İSA QƏMBƏRLƏ XƏDICƏ İSMAYIL ARASINDA GƏRGIN POLEMIKA

İSA QƏMBƏRLƏ XƏDICƏ İSMAYIL ARASINDA GƏRGIN POLEMIKA

İsa Qəmbər: «Cəmiyyətdə yaratdığınız mənəvi terror vəziyyətin dəyişməsinin qarşısını alır»

Xədicə İsmayıl: «İsa bəy, bilmək istəyirik ki, nə dəyişir? Bəlkə siz dəyişirsiniz?»

Müsavat başqanı İsa Qəmbər dekabrın 5-də “Azadlıq” radiosunun “İşdən sonra” verilişinin qonağı olub. Müsavat başqanı Milli Şuranın fəaliyyəti, rəhbərlik etdiyi partiyanın bu qurumda təmsilçiliyi barədə sualları cavablandırıb. Verilişi jurnalist Xədicə İsmayıl aparıb. Söhbəti müəyyən ixtisarlarla təqdim edirik:

- Müsavat partiyası hələ də Milli Şuranın üzvüdürmü?
- Bilmirəm ki, kim maraqlıdır Müsavat partiyasının Milli Şurada getməsində? Milli Şura Azərbaycanda dinc, demokratik yolla hakimiyyətin dəyişməsi, avtoritarizmdən demokratiyaya keçid üçün demokratik düşərgənin istifadə etdiyi formatlardan biridir. Indi elə bir kövrək duyğu seli yaranıb ki, ay haray, Milli Şura çökür, günahkar da Müsavat partiyasıdır. Əvvəla, günahkar axtarmaq istəmirəm. Axtarsaq, çox dərinə gedərik. Ikincisi Müsavat partiyası mövqeyini bildirib. Yəqin ki, yaxın günlərdə partiya rəhbərliyində bu məsələni müzakirə edib, qərarımızı verəcəyik.

- Milli Şuranın iclasında söyləmisiniz ki, Rüstəm Ibrahimbəyovun hətta Fəxri sədr olduğu qurumda da qalmaq istəmirsiniz...
- Mən demişəm ki, başqa dövlətin vətəndaşının sədr, həmsədr və ya fəxri sədr olduğu Milli Şurada olmaq Müsavat partiyası üçün məqbul deyil. Söhbət Rüstəm Ibrahimbəyovdan getmir. Başqa ölkənin vətəndaşının sədrliyindən, həmsədrliyindən, fəxri sədrliyindən gedir.

- Necə olur ki, Rüstəm Ibrahimbəyovun sədrliyi indiyə kimi mə[/u]qbul idi, indi məqbul deyil? Axı, vətəndaşlıqla bağlı status dəyişməyib...
- Kifayət qədər təcrübəli jurnalistlərin, analitiklərin, siyasətçilərin bu sadəlövh sualı verməsinə çox təəccüblənirəm. Biz Rüstəm müəllimin sədrliyini o zaman qəbul etdik ki, Milli Şura yaranırdı, demokratik düşərgə bir araya gəlirdi, Rüstəm müəllim Azərbaycana dönməyi planlaşdırırdı, prosesdə bilavasitə iştirak edəcəyini bəyan edirdi, Rusiya vətəndaşlığından çıxacağı ehtimal olunurdu.

- Ancaq Rusiya vətəndaşı idi...
- O məsələ bir az üstüörtülü idi. Indi çoxları xoşlayır desin ki, biz bilmirdik Rüstəm müəllimin Rusiya vətəndaşı olmağını. Bu sadəlövhlük də sözün düzü, məni kövrəldir. Axı bunu bilməmək mükün deyil. Söhbət ondan gedir ki, hörmətli ziyalılarımız demokratik düşərgə ilə bir araya gəlirlər. Biz Ictimai Palata olaraq, çalışırdıq ki, siyasi müxalifətlə ziyalılar bir araya gəlsin. Dəfələrlə bu barədə mövqeyimizi bildirmişdik. Ilk dəfə bu fürsət 2013-cü ilin yazında yarandı və Rüstəm müəllimin vahid namizəd məsələsi meydana gəldi. Aydın məsələ idi ki, Rüstəm müəllim Rusiya vətəndaşlığından imtina etməli idi. O zaman onun sədrliyi də həm hüquq cəhətdən normal, həm də bizim üçün məqbul olacaqdı. Bu baş vermədi. Əksinə, vətəndaşlığının davam edəcəyi mesajları verilib. Belə bir halda, Müsavat kimi köklü bir partiya üçün, bu cür məsələlərə həssas yanaşan qüvvələr üçün məqbul sayıla bilməz.

- Fəxri sədrlik məsələsinin həm də daha çox sizin partiyanın nümayəndələrinin Rüstəm Ibrahimbəyovun ünvanına səslənən tənqidlərin effektini yumşaltmaq cəhdi olduğunu düşünmürsünüzmü?
- Görünür, bizim taleyimizə yazılıb ki, hər zaman demokratik düşərgənin, demokratik prosesin, xalqımızın maraqlarıyla bağlı məsələlərdə Müsavat partiyası prinsipiallıq göstərməlidir. Hər dəfə digər qüvvələr üstümüzə gəlməlidir. Zaman keçdikcə haqlı olduğumuzu hamı sakitcə, səs-küysüz etiraf etməlidir, bu məsələni unutmağa çalışmalıdır. Bizə lazım olan Azərbaycanın marağıdır.

- Rüstəm Ibrahimbəyov həm də özü istefa verib...
- Təbii, özü istefa verib. Bəzilərinin dediyi kimi, kimsə onun başının üstündə dayanıb istefa verməyə məcbur etməyib. Bu, absurd və mənasız iddialardır. Rüstəm müəllimə də ziyalı, intellektual, sənət, kino aləmində böyük xidmətləri olan bir adam kimi, Müsavat partiyasının, şəxsən mənim böyük hörmətim var. Ictimai-siyasi xadim kimi Rüstəm müəllim bir sıra zəifliklərə yol verdi ki, mən onun üstünə getmək istəmirəm. Nə qədər deyilsə də ki, fəxri sədr siyasi status deyil, siyasi çəkisi yoxdur, mən sabah Milli Şuranın fəxri sədrinin müəyyən siyasi proseslər barədə bəyanat verməsini, o bəyanatın müəyyən mənada Müsavatın da mövqeyini ifadə etməsi görüntüsünü yaratmasını istəmirəm. Bunu Müsavatın maraqlarına, Müsavatın mövqeyinə zidd hesab edirəm.
Avropa Ittifaqıyla Rusiya arasında Qafqaz, Azərbaycan uğrunda mübarizə gedir və belə bir vəziyyətdə Rusiyada yaşayan bir ziyalımız bizə rəhbərlik edir, bizim adımızdan danışır. Demokratik düşərgə üçün bu, uyğun vəziyyət deyil.

- Siz bununla Milli Şuranın Rusiya projesi olması barədə deyilənlərə dəstək verirsiniz?
- Rusiya projesinə kim dəstək veribsə, verib. Biz necə dəstək verə bilərik?

- Seçki kampaniyası zamanı “Yeni Müsavat” qəzetində bu barədə yazılmışdı, Müsavat partiyasının üzdə olan adamlarından da “Rusiya projesi” ifadəsini eşidirdik. Eyni sözləri hökumətyönlü partiyalardan, YAP-dan da eşidirdik. Indi siz də Rusiya və onun Rüstəm Ibrahimbəyova təsiri məsələsini gündəmə gətirdiniz...
- Bunu bəzi dostlardan da, sizin kimi jurnalistlərdən də eşitdik ki, Ilham Əliyev öz dostları vasitəsilə Milli Şuranı dağıtmaq istəyir, Rüstəm Ibrahimbəyovun qarşısını almaq, kənarlaşdırmaq istəyir. Çox absurd və mənasız ittihamlardır. Bu ittihamları irəli sürən adamların yerinə xəcalət çəkirəm. Söhbət projedən getmir. Mən bilmədiyim məsələlərdən danışmağı xoşlamıram. Bildiyimi deyirəm və dediyimin də arxasındayam. Başqa bir ölkənin vətəndaşı olan şəxs Müsavatın daxil olduğu quruma rəhbərlik edirsə, bu, bizə diskomfort yaradır.

- Isa bəy, siz başqa ölkənin vətəndaşlığı olan şəxsi prezidentliyə namizəd irəli sürmüşdünüz...
- Həmin şəxsi vətəndaşlıqdan imtina etməsi və Azərbaycana dönməsi şərtilə. Bunlar yerinə yetirilməyib, kifayət deyilmi?

- Milli Şurada gedən proseslərin anonsu Rauf Arifoğludan gəldi, Müsavat partiyasının Milli Şuradan çıxacağını dedi. Bundan bir az əvvəl Rauf Arifoğlu prezidentlə görüşmüşdü. Bu da müəyyən rəng qatır sizin Milli Şura ilə bağlı bəyanatlarınıza...
- Siz və bəziləri ictimai-siyasi proseslərin anonsunu “Yeni Müsavat”dan alırsa, bu “Yeni Müsavat”ın ictimai-proseslərə daha çox reaksiya verməsi və daha çox oxunmasından xəbər verə bilər. Ancaq diqqətli təhlilçilər “Yeni Müsavat”ın yazıları olmadan belə, baş verən proseslərə münasibət bildirməyə hazır olmalıdır. O ki qaldı “Yeni Müsavat”ın hansısa tədbirdə iştirak etməsinə, bu qəzet müstəqildir və harada iştirak edib-etməmələri barədə özləri qərar verirlər.

- Buna baxmayaraq, siz də tənqid etmədiniz bu iştirakı?
- Tənqidim Ilham Əliyevə yönəlib. Rauf Arifoğlu və başqasını tənqid etmək istəmirəm. Ölkədəki vəziyyəti Əliyev rejimi yaradıb. Medianı bu vəziyyətə salan Ilham Əliyevdir, Rauf Arifoğlu deyil. Elə bir vəziyyət yaradıblar ki, ölkədə üç-dörd müstəqil media qalıb. Hamısını ələ keçiriblər. Bunun hesabına Ilham Əliyevi “medianın dostu” elan ediblər. Yadınızdadırsa, mənə verilən “Jurnalistlərin dostu” mükafatını onu əvvəl mənə, sonra Ilham Əliyevə verən təşkilata qaytarmışam. Ilham Əliyevi “Medianın dostu” Rauf Arifoğlu elan etməyib.

- Siz AŞ PA müşahidəçilərilə görüşdən imtina etdiniz ki, onlar qərəzlidir, Azərbaycan hökumətilə aşırı sıx münasibətdədir. Ancaq siz eyni münasibəti partiyanızın üzvü, eyni zamanda, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü olan, sizin də mühakiməsinə etibar etdiyiniz şəxsə qarşı nümayiş etdirmirsiniz...
- Hər şeyi bir-birinə qatırsınız. Bu vəziyyəti rejim yaradıb. Bu ağır rejimdə “filan qəzet hansı qərarı qəbul edib, hansı qəzet nə edib” - mən bunların hamısını görürəm, ancaq heç birinə bəraət qazandırmıram. Hər kəs öz hərəkətinə görə məsuliyyət daşıyır. Hesab edirəm ki, Ilham Əliyevi kənarda saxlayıb, Rauf Arifoğluya hücum etmək səmimi deyil. Niyə Ilham Əliyevin qərarıyla KIV-ə Dövlət Dəstəyi Fondundan yardım alanda və başqa məsələlərdə belə aqressivlik hiss olunmur...

- Həmin vaxt sizin tənqidinizi gözləyirdik. Orada söhbət konkret dövlət büdcəsindən gedir, burada isə Ilham Əliyevə dost deməkdən...
- Ilham Əliyevə kim dost deyib?

- Həmin tədbir Ilham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimi idi.
- Rauf Arifoğlu ona dost deməyib ki... Rauf Arifoğlunu tədbirə dəvət ediblər, o da ölçüb-biçib, görüb ki, qəzeti bağlanmaq, iflas ərəfəsindədir, qərarını qəbul edib ki, mən gedəcəyəm, o tədbirə yayım məsələsini deyəcəyəm.

- O tədbirdə də həbsdə olanlardan, öldürülən jurnalistlərdən danışmayıb. Yalnız “Qəzetimizi satmağa imkan verin” deyib...
- Bu məsələdə haqlısınız. Ilk dəfədir haqlısınız. Ancaq həmin Rauf Arifoğlu Heydər Əliyevlə görüşdə bütün həqiqətləri dilə gətirmişdi. Indi isə o şərait yoxdur, jurnalistlər bunu danışa bilmirlər.

- Isa bəy, bilmək istəyirik ki, nə dəyişir? Bəlkə siz də dəyişirsiniz?
- Bu artıq açıq-aydın və qərəz oldu. Mənim mövqeyim ortadadır. Mən bütün vicdanlı adamları Ilham Əliyev rejimini tənqid etməyə, onun üzərinə getməyə dəvət edirəm.
Sizə bir söz deyim, sabah Prezident Aparatından “Azadlıq” radiosunun Amerikadakı rəhbərlərinə deyilsə ki, “Ilham Əliyev bir tədbir keçirir və sizin rəhbərlik ora gəlsə, onunla görüşsə, bir az yumşaq davransa, Ilham Əliyev ”Azadlıq" radiosunun FM dalğasına qayıtmasını bərpa edəcək", sizi inandırıram ki, rəhbərləriniz gedib o tədbirdə iştirak edəcək. Siz də onu ittiham etməyə bəlkə də cəsarət tapmayacaqsınız.

- Isa bəy, “Azadlıq” radiosu FM-də deyil və yəqin ki, hansısa kompramislərə getmədiyi üçün...
- “Azadlıq” radiosunun şefi Bakıda idi. Bizimlə də görüşdü, Ilham Əliyevlə də. O da getmişdi də görüşə...

- Ilham Əliyevi “Jurnalistlərin dostu” elan edirdi?
- Mən əmin deyiləm ki, dəvət olunsaydı getməyəcəkdi.

- Rauf Arifoğludan başqa tədbirdə iştirak edən digərlərinə qarşı heç bir iddia yoxdur. Çünki onlar özlərini müxalif adlandırmırlar...
- Çünki hədəfdə Müsavat partiyası olmalıdır, yaxud da partiyaya yaxın, bağlı adamlar olmalıdır, eləmi?

- Xeyr. Onlar özlərini müxalif adlandırmırlar. Bəs siz niyə Tapdıq Abbası partiya üzvlüyündən xaric etdiniz?
- Tapdıq Abbas siyasətçidir, partiyanın Məclis üzvüdür. O cür addıma yol verilmişdi, müzakirə olundu, çıxarıldı.

- Rauf Arifoğlu da partiyanın üzvüdür, Ictimai Palatanın Koordinasiya Şurasının üzvüdür...
- Ictimai Palataya ittiham irəli sürülə bilər. Rauf Arifoğlu Müsavatın sıravi üzvüdür. Onu qəzetçi kimi tanıyırıq və o cür hörmət edirik. Ancaq siz və bəziləriniz Müsavatı və partiyaya yaxın olanları hədəf seçməyi qərarlaşdırmısınız. Əgər siz qərəzsizsinizsə, Rüstəm Ibrahimbəyov 3-4 gündən bir deyir ki, Abbas Abbasovla, Vaqif Hüseynovla dostam, ondan niyə bunu soruşmursunuz?

- Niyə soruşmuruq? Soruşuruq.
- Rüstəm Ibrahimbəyovu məndən müdafiə edirsiniz. Burada da, “facebook”da da, hər yerdə. Siz və sizin kimilər...

- Müdafiə mənim üslubum deyil. Heç kimin müdafiəsilə məşğul olmuram. Bütün siyasətçilərə də ən kəskin sualları verirəm.
- Biz jurnalistləri, QHT nümayəndələrini, 5-10 illik sükutu pozub bir dənə cəsarətli söz demiş ziyalıları müdafiə edirik, qiymətləndiririk, onları bir növ, cəmiyyətə təqdim edirik, ancaq əvəzində bəzi jurnalistlər, bəzi QHT nümayəndələri, bəzi ziyalılar elə bil ki, minlərlə üzvü fədakarlıq edən Müsavatı, Cəbhəni aşağılamaqdan zövq alırlar. Partiyaların mübarizəsinə görməzdən gəlməyə üstünlük verirlər. Bu haqsızlıqdır, ədalətsizlikdir.

- Dinləyici yazıb: Bu yalançı müxalifətlə niyə özünüzü yorursunuz? Nə vaxta qədər bu milləti aldadacaqsınız? Siz bu millətin bir nömrəli düşmənisiniz, Əli Kərimlidir, sizsiniz. 20 ildir bu milləti pis vəziyyətə salmısınız. Qurtarın bu hoqqabazlığı. O qədər təşkilat yaratmısınız, bilmirəm bu təşkilatlar sizə xidmət edir, ya Azərbaycan xalqına? Sizdən xahiş edirik, siz də, Əli Kərimli də, çıxın gedin. Bu millət özünə gün ağlasın.
- Yaratdığınız mühitdir ki, bir nəfər ya səmimidir, ya da öyrədilmiş şəxsdir, deyir ki, Isa Qəmbərlə Əli Kərimli Azərbaycanın bir nömrəli düşmənidir. Yaratdığınız mühitin nəticəsidir ki, həmin adam bu ölkəni talayanları, NIDA-çıları, müsavatçıları, cəbhəçiləri, dindarları həbs edənləri düşmən hesab etmir, Isa Qəmbəri, Əli Kərimlini düşmən hesab edir. Bu, yaratdığınız mühitin nəticəsidir.

- Bütün günahlar məndədir?
- Həm də sizdədir. Istərdim ki, özünüz haqda razılıq perestalını enəsiniz. Öz fəaliyyətinizə və sizin kimi düşünənlərin fəaliyyətinə qiymət verəsiniz. Cəmiyyətdə yaratdığınız mənəvi terror vəziyyətin dəyişməsinin qarşısını alır, stabilləşdirir.

- Mən cəmiyyətdə mənəvi terror yaratmışam?
- Siz yox, sizinkimilər. Status-kvonu qoruyub saxlayırsınız, buna xidmət edirsiniz.

- Biz saxlayırıq status-kvonu?
- Ilham Əliyevi hədəfdən yayındırıb müxalifətin, jurnalistlərin ayrı-ayrı şəxslərin üzərinə gedənlər.

- Siz məni Ilham Əliyevi kifayət qədər tənqid etməməkdə günahlandırırsınız?
- Kim ki Ilham Əliyevi bir-iki dəfə tənqid edəndən sonra istədiyi adamı, istədiyi mövzuda istədiyi qədər yalan-doğru tənqid etmək haqqını özündə görür, onlara aiddir. Ilham Əliyevi tənqid etmək heç bir indulgensiya deyil.

- Siz iddia edirsiniz ki, mən Ilham Əliyevi yox, müxalifəti tənqid edirəm?
- Mən iddia edirəm ki, sizdən qat-qat uzun illər ərzində, sizdən daha qətiyyətlə, daha cəsarətlə Əliyev rejimini tənqid edən insanlar var. Və sizin onlara yuxarıdan aşağı baxmağınız düzgün deyil.






Fikirlər