"Azərişıq" ASC-nin gənc mütəxəssisləri beynəlxalq tədbirdə iştirak etdi (FOTO/VİDEO)

2-4 aprel tarixlərində Tatarıstanın paytaxtı Kazanda "Enerqoprom-2025” beynəlxalq forumu və "KazanEXPO” sərgisi təşkil olunub. MDB ölkələrindən energetika nazirliklərinin rəhbər şəxsləri, 60-dan çox istehsalçı şirkətin qatıldığı tədbirdə "Azərişıq” ASC xüsusi info-stend formatında iştirak edib. 
EXPO sərgi meydançasında infoqrafik və interaktiv stenddə Azərbaycanın paylayıcı şəbəkələrində son 10 il ərzində əldə edilən texnoloji, iqtisadi nailiyyətlər, Yaşıl Enerji Zonası olan Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Azərbaycanın digər bölgələrində həyata keçirilmiş yaşıl texnologiyaların tətbiqi, innovativ layihələr təqdim olunub. "Azərişıq” ASC-nin "35/0,4 kV” müasir şəbəkə modeli və ölkənin paylayıcı şəbəkələri tərəfindən tətbiq edilən smart həllər pavilyonun ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. 
Üç gün davam edən tədbirdə "Azərişıq" ASC-nin gənc mütəxəssisləri "Azərişıq: Müasir enerji effektivliyi və imkanlar" mövzusunda təqdimat hazırlayıb, həmçinin "Texnoloji müstəqillik və rəqəmsal transformasiya" mövzusunda keçirilən elmi-texniki konfransda iştirak ediblər. 
"Azərişıq” ASC-nin info stendini ziyarət edənlər arasında Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının Energetika naziri Sergey Tsivilev, "Enerqoprom-2025” beynəlxalq enerji forumu və "KazanEXPO” sərgisinin digər fəxri qonaqları yer alıblar. Onlar gənc mütəxəssislərlə sual-cavab edib, qonaqlara Azərbaycanın təmsil olunduğu stend barədə ətraflı məlumatlar verilib.   
Enerji Forumu çərçivəsində Kazanda Rusiya Federasiyasının Energetika naziri Sergey Tsivilevin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin Elektrik Energetikası Şurasının 66-cı iclası keçirilib. Tədbirdə Azərbaycan enerji sisteminin son illərdə əldə etdiyi nailiyyətlər barədə hesabatlar dinlənilərkən enerji infrastrukturunun bərpası üçün göstərilən böyük həcmli işlər, ekoloji və sosial aspektlər vurğulanıb.
Təbirin son günündə bağlanış mərasimində iştirakçı ölkələrin gənc mütəxəssisləri müxtəlif diplom və mükafatlarla təltif olunub. 
Qeyd edək ki, Enerqoprom-2025” beynəlxalq forumu və "KazanEXPO” sərgisinin təşkil olunmasında əsas məqsəd beynəlxalq elektroenergetika müəssisələrinin nümayəndələrinin təcrübə mübadiləsi keçməsi və qarşılıqlı əməkdaşlığa cəlb edilməsidir. 






Fikirlər