LERIKDƏ İCRA BAŞÇISI MƏSCİDİ SÖKÜR

LERIKDƏ İCRA BAŞÇISI MƏSCİDİ SÖKÜR

Lerik rayonunun Peştətük kənd sakinləri öz şəxsi hesablarına tikdikləri məscidin Lerik rayon icra başçısı Rövşən Bağırovun sərəncamı ilə sökülməsinə etirazlarını bildirirlər.

Kəns sakinləri adından “Qafqazinfo”ya göndərilən şikayət məktubunda qeyd olunur ki, Peştətük kəndində uzun illərdir məscidin olmamasını nəzərə alan sakinlər üç il əvvəl öz hesablarına kənd bələdiyyəsindən torpaq sahəsi alıblar:

“Kənd ağsaqqalları üç il bundan qabaq Peştətükdə həm kənd sakinlərinin, həm də turist qismində buraya axışıb, gələn müsəlmanların ibadət etmələri üçün kəndin mərkəzində, heç kimə mane olmayan bir yerdə məscid tikmək qərarına gəldilər.Bu məqsədlə əlaqədar sakinlər kənd bələdiyyəsindən müvafiq torpaq sahəsi almış və tikintinin başlanması üçün bir neçə dəfə Lerik rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin, bu müraciətlərdən xeyli müddət keçməsinə baxmayaraq, Lerik rayon İH məscidin tikintisinə icazə ilə bağlı Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət etməyərək, kənd sakinlərinin qanuni istəklərinin reallaşmasına kömək etmək əvəzinə bilə-bilə maneələr törədib.

Belə ki, Peştətük kənd əhalisi şəxsi vəsaitləri hesabına 3 il bundan əvvəl aldıqları xeyli miqdarda tikinti materallarının yağış və qar altında xarab olduğuna görə, onlar bələdiyyədən aldıqları yertdə məscidin tikintisinə başlamaq məcburiyyətində qalıblar”.

Sakinlər bildirirlər ki, Lerik rayon İH başçısı Rövşən Bağırov məscidin tikintisinin başa çatmasına az qalmış onun sökülməsinə əmr verib. Peştətük kənd sakinləri isə məscidin sökülməməsi xahişi ilə Lerik rayon İH başçısı R. Bağırovun qəbulunda olsalar da, o, fikrindən dönməyib və qəti surətdə tikilinin sökülməsinə sərəncam verib.

Hazırda Peştətük kənd sakinləri dini özünü ifadə ilə bağlı Konstitusiyasında təsbit olunmuş vətəndaş hüquqlarının pozulmasına görə çox narahatdırlar.

Onlar Peştətük kəndinin məscidinin sökülməməsi ilə bağlı həm Prezidenti İlham Əliyevdən, həm də Qafqaz Müsəlmanlarının Şeyxülislamı hacı Allahşükür Paşazadədən kömək istəyirlər.






Fikirlər