Azərbaycan İsraillə-Türkiyə arasında buzların əriməsində rol oynaya bilərmi?

Azərbaycan İsraillə-Türkiyə arasında buzların əriməsində rol oynaya bilərmi?

"Azərbaycanın iki qarşıdurma tərəfinin hər biriylə xüsusi münasibətinin olduğunu nəzərə alsaq, deməli, onların barışdırılması məsələsində ölkəmizin imkan və potensialı olduqca genişdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın Türkiyə ilə İsrail arasında yaşanan növbəti gərginliyin aradan qaldırılmasında yenidən müsbət rol oynaması imkanlarını şərh edərkən deyib. 
Elman Nəsirov bildirib ki, Bakıda "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidentinə ünvanlanan suallardan biri də hazırda İsraillə Türkiyə arasında yaşanan gərginliklə bağlı oldu:
"Nəzərə alaq ki, Azərbaycanla Türkiyə arasında münasibətlər strateji və hərbi müttəffiqlik münasibətləri səviyyəsindədir. Eyni zamanda, 2021-ci ilin "Şuşa bəyannaməsi"ndən irəli gələrək, iki qardaş ölkə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Azərbaycanla İsrail arasında münasibətlər isə dostluq münasibətləridir. Azərbaycanın iki qarşıdurma tərəfinin hər biriylə xüsusi münasibətinin olduğunu nəzərə alsaq, deməli, onların barışdırılması məsələsində ölkəmizin imkan və potensialının nə qədər geniş olduğu faktı ortaya çıxır. Azərbaycan Prezidenti vurğuladı ki, artıq bir dəfə ölkəmiz bu imkanlar çərçivəsində Ankara ilə Təl-Əviv münasibətlərinin normal məcraya qaytarılmasına tövfə verə bilib. Azərbaycan bu işi bacardı. İndi də Türkiyə ilə İsrail arasında gərginlik yaşanmaqdadır. Bu, özünü xüsusən də Suriya məsələsində göstərir. Belə vəziyyətdə Azərbaycan dövlət başçısı bir daha vurğuladı ki, ölkəmizin hər iki dövlətlə xüsusi dostluq münasibətlərinin olması reallığı fonunda, Türkiyə ilə İsrail arasında münasibətləri normaya salmaq istiqamətində potensialımız var".
 
Deputat qeyd edir ki, Azərbaycan həmişə olduğu kimi, indi də bu sahədə öz töhfəsini verməyə hazırdır:
"Yaxın və Orta Şərqin strateji əhəmiyyətli iki dövləti arasında münasibətlərdəki gərginlik regional sülhə və təhlükəsizliyə təhdiddir. Ona görə bu gərginliyin aradan qaldırılması bütün regionun maraqları baxımından, qlobal proseslər nöqteyi-nəzərindən olduqca zəruridir. Azərbaycan da bu məsuliyyətdən çıxış edərək, anoloji istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bildirib".
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında gərginlik son günlər daha da artıb. Bu, özünü xüsusən də Suriya məsələsinə baxışda göstərir. Bu iki dövlət arasında əvvəlki illərdə də gərginlik yaşanmışdı. Onun nəticəsi olaraq hətta səfirliklər geri çağırılmışdı. Lakin sonradan Azərbaycanın da vasitəçiliyi həmin gərginliyin azalmasına səbəb oldu. 
İsrail prezidenti hətta Ankaraya səfər etdi. Amma təəssüf ki, münasibətlər yenidən gərgindir. Deməli, gərginliyin aradan qaldırılması üçün yenidən Azərbaycanın önə çıxaraq vasitəçiliyinə ehtiyac var. 
Azərbaycan Prezidenti İlham Əliyev ADA-da "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda həmin məsələyə toxunaraq bildirib ki, Türkiyə ilə İsrail arasında yaşanan gərginlik ölkəmiz üçün də olduqca həyəcanlı və narahatedicidir. Çıxışında, dövlət başçısı "Şuşa bəyannaməsi”ni xatırladaraq, Türkiyə ilə strateji müttəfiq oduğumuzu diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Azərbaycanın İsraillə də geniş dostluq münasibətləri var: "Ona görə də bu iki ölkə arasında hər hansı anlaşılmazlıq bizi narahat edir".






Fikirlər