"HAMAS-ı müdafiə etmək Türkiyəyə baş ucalığı gətirə bilməz" — POLİTOLOQ rəyi

"HAMAS-ı müdafiə etmək Türkiyəyə baş ucalığı gətirə bilməz" — Politoloq rəyi

Son günlər Türkiyə ilə İsrail arasında yaxınlaşma hiss olunur.

İsrailin İstanbuldakı baş konsulu Şayi Kohen bildirib ki, Suriyada İsrail Türkiyə ilə ortaq hərbi əməliyyat həyata keçirə bilər.

İsrailin İstanbul baş konsulu əlavə olaraq deyib ki, Qəzzaya yardım dəhlizi məsələsində Türkiyəyə hərtərəfli köməklik göstəriləcək. Ümidvarıq ki, Türkiyə başda HAMAS olmaqla Qəzzadakı radikal qruplaşmalarla arasına məsafə qoyacaq.

İsrail Türkiyə münasibətlərinin yaxşılaşması barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"İsrail-Türkiyə münasibətləri bölgədəki hadisələrə ciddi təsir edən amildir. Bu münasibətlərin yenidən bərpa edilməsinə və onun daha da inkişaf etdirilməsinə böyük ehtiyac var. İsrail tərəfi çox cəlbedici təkliflərlə çıxşır edir. Bu təkliflərdən imtina etmək ağılsızlıq olardı. İsrail tərəfi faktiki olaraq Rusiyanın Türkiyəyə qarşı yürütmək istədiyi siyasəti neytrallaşdıra biləcək, hətta o siyasəti heçə endirə biləcək çox ciddi təkliflər irəli sürür. İsrail əvəzində isə yalnız Türkiyənin HAMAS-a və radikal qruplaşmalara kömək etməməsini rica edir.

Türkiyə dövlətçiliyinin mənafeyi tələb edir ki, bu məsələni mütləq müsbət həll etmək lazımdır. Əgər söhbət Suriya ərazisində Türkiyə və İsrail ordusunun birgə hərbi əməliyyat keçirməsindən gedirsə, bu məsələyə mütləq müsbət münasibət bəsləmək lazımdır. İsrail bununla Türkiyəyə strateji tərəfdaşlıq təklif edir. Türkiyənin bundan imtinası ağlasığmaz bir iş olardı. Üstəlik də Türkiyənin xarici siyasət xəttini, bölgədəki nüfuzunu ölçüyə gəlməz dərəcədə artırardı.

Bu gün Türkiyə faktiki olaraq Suriya ərazisindən atəşə tutulur, ancaq ona cavab verə bilmir. Ona görə ki, Rusiyanın təhdidi Türkiyəni effektli tədbirlər həyata keçirməyə imkan vermir. İsrail bu işə başlamaq istəyirsə və birlikdə əməliyyat planı təklif edirsə, deməli bu göydəndüşmədir. HAMAS terrorçu bir qruplaşmadır. Onu müdafiə etmək heç zaman Türkiyəyə baş ucalığı gətirə bilməz. İsrail Qəzza zolağının blokadasını götürməyə söz verir. Belə olan təqdirdə münasibətləri məcrasına salmaq üçün hətta tələsmək lazımdır. Türkiyə də öz növbəsində üstünə düşən işləri görməlidir ki, hər iki dövlət arasında strateji münasibətlər inkişaf etsin.

Azərbaycanın da İsraillə çox gözəl münasibətləri var. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması İsrail-Azərbaycan münasibətlərinə də böyük dəstək olar. Nəticə etibarı ilə Türkiyənin İsraillə yaxınlaşması Yaxın Şərqə Türkiyənin təsirini əvvəlkindən bir qədər də artıq təmin edilməsinə yardımçı ola bilər və Türkiyəni təhdid edən kürd dövlətinin yaradılması ideyasını alt-üst etməyə imkan yaradar.

Türkiyədə müəyyən qüvvələr İsrailin, ABŞ-ın ünvanına müxtəlif fikirlər səsləndirməyi xoşlayırlar. Ancaq onlar başa düşməlidirlər ki, siyasət müəyyən kompromisləri, müəyyən diplomatik gedişləri tələb edir. Bu gün Türkiyənin üzərinə gedən dövlətlərin sayı çoxalıb. Əgər Türkiyə İsraillə münasibətləri yaxşılaşdırsa, hətta yaxşılaşdırmağa borcludur ki, bunu da Türkiyə xalqının həyatı maraqları tələb edir. İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması nəticəsində Türkiyə Avropa və ABŞ-dakı yəhudi lobbisinin rəğbətini qazanacaq. Bu münasibətlər, Türkiyənin beynəlxalq mövqelərini xeyli dərəcədə möhkəmləndirəcək, ABŞ və Avropada anti-türk əhval-ruhiyyəsini minimum səviyyəyə endirəcəkdir".






Fikirlər