Türkiyə “BATAQLIGA” çəkilir: SURİYAYA girilsə, bu, “QARA DƏLİK” effekti verə bilər

Türkiyə “bataqlığa” çəkilir: Suriyaya girilsə, bu, “qara dəlik” effekti verə bilər

 

 

Suriya böhranı “bataqlıq” olmaqdan çıxaraq, artıq “qara dəlik” keyfiyyəti qazanmağa başlayıb. Belə ki, bu “qara dəlik” Suriyada maraqları olan dövlətləri bir-birinin ardınca öz içərisinə çəkir. 
Bəziləri bunu III Dünya Müharibəsinin başlanğıc fazası kimi də dəyərləndirirlər. Halbuki III Dünya Müharibəsi zatən 11 sentyabrdan sonra başlayıb. Və bu savaşda hərbi faktorlar əhəmiyyətli rol oynamır. Bu savaşın rəqibə qarşı həlledici zərbə arsenalı maliyyə-iqtisadi alətlərə dayanır. 
Ancaq bu mövzuya ayrıca yazı həsr etmək daha məqsədəuyğun olduğundan “qara dəlik” məsələsinə - “Suriya bataqlığı”na geri dönək. Bu “bataqlığı” yaradanlar heç şübhəsiz ki, hiyləgər və onilliklər sonraya hesablanmış planları zərgər dəqiqliyi ilə qurmağı bacaran beyin mərkəzləridir. Bu baxımdan, “Suriya bataqlığı”nı III Dünya Müharibəsinin başlanğıc fazasından daha çox dünya dövlətləri üzərində aparılan hərbi-psixoloji əməliyyat hesab etmək olar.
Belə ki, dünyanın əksər nəhəng dövlətləri hazırda bu və digər şəkildə “Suriya bataqlığı”nın içərisindədirlər. İndi bütün nəhənglər birbaşa təhdid altındadırlar. Paris terrorundan tutmuş qlobal qaçqın probleminə qədər, bütün baş verənlər belə düşünməyə tamamilə əsas verir.
Hətta Ukrayna ilə hərbi münaqişə vəziyyətində olan Rusiyanı da “Suriya bataqlığı”nın içərisinə çəkə biliblər. İndi isə deyəsən, növbə qardaş Türkiyəyə çatıb.
Əslində, Türkiyə hazırda “Suriya bataqlığı”ndan ən çox əziyyət çəkən dövlətdir. Bu böhran ucbatından Türkiyə onmilyardlarla dollar məbləğində maliyyə itkilərinə məruz qalmaqdadır. Çünki səhnəarxasındakı ssenaristlərin sehrli çubuğu ilə Türkiyə ən əhəmiyyətli siyasi, iqtisadi və ticari tərəfdaşı – Rusiya ilə düşmən olub. 
Hər halda, Türkiyənin rus qırıcısını vurmasına qədər hər şey fərqli idi. Rəsmi Ankara ABŞ və Qərbə qafa tuturdu. Rusiya ilə strateji əməkdaşlıq planları ilə Qərbi təhdid edirdi. Üstəlik, Rusiyaya qarşı beynəlxalq sanksiyalara əhəmiyyət verməməklə, Kreml ətrafında qurulan blokadanı meydan oxuyarcasına dağıdırdı. Bütün bunlar isə ABŞ və Qərbi ciddi şəkildə qıcıqlandırırdı.
Ancaq bir rus təyyarəsinin, bir türk raketiylə vurulması hər şeyi bir anda dəyişdi: Rusiya Türkiyə ilə düşmən oldu. Türkiyə iqtisadiyyatı Rusiya kimi böyük və önəmli bazarı itirdi. Türkiyənin dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirən turizm sektoru rus müştərilərindən məhrum oldu.
Təbii ki, dövlət sərhədlərini pozan rus təyyarəsini vurmaqda Türkiyə tam haqlı idi. Ancaq bu böhranlı situasiyanı daha effektiv və Rusiya ilə münasibətləri korlamadan da idarə etmək mümkün idi. Hətta Kreml Rusiya-Türkiyə münasibətlərinin xilas edilməsi üçün rəsmi Ankaraya şans da yaratmışdı. Sadəcə, rəsmi Ankaranın bir qədər səbrli davranması kifayət idi.
Belə ki, hadisədən dərhal sonra Türkiyənin Nazirlər Kabinetinin rəsmi saytında “Hava məkanımızı pozan rus təyyarəsini vurduq” məzmunlu açıqlama yerləşdirilmişdi. Buna prezident Vladimir Putinin ilk reaksiyası isə “Təyyarəmizi Suriyadakı terrorçu qruplaşmalardan biri yer-hava tipli raketlə vurub”, kimi olmuşdu.
Əlbəttə ki, V.Putin rus təyyarəsini hədəfə alan raketin hava-hava tipli olduğunu və Türkiyəyə məxsus savaş təyyarəsindən atıldığını tam dəqiqliyi ilə bilirdi. Çünki həmin ərəfədə Rusiyanın kosmik müşahidə qurğularından alınan kəşfiyyat məlumatları artıq çoxdan onun masası üzərində olmalıydı. 
Deməli, V.Putin məsuliyyəti terrorçuların üzərinə atmaqla, müəyyən məqsədlər güdürdü. O, birincisi, Rusiyanın beynəlxalq xarizmasını qorumağa, ikincisi isə Türkiyə-Rusiya münasibətlərini xilas etməyə çalışmış ola bilərdi.
Ancaq rəsmi Ankara yenə tələsdi və baş nazir Əhməd Davudoğlu dərhal “Təyyarəni biz vurmuşuq və əmri də şəxsən mən vermişəm”, açıqlamasıyla Rusiya ilə iplərin qopmasını şərtləndirdi. ABŞ və NATO isə Türkiyəni xüsusi canfəşanlıqla müdafiə etməklə, “odun üstünə yağ tökdülər”. Hətta ABŞ bu barədə məxfi kəşfiyyat materiallarını ictimailəşdirdi, NATO isə təcili toplantı qərarı verdi. Yəni Türkiyə-Rusiya münasibətlərinin düşmənçilik fazasına keçməsi üçün əllərindən gələn hər şeyi etdilər.
Halbuki ABŞ və NATO indi eyni mövqedən çox-çox uzaqlaşıb. Belə ki, ABŞ Rusiya ilə Suriyada atəşkəş barədə anlaşıb. NATO rəsmiləri isə Rusiya ilə silahlı münaqişə halında bu hərbi alyansın Türkiyəni müdafiə etməyəcəyini açıq mətnlə dilə gətirirlər. Yəni Türkiyəni Rusiya ilə qarşıdurmada təkbaşına buraxıblar. Çünki daha Türkiyəyə ehtiyacları yoxdur. Əsas məsələ Türkiyə-Rusiya münasibətlərinin korlanması idi ki, buna da bəzi rəsmilərin yanlışları sayəsində artıqlamasıyla nail olunub.
Ancaq rəsmi Ankara yanlışlara davam etməkdə deyəsən, qərarlıdır. Belə ki, Türkiyə Suriyada atəşkəs razılaşmasını qəbul etmir. Üstəlik, rəsmi Ankara Türkiyənin Suriyada quru əməliyyatlarına başlamasının vacibliyi ilə bağlı provokativ çağırışlardan da xeyli məmnun görünür. 
Halbuki bu çağırışların Türkiyə üçün qurulmuş yeni bir tələnin ola biləcəyi tamamilə inandırıcı görünür. Çünki Türkiyə Suriyaya girərsə, bir daha oradan çıxa bilməz. Və Suriya böhranı genişlənərək, Türkiyənin içərisinə keçər. Yəni quru əməliyyatları Türkiyəni “Suriya bataqlığı”nın içərisinə çəkə bilər. Üstəlik, quru əməliyyatları Suriyada Rusiya və Türkiyənin hərbi toqquşmasına da yol açarsa, bu, ABŞ və Qərbin “çörəyinə yağ sürtər”.
Ona görə də, Türkiyə ABŞ və Qərbin ipiylə “Suriya bataqlığı”na enməməlidir. Çünki ABŞ və Qərbin Türkiyəni yarıyolda buraxdığı açıq-aşkar ortadadır. Əslində, rəsmi Ankara da bunu anlamamış deyil. Hər halda, prezident R.T.Ərdoğanın ABŞ və Qərbə qəzəbli olması, Ağ Evin “qara qapılar”ını əsəbi şəkildə var-gücüylə təpikləməsi də belə düşünməyə əsas verir. 
Üstəlik, qaçqınlar problemi də Türkiyə üçün ciddi təhlükə rolunu oynayır. Belə ki, insan haqları və humanizm mövzularıyla çiling-ağac  oynayan Avropa Birliyi Suriyadan olan qaçqınları öz sərhədləri içərisinə buraxmaq istəmir. Əksinə, rəsmi Ankaraya maliyyə yardımı edib, onların Türkiyə ərazisində yerləşdirilməsinə çalışır. 
Halbuki bunun özü də Türkiyədə humanitar fəlakətə yol aça bilər. Üstəlik, qaçqınların sırasında terrorçu ünsürlərin Türkiyəyə keçmə ehtimalı da nəzərə alındıqda, bu məsələnin nə qədər təhlükəli proses olduğunu anlamaq çətinlik törətməz.
Bütün bunlardan belə anlaşılır ki, ABŞ və Qərb Türkiyəni hiyləgərcəsinə “Suriya bataqlığı”nın içərisinə çəkməyə çalışır. Ona gərə də, rəsmi Ankara rus təyyarəsi olayında yol verdiyi səhvləri təkrarlamamlı və növbəti tələyə düşməkdən yayınmalıdır. Çünki Suriyaya girərək, quru əməliyyatlarına başlayarsa, bu “bataqlıq” Türkiyə üçün “qara dəlik” effektini verə bilər.

 






Fikirlər