“Şərurlu İsfəndiyar”a görə 55 ailə vətəndaşlıqdan imtina edir
Bakıda fəaliyyət göstərən, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus “İN Eksklüziv Servis” və “Safari-N” MMC tikinti şirkətinə görə 55 ailə Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşır. Bu barədə Azertaym.az-a ev fırıldağı qurbanlarının hüquqlarını müdafiə edən vəkil Ramil Rüstəmov məlumat verib. Vəkilin sözlərinə görə, sözügedən şirkət 2006-cı ildən bəri payçıları aldadaraq onların pulunu mənimsəyib, mənzilləri isə sahiblərinə təhvil verməyib. Əvvəlki dələduz firmalar kimi bu şirkət də adamlara eyni qaydada kələk gəlib. Belə ki, bir mənzil bir neçə vətəndaşa satılaraq əldə olunan pullar yağmalanıb. Nəticədə əhalinin 1,5 milyon manatı mənimsənilib. “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı və onun şirkətə rəhbərlik edən qardaşı İmran Axundov payçıları aldadaraq küçələrdə qoyub.
Zərərçəkənlərin hüquqlarını müdafiə edən Ramil Rüstəmov deyir ki, ev mafiyasının qurbanları üzləşdikləri qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, Ali Məhkəmənin sədri Ramiz Rzayeva , Baş Prokuror Zakir Qaralova yenidən müraciət ediblər: “ Hüquqlarını qoruduğum 55 ailə deyir ki, əgər şikayətimizə baxılmasa Azərbaycan vətəndaşlığından imtina edib, hər hansı bir xarici dövlətdən sığınacaq alacaqlar”.
Vəkilin sözlərinə görə, məsələ ilə bağlı keçirilən məhkəmə prosesi zamanı ciddi qanun pozuntuları qeydə alınıb: “Sənədlərdə “İN Eksklyuziv Servis” MMC -nin
rəhbəri kimi qeyd olunan Ələkbər Zeynalovun həmin bir bloklu binadan mənzil satmaq səlahiyyəti qarşılıqlı razılaşma nəticəsində olub. Əgər olmamışdırsa, onda mənzillərin satışına dair məxfi məlumatların yayılması üçün Ələkbərin razılığı niyə tələb olunur? 2008-ci ildə İsfəndiyar Axundov onlar arasında 2006 -cı ildə bağlanmış müqaviləni dəyişərək, sonradan özünə uyğun 2008-ci ildə müqavilə hazırlayıb. Müqavilələrə baxdıqda edilən saxtalaşdırma əyani olaraq görünür. Bu barədə dəfələrlə istintaqı həyata keçirən müstəntiq Elnur Cəfərova bildirməyimizə baxmayaraq, “Safari-N”MMC nin rəhbəri İmran Axundovun bu kimi əməllərinə hüquqi qiymət verilməyib. İstintaq idarəsi İsfəndiyar Axundovun bu kimi saxtakarlıqlarına və bu yolla vətəndaşlardan aldıqları mənzillərin hər kvadrat metri üçün 200-250 manat əlavə pul tələb edib almaqla korrupsiya əməlləri törətməsinə hüquqi qiymət verməlidir. Kifayət qədər faktların olması istintaqın gedişində “Safari-N” MMC-nin rəhbəri İmran Axundovun cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır. Bunlara baxmayaraq müstəntiq qərəzli istintaq apararaq İmran Axundovu ittiham aktında şahid qismində tanıyaraq bizim göndərdiyimiz istintaqa etiraz ərizələrinə və müqavilələrdə edilən saxtakarlıqlara hüquqi qiymət vermədən ittiham aktını məhkəməyə göndərib”.
Vəkil Ramil Rüstəmov bildirdi ki, prezidentə müraciət edərək ondan işi ədalətli araşdırılmasına göstəriş verməsini xahiş ediblər: “Cinayət işi yenidən istintaqa qaytarılsın və ədalətli araşdırma aparılsın. Əks halda 55 ailə vətəndaşlıqdan imtina edərək ölkəni tərk edəcək”.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.