Türkiyə və İsrail arasında barışıq: Bu, Azərbaycanın qlobal nüfuzundan xəbər verir!
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Həm Türkiyə, həm də İsrailin Azərbaycana dost ölkə olduğuna diqqət çəkən dövlət başçısı, bu dövlətlər arasındakı hər bir anlaşılmazlığın ölkəmizi də narahat etdiyini bildirib. Sadəcə regional deyil, həm də qlobal miqyasda ciddi güc mərkəzlərindən biri sayılan Türkiyə və İsrail arasındakı gərginliyin məhz Azərbaycanın vasitəçiliyi ilə ortadan qalxması, hər şeydən öncə dövlətimizin sülhpərvər siyasətindən səbər verir. Bu fakt sübut edir ki, Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, planetin hər bir nöqtəsində sülh və anlaşmanın olmasında maraqlıdır və bunun üçün bütün imkanlarından maksimum istifadə edir. İkincisi, Prezidentin ictimailəşdirdiyi sözügedən həqiqət, həm də dövlətimizin beynəlxalq miqyasdakı nüfuzundan xəbər verir. Məlum olay sübut edir ki, Azərbaycan yalnız öz coğrafiyasında deyil, Cənubi Qafqazın hüdudlarından kənarda da bir güc kimi qəbul edilir, onun sözünə, mövqeyinə ehtiram göstərilir. Bu mənada Türkiyə və İsrail arasında barışığın məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutması heç şübhəsiz dövlətimizin, Prezidentimizin uğurudur və bu uğur diplomatiyamızın tarixində qızıl hərflərlə yer alacaq... moderator.az