“Moskva Bakıda təxribat hazırlamaq istəyir”
Müsavat başqanı İsa Qəmbərin mətbuata verdiyi son müsahibə siyasi dairələrdə böyük ajiotaj doğurdu. Müxalifət partiyalarının bəzilərinin xarici və yerli hakimiyyət qüvvələrinin nəzarətində olduğunu vurğulayan İsa Qəmbər həmçinin, vahid namizəd məsələsinə də toxunub.
Müsavat başqanının fikrincə, rəsmi Moskva Azərbaycanda müxalifət partiyalarının qarşıdan gələn prezident seçkilərində vahid namizədlə təmsil olunmasını istəmir. Maraqlıdır, Rusiyanın bu məsələdə hansısa hədəfləri varmı?
Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiyanın əsas məqsədi müxalifəti hakimiyyətə gətirmək deyil, rəsmi Moskva Azərbaycan üçün təhlükəsi təxribat planı həyata keçirmək haqda düşünür. “Mənə elə gəlir ki, Rusiya Azərbaycan üçün çoxşaxəli bir təxribat planı hazırlayır. Sözsüz ki, bu planın içərisində Azərbaycan müxalifəti heç də birinci yerdə dayanmır. Rusiya üçün bu gün əsas təhdid hədəfi hakimiyyətdə olan siyasi qüvvələr deyil, bütövlükdə Azərbaycan xalqıdır. Rusiya təxribat planını bir neçə istiqamət üzrə işləyir. Burada milli azlıqların ayağa qaldırılması məsələsi var, iqtidardaxili parçalanma cəhdləri var. Rusiya Azərbaycan müxalifətini müəyyən qədər şirnikdirib, amma müxalifət bilmir ki, onları hakimiyyətə cəlb etməmək taktikası var. Rusiyanın Azərbaycan müxalifəti ilə işbirliyinə getməsi utopik xəyaldır. Bu barədə kimlər düşünürlərsə, ciddi şəkildə yanılırlar”.
Politoloq daha sonra İsa Qəmbərin Rusiyanın müxalifətin vahid namizəd məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Müsavat başqanının söylədikləri reallığı əks etdirmir. “Bu nöqteyi nəzərdən Müsavat başqanının söylədikləri baş verən prosesləri əks etdirmir, bundan yan keçir”.