Röya Hollandiya polisi ilə hansı dildə danışıb?

Royanın prodüseri həbs xəbərinə aydınlıq gətirdi
Röya Hollandiya polisi ilə hansı dildə danışıb?

Dünəndən etibarən Hollandiyada olan müğənni Röya Ayxanın həbs olunması və yerli mətbuatda müğənninin Hollandiya polisinə müqavimət göstərməsiylə bağlı, o cümlədən, təqsirli bilinməsi haqqında xəbərlər yer alıb.
Məlumata görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub ki, bu da yolda quraşdırılan radar və videokamera vasitəsilə qeydə alınıb. Həmin hadisədən bir gün sonra Röya eyni avtomobili idarə edərkən Hollandiya yol polisi tərəfindən saxlanılaraq, ona qayda pozuntusu barədə məlumat verilib.
Ona yazılan cəriməni ödəməkdən imtina edən müğənni, yol polisi ilə mübahisə edir. Polis müğənninin müqavimətinə məhəl qoymayaraq, ona yol hərəkəti qaydalarını pozduğu barədə kamera çəkilişini göstərib. Amma Röya bununla razılaşmayıb.
Söhbətin böyüdüyünü görən yol polisi müğənnini avtomobili ilə birlikdə cərimə meydançasına aparıb. Nəticədə Hollandiya qanunvericiliyinə əsasən Röya Ayxanın idarə etdiyi avtomobilin orada hərəkətinə qadağa qoyulub.
Məsələylə bağlı Röyanın prodüseri Kənan Bayramovla əlaqə saxladıq. O, yayılan xəbərin tamamilə yalan olduğunu bildirdi: “Biz Hollandiyaya gələn günü Röya avtomobil idarə edib və sabahsı gündə polis ilə dava edib. Çox gülməlidir. Maraqlıdır, Röya polis ilə hansı dildə danışıb? Azərbaycan dilində? Heç olmasa, deyərdilər ki, Röyanın yanında olan şəxslər dava edib, bunu anlamaq olardı. Olmayan məsələni şişirtmək lazım deyil. Ümumiyyətlə, belə bir hadisə və buna oxşar heç nə olmayıb. Hər şey normaldır”.






Fikirlər