Azərbaycanda yeni siyasi partiya yaradılır

Partiya sədrinə rəhbərliyi dönəmində ailə həyatı qurmaq qadağan ediləcək
Azərbaycanda yeni siyasi partiya yaradılır
Bu məlumatı Azertaym.az-a ACP-nin keçmiş lideri, eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu verib.

Onun sözlərinə görə, Yeni Nəfəs Partiyası adlanacaq qurumun loqosu artıq hazırdır və yaxın 3 gün ərzində partiyanın Təşkilat komitəsi və tərkibi elan olunacaq.

A.Şakiroğlu partiyanın Azərbaycanda demokratik şəraitin əldə olunması üçün ləyaqətli və şərəfli mübarizə aparacağını bildirib. Xarici ölkələrdə mühacirətdə olan Rəsul Quliyevi, Hüseyn Abdullayevi, həbsdə olan Əli İnsanovu və digər siyasi məhbusları layiqincə müdafiə edəcəklərini söyləyən A.Şakiroğlu yaxın iki il ərzində çox yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını deyib.

Partiyada ictimai-siyasi sektorda kifayət qədər tanınmış, təşkilatçılıq, liderlik, idarəçilik qabiliyyəti yüksək olan şəxslərin təmsil olunacağını qeyd edən A.Şakiroğlu partiyanın 2015-ci il parlament seçkilərində iştirak edərək yüksək nəticə əldə edəcəklərinə əmin olduğunu bildirib: “Partiyamızda kimlərin təmsil olunacağı elan edildikdən sonra bu iddiamızın nə qədər əsaslı olduğunu hər kəs görəcək”.

A.Şakioğlu partiyanın yaradılması ilə bağlı Rəsul Quliyevin, Əli İnsanovun adının hallandırılmasının həqiqətə uyğun olmadığını da vurğulayıb: “Partiyanın fəaliyyəti ilə bağlı açıqlama verərkən mətbuatda fikirlərim təhrif olunub. Rəsul Quliyev və Əli İnsanovun partiyamıza heç bir dəstəyi yoxdur. Amma Rəsul Quliyevlə təcrübəli bir siyasətçi kimi məsləhətləşməmiz olacaq”.

A.Şakiroğlu partiya sədrinin gənc, özü də subay olacağını xüsusi vurğulayıb: “Partiyanın idarə heyətində 12 nəfər təmsil olunacaq. Onların adı yaxın 3 gün ərzində açıqlanacaq. Partiya sədrimiz gənc və subay olacaq. Sədrliyi dönəmində də ailə həyatı qurmayacaq”.

Qeyd edək ki, Ağasif Şakiroğlu ACP-dən istefa verib, amma R.Quliyevin Azərbaycandakı nümayəndəsi olaraq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, ACP-dən istefa verən Kəramət Salayev də yeni partiya- Doğru Yol Partiyasını yaratmışdı.






Fikirlər