət Əmlak Komitəsinə qarşı iddialarını rədd edib. Bununla kifayətlənməyən bəzi kooperativ üzvləri deputatın nənəsinə verilən “Çıxarış”ın qanunsuz hesab edilməsilə bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət ediblər.

“POSAT” bağ-tikinti kooperativinin mühasibi işləmiş Qocayev Tahir Süleyman oğlu kooperativ üzvlərinin iddiasının əsassız olduğunu bəyan edib. Onun sözlərinə görə, Bilgəhdə yerləşən «Çayka» pioner düşərgəsinin yanındakı dirlik sahəsi və lagerin özündə olan tikili katejlər – sovet dövründə orada trestin işçiləri yayda orada dincəlirdilər – işçilərə paylanılıb: “Torpaq bölgüsü zamanı mən orada işləmirdim. Ona görə də, 5 min 350 manat ödəyib torpaq aldım. Hazırda Qalib Salahzadəyə qarşı iddia irəli sürənlərə boş torpaq yox, hazır iki-üç otaqlı evlər verilib. Onların bəzisi evlərini satdı. Bəzilərinin evində məcburi köçkünlər yaşayır və s. Amma onların hamısına ev verilib. İndi evləri dura-dura Hacı Qalibi şantaj edib, əlavə yer almaq istəyirlər”. Keçmiç mühasib bildirir ki, kooperativin sədri Yadulla Kərimov üzvləri Q.Salahzadəyə qarşı qaldırır: “Mən jurnalistləri həmin əraziyə baxmağa dəvət edirəm. Onlar tamamilə yalan danışırlar. Məhkəmədə onların yalanı üzə çıxacaq”.






Fikirlər