“MƏĞLUB ETDİYİMİZ DÜŞMƏNİ DOSTUMUZA ÇEVİRMƏLİYİK” – “Tramp mesaj verir ki, Türkiyənin öhdəsindən gələ bilmərik”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, ilk olaraq Donald Trampın dünya ölkələrinə qarşı başlatdığı “ticarət müharibəsi” haqqında sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Bu “müharibənin” səbəbi nədir və o, dünyanın iqtisadi, siyasi düzəninə necə təsir göstərə bilər?

- Trampın dünya ticarəti ilə bağlı qəbul etdiyi qərar ilk növbədə ABŞ-nin öz maraqlarının əleyhinə olan bir qərar oldu. Çünki Amerikanın daha çox məhsul ixrac etdiyi ölkələr var ki, onlardan idxalın həcmi azdır. Amma həmin mallara görə böyük rüsumlar ödənəcək. Bunun hesabına Amerikada şirkətlər, insanlar müflis olurlar. Hətta İlon Maskın özü də Trampın tarif qərarını tənqid edib. Dünyadakı mövcud iqtisadi vəziyyət həm də siyasi münasibətlərlə bağlıdır. Bu qərardan sonra Avropanın Amerika ilə münasibətləri korlanıb, bəzi dost ölkələrlə çox ciddi problemlər yaranıb. Bu baxımdan, bütünlükdə bu addımlar mövcud olan münasibətlər sisteminin dağılmasına gətirib çıxaran faktorlardan biridir. İndi dövlətlər, hətta vaxtilə Amerikanın ənənəvi dostları var ki, onlar artıq anti-Amerika cəbhəsində yer almağa başlayıblar. Mən Avropa ölkələrini nəzərdə tuturam. Bu, siyasi cəhətdən ABŞ-yə çox ciddi bir ziyan vuran addımdır.

- Maraqlıdır, Tramp administrasiyası niyə belə edir?

- Bu, bir növ populist siyasətdir. Məsələn, Tramp deyirdi ki, “Rusiya-Ukrayna müharibəsini dayandıracam”. Amma heç nə edə bilmir. Tramp elə bilir ki, Amerikanın sərt gücündən istifadə etməklə ölkəsinin maraqlarını müdafiə edə biləcək, Amerikanı dünyanın hakiminə çevirə biləcək. O, seçkilərdən sonra belə bir şüar irəli sürmüşdü ki, “Amerikanın qızıl dövrü başlayır”. Zatən Amerikanın qızıl dövrüdür də... Trampın özünün texnokrat olması beynəlxalq münasibətlər sistemini aydın şəkildə dərk etməsinə imkan vermir. O, qarşılıqlı simbioz əlaqələrin mahiyyətini özü üçün müəyyənləşdirmədiyinə görə müəyyən qrupların maraqlarını müdafiə edir. Bu da ona gətirib çıxardı ki, Amerikanın içində bu günə qədər hakimiyyətə qarşı görünməmiş böyük bir proses başlayıb. Əhali küçələrə çıxıb. Kaliforniya bu gün müstəqillik elan etmək istəyir. Texas ştatında da mütəmadi şəkildə bu məsələ gündəmə gətirilir. Bütün bunlar Amerikanın hətta parçalanma səviyyəsinə çatmasına səbəb ola biləcək proseslərə təkan verir. Tramp qaba gücündən istifadə edib zəif ərəb ölkələrindən pul qopardı. Amma Avropa ölkələrinə heç nə edə bilməyəcək.

Xüsusən Ukrayna - Rusiya müharibəsində Trampın tutduğu mövqe çox yanlışdır. Ukraynaya təzyiq eləməsi, Rusiyaya güzəştlər hesabına ondan nəsə əldə eləməsi və s. Amma Rusiya da bu məsələdə kifayət qədər ayıq davrandı. Hətta Trampın Ukrayna ilə bağlı güzəştlərinə belə məhəl qoymadı. Yəni, belə qərarları Trampın bir siyasi lider kimi zəifliyi və onun xarakteri ilə bağlayıram.

- Amma Tramp 4 il ABŞ-nin prezidenti olub...

- Bu adam psixoloji texnokratdır. Görün, inauqurasiyada ətrafında bir nəfər alim, görkəmli siyasi xadim var idi? Hamısı sosial şəbəkə sahibləri olan milyarderlər, cavan uşaqlar idi. Amma bu gün dünyada iqtisadi böhran var. Bu sosial şəbəkə sahibləri olan milyarderlerin heç bir nüfuzu yoxdur, sadəcə pulları var. Məsələn, Mask kimdir ki, onu Amerikada ön cərgədə görürük? Təsadüfən gəlib ora düşmüş biridir. Yəni, hər şeyi pulun üstündə qurmaq, belə ticarət münasibətləri yaratmaq dünyada görünməmiş bir şeydir.

Məsələn, Rusiya öz ətrafında müəyyən dost dövlətlər saxlamaq üçün trilyonlarla pul xərcləyib. Amerikanın əvvəlki administrasiyası da 90 milyard dolları hər il dünyanın müxtəlif ölkələrinə yardım kimi göndərir, bunun qarşılığında onlardan dəstək tələb edirdi. Tramp gəlib o yardımları da kəsdi. İndi o dövətlər başqa bir dövlətlə müttəfiq olmağa məcburdurlar.

- Tramp sanki Putinin istədiklərini edir...

- Bəli, sanki Putinin görmək istədiyi şeyləri edir.

- Ticarət müharibəsi gələcəkdə böyük dövlətlər arasında açıq qarşıdurmaya gətirib çıxara bilərmi?

- Böyük dövlətlərin toqquşması bundan sonra olmayacaq. İkinci Dünya müharibəsindən sonra dünyada belə bir qayda var: üçüncü ölkələrin ərazisində müharibə aparmaq. Nüvə silahı olan dövlətlərin toqquşması absurddur. Yəni, bu baxımdan iri dövlətlərin toqquşması mümkün deyil, olmayacaq. Amma proksi müharibələr olacaq.

- Ukrayna müharibəsinin gedişatı necə olacaq, nə gözləyirsiniz?

- Heç nə. Putin bu qaydada da gedəcək. Çünki, əvvəla, Qərbin və Amerikanın Rusiyaya yönəlmiş sanksiyaları effektli deyil. Burada sanksiyalar ancaq ayrı-ayrı sahələrə, şəxslərə tətbiq olunub, öldürücü deyil, onlara Çin, İran, Türkiyə əməl eləmir. Ona görə də Rusiya nəyə görə sanksiyalardan əziyyət çəksin? Bu günə qədər müharibəni ona görə davam etdirir. Burada yeganə düzgün yol Ukraynaya ciddi şəkildə dəstək verməkdir ki, lazım olan silahları alıb Rusiyanın qarşısında dayana bilsin.

- İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər etdi, Donald Trampla görüşdü. Hazırda Suriyada Türkiyə ilə İsrail arasında çox ciddi gərginlik var, Ankaranın bu ölkədə hərbi bazalar qurmasını əngəlləməyə cəhd edirlər. Tramp isə Netanyahu ilə çox sıx əlaqələrinə rəğmən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı təriflədi, onun Suriya siyasətinə haqq qazandırdı. Sizcə, Suriyada Türkiyə ilə İsrail arasında toqquşmalar ola, Birləşmiş Ştatlar prosesə müdaxilə edə bilərmi?

- Suriya böhranı arxada qalıb. Mənə elə gəlir ki, İsrail də bu istiqamətdə çox ciddi addım atacaq. Bunun iki səbəbi var - Azərbaycanla İsrail müttəfiqdir. Eyni zamanda Türkiyə ilə bizim çox ciddi müttəfiqlik əlaqələrimiz var. Bu baxımdan, Azərbaycan məsələsinə görə, İsrail addım atmayacaq. İkincisi, İsrailin özünün də Türkiyənin qabağında durmaq gücü, potensialı yoxdur. Elə bu gün elan eləmişdilər ki, 72 saata İsrail tamamilə Türkiyə tərəfindən işğal oluna bilər. Amerikanın məqsədi İsraili burada bir qədər möhkəmləndirməkdir. Bu gün Rusiya üçün Ermənistan nədirsə, ABŞ üçün də İsrail odur. İsrail ərəb dünyasını idarə etmək üçün bor növ kötək funksiyasını yerinə yetirir. Amma artıq bu gün Amerika Türkiyə ilə münasibətləri yüksək səviyyədə qurmaqda maraqlıdır. Çünki Türkiyə son illərdə super güc səviyyəsinə qalxıb. Dünya iqtisadiyyatında 10-cu ölkədir. Ordusu dünyada dördüncü-beşinci sıralardadır. Say baxımdan az olsa da ən mütəşəkkil vuruşmaq qabiliyyətinə malik bir ordusu var. Türk və İslam dünyasını öz ətrafında birləşdirən ölkədir. Türkiyə deyəndə ağla sadəcə Türkiyə gəlmir – İndoneziya, Malaziya, Azərbaycan, Orta Asiya türkləri, Oman və s. kimi ölkələr gəlir. Bu baxımdan, İsrailin Türkiyə ilə Suriya və digər müsəlman ölkələri ilə davrandığı kimi davranmaq şansı yoxdur. İsrail özü də bir vaxtlar Osmanlı ərazisi olub. Proseslərin gedişatı göstərir ki, Tramp Türkiyəni gözardı eləməyəcək. Ona görə də Tramp Türkiyəni tərifləyir, xoş sözlər deyir. Bu, beynəlxalq ictimaiyyətə də bir mesajdır ki, biz Türkiyənin öhdəsindən gələ bilmərik və İsrailə görə də Türkiyə ilə vuruşa bilmərik.

- Türkiyə daxilindəki prosesləri necə qiymətləndirirsiniz?

- Demokratik bir proses kimi dəyərləndirirəm. Hakimiyyətdə olan qüvvəyə qarşı 100 minlərlə insan küçəyə çıxır, Prezidentin əleyhinə istədiklərini danışırlar, hətta hədə-qorxu gəlirlər. Hökumət də çox sakit və dinc şəkildə baş verən hadisələri qanun və konstitusiya çərçivəsində idarə edir. Orada müəyyən başqa qüvvələr var ki, Türkiyəni qarışdırmaq istəyirlər. CHP özü də etiraf etdi ki, “biz ortada tək qaldıq”. Onlar müəyyən xarici dövlətlərin dəstəyinə ümid edib bu addımları atırdılar. Burada CHP-nin də bəxti gətirməyib. Artıq sosial demokratiya ideyası, solçuluq ümumiyyətlə dünyada kifayət qədər geriləyib. Həm də bu gün dünyanın gündəmində demokratiya məsələsi yoxdur, təhlükəsizlik məsələsi ön plandadır. 

- Yəni, Türkiyə daxilində problemlər dərinləşməyəcək, əks porseslər gedəcək?

- Heç nə olmayacaq. Baş verənlər nəzarət olunan hadisələrdir. Nəzarət olunan səviyyədən kənara çıxanda Türkiyənin əlavə “a” və “b” variantları var. Məsələn, hərbi vəziyyət, küçəyə çıxmaq qadağası və s. Türkiyə təcrübəsində belə şeylər çox olub. İkincisi, artıq Ərdoğan bir dövlət çevrilişi cəhdindən üzüağ çıxıb. Bundan sonra heç kim çevriliş yoluyla Türkiyədə heç nə edə bilməyəcək. Demokratik yol isə seçkilərdir. CHP-nin də seçkiyə gedəcəyi təqdirdə qalib gəlmək şansı yoxdur.

- Kimə qalib gəlmək?

- Ərdoğana...

- Amma növbədənkənar seçkilər keçirilməzsə, Ərdoğanın üçüncü dəfə namizəd olmaq hüququ yoxdur.

- Yoxdursa, olmayacaq. AKP-nin kifayət qədər güclü fiqurları var.

- Məsələn, kim?

- Hakan Fidan. Mən onu Türkiyənin gələcəyində çox ciddi rol oynayan bir lider kimi görürəm. Artıq Fidanın keçdiyi trayektoriya da bunu deməyə əsas verir. O, əvvəlcə Milli İstihbarat Təşkilatının rəhbəri olub, sonra da Xarici İşlər naziri vəzifəsinə təyin olundu. O, bir dövləti idarə etmək üçün zəruri olan institutların hamısına rəhbərlik edib və kifayət qədər dövlətçilik təcrübəsi var. Çox ciddi də imici var. Məsələn, Putin Makronu 16 metrlik stolda əyləşdirdiyi halda, Fidanla əl verib görüşdü, yan-yana oturdu. Belə baxanda bir ölkənin xarici işlər naziri kimdir? Amma bir başqa ölkənin prezidentindən qat-qat artıq hörmət nümayiş etdirirlər ona. Eləcə də Avropa ölkələrində və NATO-da qeyri-adi, yüksək hörmətlə qarşılanır. Bu onu göstərir ki, Avropa da Türkiyənin gələcəyini bu adamın rəhbərliyində görür.

- İran ətrafındakı situasiyanı necə qiymətləndirirsiniz?

- Məqsəd İranın Çinə və Rusiyaya verdiyi dəstəyi azaltmaqdır.

- Bəs hərbi müdaxilə ehtimalı gözləyirsiz?

- Ciddi bir kampaniya olmayacaq. İran da o qədər inadkarlıq nümayiş etdirməyəcək, müəyyən bir razılaşma olacaq. İran da nəsə əldə edəcək, beləcə razılaşacaqlar.

- Azərbaycanla bağlı da suallar var. Sərhəddə atəşkəsin pozulması hallarını görürük. Bayaq qeyd etdiniz ki, dünyada təhlükəsizlik ön plandadır, bu ərəfədə Azərbaycan hansı addımları ata bilər?

- Azərbaycan təcili Ermənistanla sülh müqaviləsi imzalamalıdır.

- Bunu Trampın nümayəndəsi də Bakıda dedi. Sülh müqaviləsi ilə bağlı müxtəlif ölkələrin liderlərinin də açıqlaması var. Amma Azərbaycanın tələbləri də var... 

- O tələbləri də sülh müqaviləsində qeyd etmək olar. Məsələn, biz sülh müqaviləsi imzalayırıq, amma Ermənistan hökuməti üzərinə öhdəlik götürür ki, bu dövrdə bu addımları atacaq. İki şərt var - biri ATƏT-in Minsk Qrupunun buraxılmasıdır. Ermənistan zatən bununla bağlı bəyanat verib. Amma bu, Ermənistanın əlində deyil. ATƏT-in 56 üzvü var, onlar yığışıb Minsk Qrupunu buraxmalıdırlar. İkinci şərt də konstitusiyanı dəyişməkdir. Konstitusiyanın özündə Azərbaycana qarşı ərazi iddiası yoxdur, onun əsaslandığı Müstəqillik Haqqında Bəyannamədə belə bir şey var. O bəyannamənin də hüquqi əsası yoxdur. Bizim də belə bəyannaməmiz var. Vaxtilə Atatürk yunanları məğlub etmişdi. Kapitulyasiya sazişi imzalamağa gələndə görür ki, yunan generallar hamısı qaşqabaqlıdır. Generallara üzünü tutub deyir ki, “məyus olmayın, bəzən güclü dövlətlər də məğlub olurlar”. Beləcə yunan generallar gülə-gülə kapitulyasiyaya qol çəkirlər. Yəni qarşı tərəfi məğlub elədiyin üçün təhqir edəcəksənsə, düşmənə çevriləcəksiniz. Amma məğlub elədiyin tərəfə, onun ləyaqətinə hörmət edirsənsə, sənə dost olacaq. Ona görə də Atatürk deyirdi ki, “Biz çox gözəl bir siyasət apardıq. Bəzi rəqiblərimizlə döyüşdük, müharibədə məğlub elədiksə, sonra onları bizimlə dost olmağa məcbur elədik”. Yəni, bu baxımdan Azərbaycan da eyni siyasəti aparmalıdır.

- Dediyinizdən belə çıxır ki, sülhü biz yubadırıq?...

 

- Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasına razılıq verməyib. Azərbaycan da hələlik Rusiya tərəfi ilə münasibətləri tam pozmaq istəmir, ona görə də Rusiyanın nazı ilə oynayır. Rusiya üçtərəfli bəyanat əsasında razılıq əldə olunmasını istəyir. Bilir ki, əgər sülh müqaviləsi onsuz imzalanacaqsa, Rusiyanın bu bölgədə hər hansı bir təsir mexanizmi olmayacaq.






Fikirlər