Erməni əsilli keçmiş diplomatdan İrəvana xəbərdarlıq
Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun uzanması Ermənistan üçün təhlükəlidir. Bu fikirlə erməni əsilli keçmiş amerikalı diplomat, Birləşmiş Ştatların İsraildə səfiri olmuş Edvard Cerecyan çıxış edib.
Amerika KİV-lərinin xəbərlərinə görə, Cerecyan “Ərəb baharı: Türkiyənin regionda rolu və Yaxın Şərq ermənilərinin gələcəyi” mövzusunda məruzəsində Qarabağ münaqişəsi barədə danışıb. Nüfuzlu keçmiş diplomat deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır. “Əks halda, 2014-cü ildə regionda müharibə başlayacaq və Ermənistan bu müharibədə uğur qazana bilməyəcək”.
Keçmiş diplomat əlavə edib ki, Azərbaycan sürətlə silahlanır və vaxt ermənilərin əleyhinə işləyir. E.Cerecyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokolların dondurulmasından da təəssüfləndiyini deyib. O bildirib ki, həmin protokolların imzalanması prezident Serj Sərkisyanın mövqelərini laxladıb. Bununla belə, erməni əsilli keçmiş diplomatın fikrincə Ermənistanın əsas problemi korrupsiyadır, Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada isə onun vəziyyətini daha da ağırlaşdırır.
Qeyd edək ki, E.Cerecyan erməni diasporunun ən nüfuzlu simalarından biri hesab edilir. O, bir vaxtlar dövlət katibi vəzifəsinə namizəd kimi göstərilirdi. ABŞ-ın İsraildəki səfiri vəzifəsini tutan diplomatlar isə dövlət katibinin müavini ilə eyni ranqda hesab edilir.