“Azərbaycan Avropa bazarına yalnız ənənəvi enerji resursları ilə deyil, həm də alternativ enerji resursları ilə çıxmaq niyyətindədir”
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında Yaşıl Enerji Koridorunun yaradılması ilə bağlı anlaşma imzalanıb və bu anlaşmaya Gürcüstan da daxildir:
“Bu, Azərbaycan və Gürcüstanın “yaşıl enerji”sinin Avropa bazarına ixrac olunması deməkdir. 2030-cu ilədək Azərbaycan “yaşıl enerji” hasilatını 6 MVT qədər artırmağı planlaşdırır. Bu isə Azərbaycanın “yaşıl enerji” potensialının kifayət qədər böyük olduğunu göstərir. Bu potensial həm enerji ixracatının strukturunun şaxələnməsinə, həm də “yaşıl enerji” şəbəkəsinin gücləndirilməsinə imkan yaradacaq. Alternativ enerji mənbələrindən əldə edilən enerji hasilatı, istehsalı, istehlakı və ixracı bir tərəfdən Azərbaycan üçün enerji təhlükəsizliyi baxımdan vacibdir. Digər tərəfdən, bu, həm də milli təhlükəsizlik və sənaye təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir.Yeni ixrac məhsulları və imkanları da Azərbaycanda “yaşıl enerji” ixracatından əldə edilən gəlirlərin artmasına xidmət edəcək. Hazırda Azərbaycan yaşıl məhsullar istehsal edir və bunlardan bir qismi ixrac olunacaq. Nəticədə bu, Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan yaradacaq”.
Fikirlər