Türkiyə ordusunda Ərdoğanı yıxmaq üçün hazırda dayanan generallar var — POLİTOLOQ

Türkiyə ordusunda Ərdoğanı yıxmaq üçün hazırda dayanan generallar var — Politoloq

"İstanbulun Atatürk hava limanında baş vermiş terror hadisəsi heç də İsrail-Türkiyə və Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması ilə bağlı deyil. Türkiyə son illər terrorun qurbanına çevrilib. Bu ölkədə çoxlu sayda terror hadisələri baş verir".

Baş verən proseslərlə bağlı politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a danışıb:

"Faktiki olaraq İsrail-Türkiyə yaxınlaşması Vaşinqton-Tel Əviv-Ankara üçgənini formalaşdırır. Bu üçgən Türkiyənin manevr imkanlarını məhdudlaşdıracaq. Rusiya-Türkiyə münasibətləri nə qədər yaxşılaşsa da, mövcud vəziyyət, geopolitik reallıq onu deməyə əsas verir ki, onların münasibətləri əvvəlki şəkildə olmayacaq. Türkiyə Vaşinqton və Tel-Əviv üçün İrana, eləcə də bölgədəki digər dövlətlərə qarşı təzyiq aləti kimi lazımdır. İsrail də regionda mövcud siyasi vəziyyətin qorunmasında maraqlıdır. Türkiyə artıq yeni dönəmə çəkilir.

Rusiya-Türkiyə yaxınlaşmasının ən böyük səbəblərindən biri iqtisadi potensialla bərabər, strateji tərəfdaşlıqdır. Faktiki olaraq rus təyyarəsi vurulduqdan sonra Rusiya yeni manevr imkanları əldə etdi. Rusiya əsas diqqətini Şanxay əməkdaşlıq təşkilatına yönəltdi. Rusiyalı ekspertlər bildirirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı əslində Çinin maraqlarına xidmət edir. Çinin maraqlarını neytrallaşdırmaq üçün ruslar Hindistan və Pakistanı Şanxay Əməkdaşlıq təşkilatına qoşdular. Rusiya bu iki dövləti təşkilata qoşmaqla həm Çinin iqtisadi cəhətdən Orta Asiyada əl-qol atmasını blokladı, həm də balanslaşdırıcı tərəfləri yaratdı. Faktiki olaraq Avrasiya coğrafiyasının yeni oyunçuları əmələ gəldi. Əvvələr Avrasiya məkanında əməkdaşlıq üçün Türkiyəyə qarşı bir meyil var idisə, artıq indi elə deyil. Avrasiya coğrafiyasının beyini rəsmi Kremildir. Gələcəkdə Avrasiya coğrafiyasında slaviyan-türk təmərküzləşməsi olacaq, ancaq burada Türkiyə olmayacaq. Hesablanıb ki, dollar asılılığından azad olmaq üçün Çin, Rusiya, Hindistan, Pakistan və gələcəkdə buraya bir neçə Avropa dövləti də qoşularaq iqtisadi cəhətdən birləşməlidir. Çin Türkiyənin Avrasiya coğrafiyasında söz sahibi olmasını istəmir. Çin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını da istəmir. Avrasiya coğrafiyasının geopolitik konstruksiyası formalaşır və burada Türkiyə yer almır. Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq. İki dövlət arasında iqtisadi münasibətlər davam edəcək, ancaq geopolitik cəhətdən tərəfdaşlıq mümkün olmayacaq.

Baş verən hadisələr pislənilməlidir. Terror Türkiyənin həyatına girib. Bunun İsrail-Türkiyə, Türkiyə-Rusiya yaxınlaşması ilə əlaqəsi yoxdur. Artıq İŞİD-in məhv edilməsi üzərində tərəflər arasında iş birliyi var. Ankara-Vaşinqton-Tel-Əviv birliyi kürd dövlətinin yaranmasının qarşısını alır.

Türkiyə NATO dövlətidir. Türkiyə eyni zamanda regionda ABŞ-ın strteji müttəfiqidir. Biz Avrasiya coğrafiyasında hansı Rusiya-Türkiyə strateji tərəfdaşlığından danışa bilərik ki, Türkiyə NATO üzvüdür. Bu mümkün deyil. Ərdoğan bu məsələyə cəhd edə bilər, ancaq bunun da həddi var. Türkiyə ordusu NATO ordusudur. Türkiyə ordusunda Ərdoğanı yıxmaq üçün hazırda dayanan generallar var. O generallar Ərdoğanın siyasi oyunlardan kənar addım atmağa cəhd etdiyini görsələr, Ərdoğanı bir anın içərisində bitirərlər. Mövcud reallıqlar strateji cəhətdən Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alır".

Qeyd edək ki, Türkiyə Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb ötən ilin noyabrında Türkiyənin rus hərbi təyyarəsini vurması oldu.






Fikirlər