Keçmiş millət vəkili və bəstəkar Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb
"Hörmətli həmvətənlər, dəyərli dostlar. Buradan, mühacir həyatı yaşadığım Almaniyadan bütün Azərbaycan xalqını, əziz bacı-qardaşlarımı səmimi qəlbdən salamlayıram. Sizlərə məlumat verirəm ki, artıq mənə Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib. Təməl insan haqlarının qorunması istiqamətində tutduğu ədalətli mövqeyə və Avropa dəyərlərinə daim sadiq qaldığına görə Almaniya hökumətinə, eləcə də Almaniya Bundestaqının deputatlarına media vasitəsilə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm".
Xatırladaq ki, H.Abdullayev Azərbaycanda siyasi təqib və repressiyaya məruz qalandan sonra Almaniyaya mühacirət edib. O, Almaniyadan da Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidlərini davam etdirib. H.Abdullayev öz ölkəsində siyasi təqibə məruz qaldığından ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib. Almaniya hökuməti onun müraciətini araşdırıb və sonda məsələ müsbət həll olunub.