VAHİD ƏHMƏDOV: “Rusiya-Türkiyə gərginliyi Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatına böyük ziyan vurub”
“Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi Ermənistanı çıxmaq şərti ilə, Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatına böyük ziyan vurub”. Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Vahid Əhmədov bildirib. V.Əhmədov deyib ki, Türkiyə-Rusiya münasibətləri nə qədər yüksək səviyyədə olarsa, bu, ilk növbədə Azərbaycan dövləti üçün faydalı olacaq. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir: “Rusiya ilə münasibətlər pisləşəndən sonra Türkiyə yüklərlə dolu “TIR”-larını Azərbaycan vasitəsilə xaricə çıxarır. Ancaq son günlər Rusiya ilə Türkiyə arasında münasibətlər müsbətə doğru addımlayır. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın Rusiya tərəfini milli bayramları münasibətilə təbrik etməsi çox müsbət addımlardır. Artıq Rusiya ilə Türkiyə münasibətlərində istiləşmə yaranıb. Rusiya tərəfi də Türkiyə ilə münasibətlərin yaxşılaşmasında maraqlı olduğunu bəyan edib. Yəqin ki, iki ölkə arasında fikir ayrılığı yaradan məsələlərlə bağlı da Türkiyə tərəfi müsbət addımlar atacaq”. V.Əhmədov qeyd edib ki, iki ölkənin yaxınlaşması bütövlükdə Türkiyə və Rusiya ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün də mühüm əhəmiyyət kəsb edir: “Çünki Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə iri ticarət əlaqələri mövcuddur. Ona görə də bu iki dövlətin münasibətlərinin yaxşı olması Azərbaycan üçün dəsərfəlidir. Misal üçün, bu yaxınlarda Rusiya gömrüyü Azərbaycanın kənd təsərrüfatı məhsullarını geri qaytarmışdı. Rusiya tərəfi əsas gətirirdi ki, guya həmin məhsullar Türkiyədən gətirilir və sairə. Ancaq sonradan Azərbaycan və Rusiya razılaşdı. Yəni, bu cür problemlərin olmaması üçün də Türkiyə-Rusiya münasibətlərinin inkişaf etməsi vacibdir. Bundan udan da məhz Türkiyə, Rusiya və Azərbaycan olacaq”.