“Rusiya Azərbaycanda aranı qarışdıra bilər”
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) Rusiyanın təsiri ilə yaradılmasına dair ortada heç bir fakt yoxdur, gündəmdə müzakirə olunanlar isə mülahizə və şayiələrdən başqa bir şey deyil. Bunu politoloq, müstəqil Azərbaycanın Rusiyada ilk səfiri olmuş Hikmət Hacızadə bildirib.
H.Hacızadə vurğulayıb ki, “Milyarderlər İttifaqı” Rusiyanın yox, məhz həmin təşkilatda birləşənlərin şəxsi maraqları ilə yarana bilərdi: “Bekarçılıqdan bir ittifaq yaratdılar və bir araya gəldilər ki, diasporçuluq sahəsində müəyyən iş ortaya qoysunlar. Çünki Rusiyadakı Azərbaycan diasporunun problemləri az deyil, ciddi işlər görülməlidir. Amma bu ittifaqın Rusiyanın “Azərbaycana təcavüz planı”na daxil olduğunu düşünmürəm. Hər halda, onların məqsədləri başqadır. Sadəcə, bu məsələ şişirdildi və daxili siyasi proseslərlə, hakimiyyətə təzyiq ehtimalı ilə əlaqələndirildi. Rüstəm İbrahimbəyova da bu qədər təzyiqlər etmək yersiz idi”.
Onun fikrincə, sözügedən təşkilatda birləşən milyarderlər Azərbaycan hakimiyyəti üçün təhlükə mənbəyi ola bilməzlər: “Onların çoxu Azərbaycan hakimiyyətinə yaxın adamlardır. Hətta prezidentin qudası da var o təşkilatda. Əgər belə bir məsələ olsaydı, əvvəldən heç yaxın düşməzdi o ittifaqa. Bakıdan hansısa dairələrin xoşuna gəlməyən hal baş verirsə, bu başqa məsələ. Amma düşünmürəm ki, Rusiya məhz bu yolla Azərbaycana təzyiq etmək istəsin. Heç daxili siyasətə də Rusiyanın təsirindən söz gedə bilməz. Nə müxalifətin, nə də cəmiyyətin Rusiyaya yönələn ciddi marağı yoxdur. Hesab edirəm ki, Rusiya Azərbaycanda daxili siyasi proseslərə yön vermək imkanlarına malik deyil”.
Hikmət Hacızadə daha ciddi məqamlara diqqət ayırmağı lazım bilir: “Rusiya Azərbaycanın sərhədlərinə qoşun yığır, diqqəti buna yönəltmək lazımdır. Ən ciddi məsələ, fikrimcə, budur. Sual yaranır ki, Rusiya niyə bizim şimal sərhədlərimizdə belə müharibəyə hazır dayanıb? Azərbaycanı işğal etməyəmi hazırlaşır, yoxsa məqsədi nədir? Azərbaycan hakimiyyəti də məhz bundan narahat olmalıdır”.
O, həmçinin milli azlıqlar məsələsinə də toxunub: “Ola bilər ki, Rusiya Azərbaycanda aranı qarışdırmaq istəsin və bunu da milli azlıqlar vasitəsi ilə həyata keçirsin. Bu variantı istisna etmirəm. Rusiya Azərbaycandakı milli azlıqlardan yararlanmağa çalışacaq. Bununla da ölkədəki proseslərə hansısa şəkildə təsir etmək niyyətindədir. Biz isə buna hazır olmalı və tədbirli davranmalıyıq”.