"ABŞ öz maraqları naminə TÜRKİYƏNİ konfliktlərə çəkir" — Politoloq

"ABŞ öz maraqları naminə Türkiyəni konfliktlərə çəkir" — Politoloq

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı atəşkəsin pozulacağı halda Türkiyənin günahkar olacağını bildirib

Sergey Lavrov Suriya münaqişənin həlli ilə bağlı yeni sxem qurulmayacağını bildirib. Onun sözlərinə görə, münaqişənin həlli üçün “yol xəritə”sinin bütün parametrləri artıq razılaşdırılıb və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunub. Bu, hərbi əməliyyatların dayandırılması məsələsinə, Suriyanın bütün ərazisində humanitar yardımlara da aiddir”.

Bundan əlavə, Lavrov çıxışı zamanı Türkiyəyə söz atmağı da unutmayıb. Lavrov qeyd edib ki, Rusiyanı Suriyanın Türkiyə tərəfdən atəşə tutulması, eləcə də orada quru əməliyyatlarının aparılmasının təklif olunması narahat edir.

Bununla bağlı Türk-Slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a danışıb:

"Əslində son hadisələr onu göstərdi ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi digər xarici oyunçuların xeyrinə işlədi. Reallıq odur ki, BMT-nin necə bir qurum olduğunu Azərbaycan xalqı gözəl bilir. Faktiki olaraq BMT-nin 4 qətnaməsi mövcuddur, ancaq icra olunmur. BMT amof bir təşkilatdır. BMT Təhlükəsizlik Şurasının üzvləri var və Təhlükəsizlik Şurası üzvü olan dövlətlərin maraqları var. Bu maraqlar Təhlükəsizlik Şurasının üzvləri ilə uzlaşır. Türkiyənin indiki düşdüyü vəziyyət çox narahat edicidir. Xarici siyasətdə, dövlətlər arası münasibətlərdə mümkün qədər praqmatik olmaq lazımdır.

Ötən il Türkiyə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarına qoşulmadı. Bu sanksiyalara qoşulmamaqla da, Türkiyə iqtisadiyyatı üçün gözəl prespektivlər açıldı. Türkiyəyə turistlərin ən böyük axını Rusiyadan gəlirdi. Türkiyə kənd təsərrüfatı məhsullarını və eləcə də sənaye məhsullarını Rusiyaya ixrac edirdi. Rusiyadakı yüksək mərtəbəli binaların, meqa layihələrin tikintisində Türkiyə şirkətləri iştirak edirdi. Türkiyə böyük bir bazara girmişdi və böyük bir bazarı əldə etmişdi.

Türkiyəyə Suriya ərazisindən bombalar tökülür. Ancaq Türkiyə yalnız artilleriyadan atəş aça bilir, sərhəddi keçə bilmir. Türkiyə quru əməliyyatlar edə bilmir. Türkiyə quru yolu ilə yalnız türkmən tayfaları ilə əlaqə saxlayır. Bunu Rusiya bilir və başa düşür. Rus ekspertləri də bildirir ki, Rusiya hərbi hava qüvvələrinin Suriyadan çıxarılmasının və hərbi əməliyyatların azaldılmasının ən böyük səbəbi Rusiya və Türkiyənin orada birbaşa qarşı-qarşıya gələ bilməsidir. Rusiya bundan ehtiyat edirdi.

Bu gün ABŞ Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsindən istifadə edərək öz istədiyi oyunu oynayır. ABŞ öz maraqları naminə Türkiyəni konfliktlərə çəkir.

ABŞ üçün Ərdoğan həzm edilməyən bir siyasətçidir. Ərdoğanın türk milli maraqlarından çıxışı beynəlxalq geopolitik oyunçuların maraqlarına uyğun gəlmir. Faktiki olaraq Rusiya ilə Türkiyə münasibətlərinin bu vəziyyətə gəlib çıxması ürəkağrıdıcı haldır. Hər tərəfdən Türkiyə yük altındadır. Suriyadan milyonlarla qaçqın Türkiyəyə sığınıb, Avropa Birliyi Türkiyəyə kömək edəcəyini desə də, bunu etmir. Türkiyə Rusiya münasibətlərinin pozulması nəticəsində Türkiyənin bütün turistik şirkətləri qan ağlayır. Turistlər gəlmir, bu da Türkiyə iqtisadiyyatının təməlini təşkil edən əsas vasitələrdən biri idi".






Fikirlər