Ordumuzun Qarabağda hərbi əməliyyat planının detalları açıqlandı

Bakı ilk növbədə şimaldan və cənubdan güclü həmlələrlə Dağlıq Qarabağın Ermənistanla əlaqəsini kəsməyə çalışacaq
Ordumuzun Qarabağda hərbi əməliyyat planının detalları açıqlandı

Dağlıq Qarabağda mümkün hərbi əməliyyatların bərpası ehtimalı dünya KİV-lərinin diqqət mərkəzində qalmaqda davam edir. ABŞ-da bəzi təhlilçilər rəsmi Bakının hərbi əməliyyatlara elə gələn il start verəcəyini düşünürlər. “Azərbaycan indi Qarabağda hərbi əməliyyatların strategiyasını və planını hazırlayır. Azərbaycan tərəfinin məqsədi aydındır - qəfil zərbələrlə düşməni çaşbaş vəziyyətdə yaxalamaq. Ermənilər buna əks zərbələrlə fəal müqavimət göstərəcək”, - deyə Amerikanın WNWİ radiosunun məqaləsində bildirilir.
Radio öz analitik materialında Dağlıq Qarabağ konfliktində Rusiya amilinə də toxunub. Qeyd edilir ki, Moskvaya müttəfiqinin uğursuzluğu və Kremlə loyal olmayan, Ankara ilə Vaşinqton arasında balans yaradan Azərbaycanın güclənməsi sərfəli deyil.
Azərbaycanın mümkün hərbi planları barədə Rusiya KİV-ləri də vaxtaşırı yazır. Bu xüsusda “Arqumenti nedelyi”də analitik Yaroslav Vyatkinin məqaləsini diqqət çəkir. Məqalədə Azərbaycan Ordusunun Ermənistanınkından xeyli güclü olduğu bildirilir. Sitat: “Azərbaycan son illər neft gəlirlərini həvəslə Türkiyədən, ABŞ-dan, İsraildən və Rusiyadan müasir silahlar almağa yönəldir. Özü də bu zaman yüksək dəqiqlikli silah-sursata və kəşfiyyat vasitələrinə üstünlük verilir. Azərbaycan Ordusuna qarşı iki erməni ordusu - Ermənistanın və ”DQR"in ordusu dayanıb. Əslində bir ordu və onun filialından danışmaq doğru olar. Çünki Ermənistandan olan çağırışçılar Qarabağda xidmət keçir, “DQR”in zabitləri isə Ermənistanda xidmət edir, yaxud əksinə. Ancaq Ermənistanın silahlı qüvvələri hətta “Qarabağ ordusu” ilə birgə Azərbaycandan zəifdir".
Məqalə müəllifi hesab edir ki, Azərbaycan tərəfi hərbi əməliyyatları Dağlıq Qarabağ və ona bitişik rayonlarla məhdudlaşdırmağa çalışacaq. “Bakı yəqin ki, ilk növbədə şimaldan və cənubdan güclü həmlələrlə Dağlıq Qarabağın Ermənistanla əlaqəsini kəsməyə çalışacaq. Ermənilər isə araya girən hərbi qruplaşmanı Ermənistan ərazisindəki qüvvələrlə mühasirəyə almağa çalışacaq. Eyni vaxtda azərbaycanlılar ”DQR"in müdafiə xəttini yarmağa, möhkəmləndirilmiş istinadgahları dağıtmağa səy edəcəklər".
Lakin əsas sual məqalə müəllifinə görə, budur ki, Rusiya konfliktin hansı mərhələsində müdaxilə edəcək: “Moskva KTMT-nin üzvü olan materik Ermənistanın ərazisinin müdafiəsi ilə yanaşı 2008-ci ildə Gürcüstanda sınaqdan çıxardığı ”sülhə məcbur etmə" formulundan da yararlana bilər - əlbəttə ki, Kremldə bunu zəruri saysalar".
Elə məsələ də ondadır, “zəruri saysalar”. Çünki əvvəla indi 2008-ci il deyil, Azərbaycan isə Gürcüstan. Ortada güclü Türkiyə faktoru da var. Siyasətdə bir suya iki dəfə girmək mümkün deyil. Əgər Rusiya 2008-ci ildəki kimi kobud “işləyərsə”, yəni bu dəfə öz forpostunu müdafiə bəhanəsi ilə (halbuki heç kim Ermənistana təcavüz etməyəcək) Azərbaycana hərbi müdaxilə qərarı verəcəksə, o zaman aydın məsələdir ki, nə qardaş Türkiyə, nə də ABŞ və Avropa dövlətləri buna seyrçi qalmayacaq.
Yeri gəlmişkən, nüfuzlu beyin mərkəzlərindən olan "TürkSAM"ın rəhbəri Sinan Oğan da bu haqda Kreml başbilənlərini xəbərdar edib. Bildirib ki, hətta Bakı hərbi kömək xahişində bulunmasa belə, Ankara bu dəstəyi ona məmnuniyyətlə verəcək.
Hərbi dəstək həm də ona görə veriləcək ki, Azərbaycanla Türkiyəni, Türkiyə vasitəsilə isə Avropanı böyük enerji arteriyaları, ortaq iqtisadi maraqlar birləşdirir. Strateji neft-qaz kəmərləri Qərbin Rusiyadan enerji asılılığının aradan qalxmasında mühüm rola malikdir. Başqa yandan, Türkiyənin işə qarışması avtomatik NATO-nu da konfliktə cəlb edəcək və yekunda münaqişə böyüyərək qlobal miqyas alacaq.
Müxtəsəri, Rusiya növbəti düşünülməmiş hərəkəti ucbatından həm son illər iqtisadi-ticari əlaqələrin xeyli genişləndirdiyi Türkiyəni və Azərbaycanı birdəfəlik itirə (Gürcüstanı artıq itirib), həm də regionda dünyanın böyük gücləri ilə, NATO ilə üz-üzə gələ bilər. Ermənilərə görə dəyərmi?
Çətin ki, Kreml strateqləri belə acı sonluğu arzu eləsinlər. Əslində hazırkı status-kvo Kremlə tam əl verir. Şimal qonşumuzun Azərbaycan bağlı çeşidli təhdidləri, o sırada Dağıstana son aylar böyük hərbi qüvvə cəmləşdirməsi də fikrimizcə, daha çox Azərbaycanı müharibə variantından çəkindirməyə yönəlib, nəinki regiona müdaxiləyə hesablanıb.
Milli Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, bu kimi informasiyaların mötəbərliyi bütün hallarda şübhə altındadır.
Ortada konkret faktların olmadığını deyən politoloq, bununla belə, regionda olan geosiyasi vəziyyət, xüsusilə, Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi yeni bir müharibənin başlaya biləcəyini deməyə əsas verir: “Dağlıq Qarabağ problemi uzun müddət dondurulmuş vəziyyətdə qala və Azərbaycan da bununla razı ola bilməz. Yeni nəsil Dağlıq Qarabağla bağlı çox az şey bilir və onların şüurlarından Dağlıq Qarabağ tədricən çıxır. Digər tərəfdən, münaqişənin uzanması gələcəkdə Dağlıq Qarabağın müstəqil subyekt olaraq tanınması təhlükəsini artırır. Azərbaycan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu azad etmək üçün müharibə planına malikdir və həmin plan bu gün də masa üzərindədir. Lakin bu planın həyata keçirilməsi regionda və dünyada olan vəziyyətlə bağlı zaman-zaman təxirə salınır. Bu münaqişənin yenidən qızışmasında xüsusilə, regionda geosiyasi və iqtisadi mənafeləri olan dünya gücləri maraqlı deyil. Siyasi təhlillərin nəticəsi olaraq, sözügedən informasiya ilə razılaşmaq olar. Amma onu da nəzərə alaq ki, 2013-cü ildə Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçirilməlidir. Bu baxımdan, qısamüddətli müharibənin olacağını ehtimal etmək mümkündür. Yaxud da problemin çözümünə dinamika gətirmək üçün lokal əməliyyatların keçirilməsinə qərar verilə bilər. Azərbaycan da hərbi əməliyyatlar keçirəcəksə, təbii ki, bu, qısamüddətli və lokal xarakter daşıyacaq və bir çox strateji rayonlar dərhal azad olunacaq”.
Bəzi ekspertlər dünya birliyinin Dağlıq Qarabağ probleminə lazımı diqqəti yetirməməsini Suriya, İran və Yaxın Şərq kimi problemlərin mövcudluğu ilə əlaqələndirirlər. Natiq Miri də hesab edir ki, Dağlıq Qarabağ dünyanın, o cümlədən, əsas supergüc olan ABŞ-ın prioriteti deyil: “Cənubi Qafqaz, xüsusilə, Azərbaycan Qərb üçün enerji təhlükəsizliyi və tranzit yüklərinin daşınması yönündə əhəmiyyətlidir. ABŞ Rusiya ilə bu məsələdə ortaq dil tapa bilməyib və buna görə də Dağlıq Qarabağ növbəti mərhələlərə atılır. Qlobal problemlər olan Suriya, İran və Yaxın Şərq kimi problemlər həll olunmayana qədər Dağlıq Qarabağ növbəti mərhələlərə atılacaq. Bu baxımdan da, hesab edirəm ki, Azərbaycan Dağlıq Qarabağ probleminin dünyanın prioritetinə çevrilməsi üçün lokal hərbi əməliyyatlara başlaya bilər”.

Azertaym.az








Fikirlər