Orduda növbəti Mübariz İbrahimov olayı?

Əsgərlərimizdən biri təkbaşına düşmən mövqeyini yarmaq istədiyi deyilir, Məhəmmədəli Abdulovun istəyinin baş tutmadığı deyilir
Orduda növbəti Mübariz İbrahimov olayı?

Dünən yayılmış xəbərə görə, Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni tərk edib. Bu barədə Ağdam Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, hadisə Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissədə qeydə alınıb. Əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb, respublikanın bütün rayonlarının polis şöbələrinə məlumat verilib.
Xəbərdə bildilir ki, M.Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb və o, elə dünən polis tərəfindən saxlanılıb.
Lakin deyilənləri inkar edən məlumat da ortaya çıxıb. Azertaym.az-a verilən məlumata görə, Abdulov heç də hərbi hissədən qaçmayıb. Əksinə, o, Mübariz İbrahimovun hərəkətlərini təkrarlamaq istəyib. Hadisə isə Ağdamda deyil, Ağcabədidəki hərbi hissələrdən birində baş verib.
Azertaym.az-a məlumat verən hərbi mənbənin iddiasına görə, M.Abdulov hərbi hissəni tərk edərək, özü ilə avtomat silahını və bir neçə daraq patron götürərək, cəbhə xəttini yarmaq istəyib. Düşmən mövqeyinə keçmək istəyən hərbçimiz bir-neçə saat buna cəhd etsə də alınmayıb. Onun minalı sahəni keçmək cəhdi baş tutmayıb. Bundan xəbər tutan əsgər yoldaşları isə onunla danışaraq, bu niyyətindən vaz keçməsini xahiş ediblər. Sonda Abdulovun inadını qırmaq mümkün olub.
Mənbə qeyd edir ki, Müdafiə Nazirliyi məsələdən xəbər tutduqdan sonra həmin hərbi hissəyə nümayəndə göndərib. Məsələni araşdıran nümayəndə əsgərimizi atdığı addıma görə qınamaqla yanaşı, həm də məsuliyyətə cəlb olunacağını çatdırıb. Mübariz İbrahimov kimi qəhrəmanlıq etmək istəyən hərbçimiz isə deyib ki, o, atdığı addımdan peşiman deyil və imkan olarsa, yenə də bu hərəkəti təkrarlayacaq. Üstəlik, hər hansı bir məsuliyyətdən də çəkinmədiyini bildirib.
Daha sonra isə əsgər Müdafiə Nazirliyinin rəsmilərinə bildirib ki, o, həm də bu addımı orduda və qulluq etdiyi hərbi hissədə baş verən özbaşınalığa etiraz əlaməti olaraq atıb. Belə ki, Ağcabədidəki hərbi hissədə əsgərlərin incidildiyi və zabitlərin onlarla normal davranmadığını qeyd edib.
Həbs prosesi isə elə hərbi hissədəcə baş verib. İddialara görə, Abdulov nə hərbi hissəni tərk edib, nə də silahını aparmağa cəhd edib. Deyilənə görə, xəbərin bu şəkildə yayılması isə işi ört-basdır etmək niyyəti daşıyır.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.






Fikirlər