Rəsul Quliyev nə vaxt Bakıya dönəcək?

“Qayıdış tariximi mart ayında açıqlayacam”
Rəsul Quliyev nə vaxt Bakıya dönəcək?
Azərbaycan Milli Məclisinin eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyev 2013-cü il prezident seçkiləri ilə bağı sensasion açıqlamalar verib.
Lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) üzvlərilə keçirdiyi videogörüşdə R.Quliyev 2005-ci ildə nə üçün Azərbaycana gələ bilməməsindən danışıb. Eks-spiker bildirib ki, onun həmin ərəfədə Azərbaycana gəlişi üçün bütün lazımı imkanlar məhdudlaşdırılıbmış. R.Quliyevin sözlərinə görə, Türkiyə, Gürcüstan və Rusiya onun bu ölkələrə təyyarə ilə enməsinə icazə verməyib. “Mən 2005-ci ildə nə üçün Azərbaycana gələ bilmədim? Azərbaycana gələ bilməyim üçün bütün variantlarımın hamısının üstündən xətt çəkdilər. Mən olan təyyarəni Azərbaycana buraxmadılar. Bu da çox asanlıqla həyata keçirilən bir şey idi. Hava limanını bağladılar. Azərbaycanla həmsərhəd olan Gürcüstan, Rusiya, Türkiyə mənə icazə vermədi ki, həmin ölkələrin də ərazisinə gəlim. Buna görə, mənim Azərbaycana gəlmək şansım sıfıra bərabər oldu. Bir variantım var idi, o da bundan ibarət idi ki, gərək Azərbaycana paraşütlə düşərdim. Paraşütlə tullanmaq üçün də gərək təyyarə sərhəddi keçsin”.
Sabiq spiker daha sonra qarşıdakı prezident seçkiləri ilə bağlı Azərbaycana gəlişindən danışıb. Vətənə dönəcəyi zaman bütün problemlərin 80 faizinin həll olunacağını deyən R.Quliyev gəlişi ilə bağlı 2013-cü ilin mart-aprel aylarında məlumat veriləcəyini vurğulayıb. “Mən Azərbaycana gələrsəm, biz demək olar ki, nəzərdə tutduğumuz problemlərin 80 faizini həll etmiş olarıq. Geridə qalan 20 faiz də zamanında həll olunar. İndi gərək mən çalışım ki, 2005-ci ildəki qeyri-mümkünsüzlüyün heç olmasa bir hissəsini mümkün edim. Yəqin ki, hamınız bildiniz ki, mən nə üçün 2005-ci ildə Bakıya gələ bilmədim. Kifayət qədər əminəm ki, yeni variantlar həyata keçiriləcək. Bu işin nə dərəcədə baş tutacağını siz gələn ilin mart, aprel ayında biləcəksiniz”.






Fikirlər