Ermənistanda böyük çaxnaşma

Bu ölkədə qazın qiymətinin növbəti artımı hakimiyyəti çaşqın vəziyyətə salıb
Ermənistanda böyük çaxnaşma

Ermənistan hökuməti Rusiya təbii qazına olan qiymətlərlə bağlı informasiyanı gizlətməkdə günahlandırılır. Ermənistan mətbuatının verdiyi məlumata görə, belə ki, bu günlərdə Ermənistanda bu ölkənin Rusiyadan aldığı təbii qazın qiyməti ilə bağlı mübahisə yaranıb.
Ölkə mətbuatında təbii qazın qiymətinin 3 dəfə artdığı ilə bağlı məlumatlar yayılıb. Hətta vəziyyət o yerə çatıb ki, ölkənin baş naziri məsələyə qarışaraq məlumatları təkzib etməyə başlayıb. Heç kəsə sirr deyil ki, Ermənistanın 95 faiz təbii qazla təhcizatı Rusiya və İrandan həyata keçirilir. Ölkənin özünün qaz ehtiyatları sıfıra bərəbərdir. Bu təbii qazın qiymətinə isə qonşu ölkələr tərəfindən qoyulan qiymət, ölkə iqtisadiyyatına olduqca böyük təsir göstərir.
Belə ki, 2005-ci ildə Ermənistan Rusiyadan 1000 kubmetr qazı cəmi 56 dollara alırdı. Bu gün isə Ermənistan Statistika Xidmətinin dərc etdiyi rəsmi məlumata görə, bu qiymət 1000 kub metr üçün 245 dollar təşkil edir. Baxmayaraq ki, 2011-ci ildə bu rəqəm 180 dollar idi. İran isə bu ölkəyə qazın 1000 kubmetrini bu gün 180 dollara satır. Bu qalmaqala Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan da qoşulub. O da, baş nazir Tiqran Sarkisyan kimi iddia edir ki, bu ölkədə qazın qiyməti artmayıb.
Amma bütün bunlara baxmayaraq, Dövlət Statistika Xidməti də öz dediyindən dönmür. Qurum iki ayağını bir başmağa dirəyərək deyir ki, qazın qiyməti artıb. Onlar da hökumətin təkziblərinə baxmayaraq öz rəqəmlərini açıqlayır. Ermənistanın sabiq baş naziri, hazırda parlamentin müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü, deputat Qrant Baqratyan isə deyir ki, bütün bu yaranan qalmaqala səbəbkar inhisarçı “ArmRosqazprom” şirkətidir ki, onun da fəaliyyəti xeyli suallar yaradır. Onun sözlərinə görə, bu inhisarçılığı Rusiya şirkətinə verilməsində isə birbaşa olaraq Ermənistan hakimiyyəti günahkardır: “Faktiki olaraq, bu gün Ermənistana qazı hansı qiymətdə verilməsini ruslar qərar verir. Görünür, indi də ruslar təbii qazın qiymətini artırmaq qərarına gəliblər. Onlarla da bacarmaq və ya bir şey etmək mümkün olmayacaq”.
Ermənistanın “Oraqark” qəzetinin icmalçısı Armenak Çatinyan isə iddia edir ki, qazın qiymətinin növbəti artımı istehlakçılara mənfi təsir göstərəcək: “Camaat məcburən Rusiya qazı alır. Çünki onların başqa seçimi yoxdur. Qazın qiymətinin artımı isə ictimai nəqliyyatın da qiymətinə ciddi təsir edəcək. Çünki bu ölkədə ictimai nəqliyyat da təbii qazla işləyir. Bundan başqa, qazın qiymətinin bahalaşması qida və istehlak məhsullarının da qiymətinə təsirsiz ötüşməyəcək”. Ekspert deyir ki, hakimiyyətin qazın real qiymətini gizlətməsinə səbəb, gələn ilin fevral ayında keçiriləcək növbəti prezident seçkilərinə qədər hazırki prezident Serj Sarkisyanın hakimiyyətdə saxlamaq cəhdidir. O bildirib ki, bu templə davam etsə, gələn il Sarkisyan yenidən prezident seçilməyəcək.






Fikirlər